“Aktyor
ifaçı deyil, yaradıcı
olmalıdır...”
Xalq artisti Rafael Dadaşov: “Aktyorun xoşbəxtliyi canlandırdığı obrazlarla tamaşaçının yaddaşına həkk olunmasındadır”
“Aktyor
obrazı içində yaratmalıdır. Mətni əzbərləməklə
sən obrazı yalnız ifa edə bilərsən,
yarada bilməzsən. İfa
edilən obrazı isə tamaşaçı tez
unudur. Amma obrazı
canlı yaradanda, illər keçsə də,
unudulmur, daim
insanların yaddaşında yaşayır. İfaçı
və yaradıcı aktyorlar da beləcə seçilirlər. Aktyorun xoşbəxtliyi
canlandırdığı obrazlarla
tamaşaçının yaddaşına həkk
olunmasındadır”.
Bu fikirləri 70 illik
yubileyini qeyd etməyə
hazırlaşan tanınmış aktyor, Xalq artisti Rafael
Dadaşov deyir. Bəlkə
bu səbəbdən də illərdir sənətsevərlər
onun televiziya
tamaşalarından danışır, həyat verdiyi
obrazlarını heç vaxt
unutmurlar.
Xatırlatma
Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1976-cı ildən Akademik Dram Teatrının aktyor truppasında çalışır. Teatrın səhnəsində yaratdığı Zaur ("Ümid", M.İbrahimbəyov), Don Juan ("Bəşərin komediyası, yaxud Don Juan", M.İbrahimov), Klavdi ("Hamlet", U.Şekspir), Bəhram ("Fitnə", A.Şaiq), Vojevatov və Paratov ("Cehizsiz qız", A.Ostrovski), Rövşən ("Əliqulu evlənir", S.Rəhman), Knyaz Xasay, Cəmil ("Xurşudbanu Natəvan", "Unuda bilmirəm", İ.Əfəndiyev), Özdəmir ("Afət", H.Cavid), Şeyx Nəsrullah ("Ölülər", C.Məmmədquluzadə) və digər bir-birindən maraqlı obrazlar tamaşaçılar tərəfindən sevilir, alqışlanır.
Aktyorun televiziya tamaşalarındakı rolları da yaddaşlarda dərin iz qoyub. Bu mənada Rüstəm ("Ötən ilin son gecəsi"), Sinyor Kavaler ("Mehmanxana sahibəsi"), Vasif müəllim ("Səni axtarıram", "Bağışla"), Həmid ("Yollar görüşəndə"), Orxan ("Topal Teymur"), Həmid ("Ordan-burdan"), Sahib ("Mənim günahım"), Rauf ("Göz həkimi") və başqa obrazlar onun aktyor ustalığının daha aşkar göründüyü unudulmaz örnəklərdir.
Geniş tamaşaçı kütləsinin sevgisini qazanan sənətkar 1987-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
“Taleyimizə sənətkar ailəsi kimi tanınmaq yazılıb”
Rafael müəllimlə görüşümüzdə ilk sualımız onun sənətlə yoğurulan nəsli barədə oldu.
- Mənim nənəm ilk səhnəyə çıxan Azərbaycan qadınlarından biri olub. Anam, atam, mən və qardaşım - bizim taleyimizə sənətkar ailəsi kimi tanınmaq yazıldı.
- Amma siz səhnəyə bir qədər gec gəlmisiniz...
- Bunun da səbəbi vardı. Mən Naxçıvanda rus məktəbini bitirmişdim və Azərbaycan səhnəsində rusdilli aktyorun qarşılanmasından ehtiyat edirdim. Həm də anam və atamın adının məsuliyyəti var idi. Amma zaman göstərdi ki, mən səhnədə olmalıyam. Sağ olsun, xalqımız da məni gözəl qarşıladı, rollarımı, obrazlarımı dəyərləndirdi. Artıq bu il 70 yaşım və səhnə fəaliyyətimin 40 illiyi qeyd ediləcək. Düzdür, buna qədər mən mədəniyyətin müxtəlif sahələrində çalışmışam, amma 40 ildir sırf səhnədəyəm. Teatra gəlişimin səbəbkarları isə unudulmaz rejissor Tofiq Kazımov və atam Məlik Dadaşovdur.
- Yaradıcılığınızı üç hissəyə bölmək olar: teatr, kino və televiziya tamaşaları...
- Gəlin, belə bölək: teatr, televiziya və kino. Çünki kinoda fəaliyyətim
elə də çox olmayıb, 6-7 filmdə çəkilmişəm.
- Axı siz televiziya
tamaşaları ilə
çox məşhurlaşmışdınız.
Bəs nə əcəb bu məşhurluq kinoya yol aça
bilmədi?
- Bilirsinizmi, bunun da öz səbəbləri
vardı. Qısaca demək istərdim
ki, gərək övladlar heç vaxt valideynlərinə görə cavab verməsinlər. Bu, düzgün deyil.
- Kinoda ilk filminiz hansı olub?
- Kinoya epizodik rolla gəldim. Arif Babayev məni 1967-ci ildə “İnsan məskən salır” filmində çəkdi.
1972-ci ildə “Var olun, qızlar”
filmində rol aldım. Ona qədər bir
çox filmlərə
dəvət alsam da, sonradan həmin
rollara başqa aktyorlar çəkildi.
Çox heyfsilənirəm
ki, gəncliyim getdi və çox
az filmdə
çəkildim.
- Kinoda Rafael Dadaşov deyəndə nədənsə
ağıla ilk olaraq
“Bəxt üzüyü”
filmi gəlir. Amma o vaxta qədər
siz teletamaşalarla ən çox sevilən aktyor kimi birinciliyi qoruyurdunuz...
- Bəli. Çünki həmin dövrə
qədər mən televiziya tamaşaları ilə məşhurlaşmışdım.
Bu tamaşalar bu gün də
qorunur, sevilir.
- Tamaşalardan aforizmə çevrilən ifadələriniz
var. Məsələn, “Balam,
alim olanda nə olar, alimlər
də rəqs etməyi bacarırlar?”...
- Aslan Qəhrəmanovun
məşhur trilogiyasının
"Səndən xəbərsiz"
teletamaşasında Vasif
müəllimin dilindən
deyilən bu fikir heç rejissor ssenarisində yox idi. Həmin fikrin
tamaşaya salınmasını
təkid etdim. Tamaşadakı toy səhnəsi də mənim təşəbbüsümlə oldu. Toydakı rəqs isə
sırf öz yaradıcılığımın məhsulu idi. Kinodan fərqli olaraq çox şadam ki, 30 ildən artıqdır çəkildiyim
tamaşalar nümayiş
olunur və rəğbətlə qarşılanır.
Bütün obrazlarım da
əsas və baş rollardır. O
tamaşaların hamısı
əsl aktyor, rejissor sənətinin məhsuludur. Belə olmasaydı, bu
gün qorunmazdı, sevilməzdi.
- Bu gün də teletamaşalarda, seriallarda
toy səhnələri lentə
alınır, amma bu qədər sevilib yadda qalmır...
- İlk növbədə
təbiilik lazımdır. Bir də
gərək obrazı
ifa etməyəsən,
yaradasan. Bu gün çox əfsus ki, gənc aktyorlar rolu ifa edib
getməyi daha üstün tuturlar.
- 80-ci illərdə hədsiz məşhurluğunuz sizə
mane olmurdu ki?
- O qədər də yox. Çünki teletamaşalara, teatra
gələnə qədər
mən Bakı Dövlət Sirkində proqram aparıcısı idim. O zaman sirkə maraq yüksək idi. 6 il orada
rejissor və aparıcı olmuşam. Şəhər əhalisi artıq
məni tanıyırdı,
kifayət qədər
populyar idim. Məhz bu faktura-görünüşümə
görə Tofiq Kazımov məni teatra dəvət etdi. Elə bir professional aktyor
deyildim ki, xariqələr yaradım,
mənə tələbat
olsun. Ona həmin dövrdə
səhnədə yeni
Don Juan lazım idi.
Tofiq müəllim də məhz bu səbəbdən
məni Akademik Dram Teatrına dəvət etmişdi. Teatrda ilk rolum da
"Bəşərin komediyası,
yaxud Don Juan"da (M.İbrahimov) Don Juan oldu.
Məşhurluq isə hərdən,
həqiqətən də,
mane olurdu. Adam bəzən sərbəst
olmaq istəyir, amma çərçivədən
çıxmaq olmur.
- Bu il 70 illiyiniz
qeyd edilir. Yaşınızın hansı dövrü
üçün daha çox darıxırsınız?
- Şeirlərimdən birində
yazmışam ki,
Bir gün çatsan yetmişə,
İllərinə nəzər sal.
Dönüb baxsan keçmişə...
Bu yaşda keçmişə
daha ciddi nəzər salırsan. Yaş artdıqca
həyata daha da məsuliyyətlə yanaşırsan. Atalar
yaxşı deyib: “Hər işi vaxtında gör”. Nə zaman, nə də yaş, o yaş deyil. Ən çox uşaqlığım
üçün darıxıram.
Bir də uşaqlıq dövrümdə olan fotolarım qorunmayıb.
Çox
heyfsilənirəm ki,
uşaqlıq xatirələrim
çox azdır.
- Niyə şeirlərinizi kitab şəklində çap etdirmirsiniz?
- Mən əsasən mahnı mətnləri yazıram. Özümə
şair demirəm...
- Yubileyə hazırlıq nə səviyyədədir?
- Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən, sağ
olsunlar, yubileyimlə bağlı “Müfəttiş”
əsərinin hazırlanmasına
göstəriş verilib.
Tamaşanın rejissoru Mikayıl
Mikayılovdur. Məşqlər gedir. İnşallah, yaxın aylarda
təqdim edilər.
Yubileyimlə bağlı ayrıca
yaradıcılıq gecəsi
nəzərdə tutulmur.
Bu tamaşa ilə
70 illik yubileyim qeyd ediləcək, tamaşaçılarımın görüşünə gələcəyəm.
* * *
Rafael müəllimlə söhbətimiz
zamanı səhnədə
çiyin-çiyinə çalışdığı
dahi aktyorları, ilk tərəf-müqabili olduğu
xalq artistləri İsmayıl Dağıstanlını,
Ağasadıq Gəraybəylini,
Nəcibə Məlikovanı,
Məmmədrza Şeyxzamanovu,
Məlik Dadaşovu minnətdarlıqla yada saldı. Bildirdi ki, aktyoru sənətdə
yaşadan xalqdır: “Tamaşaçı məhəbbəti və diqqəti bizi mənfi fikirlərdən yayındırır. Mən çox
bəxtəvər sənətkaram
ki, məni “brend aktyor” adlandırırlar.
Əgər xalqım məni
sevirsə, diqqət edirsə, mən davam etməliyəm.
Tanrı
mənə bu səhnəni və sevgini çox görməsin”.
Biz də sənətkarı
təbrik edir, cansağlığı və
yeni yaradıcılıq
uğurları arzulayırıq.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 6 aprel.-
S. 10.