Sənət zamanı geri qaytara bilir
Xalq rəssamı Cahangir Rüstəmovun 90 illik yubiley sərgisi
XX əsr
Azərbaycan realist rəssamlığının
tanınmış nümayəndələrindən
biri də Xalq rəssamı Cahangir Rüstəmovdur. Rəssamın yaradıcılığını
sevənlər onu anmaq üçün aprelin 1-də Azərbaycan
Milli İncəsənət
Muzeyinə toplaşmışdılar.
Sənətkarın 90 illik yubileyinə həsr olunmuş xatirə sərgisinin açılışında nazir
müavini Ədalət
Vəliyev çıxış
edərək Cahangir Rüstəmovun Azərbaycan
təsviri sənətinin
inkişafında gördüyü
böyük işlərdən
söz açdı. O, Rüstəmovlar
ailəsinin təsviri
sənət sahəsində
xidmətlərindən, bu
gün də həmin ənənələrin
ləyaqətlə davam
etdirilməsindən danışdı.
Muzeyin direktoru Çingiz Fərzəliyev mərhum rəssamın həyat və yaradıcılığı
haqqında iştirakçılara
bilgi verdi.
Xalq rəssamı,
Azərbaycan Rəssamlar
İttifaqının sədri
Fərhad Xəlilov sənətkarın əsərlərindəki
özünəməxsusluqdan, onun mövzularındakı
canlı həyatdan bəhs etdi.
Azərbaycan Rəssamlıq Akademiyasının
rektoru, Xalq rəssamı Ömər Eldarov mərhum C.Rüstəmovla dostluğundan,
onun sənətə gəlişindən, yaradıcılığındakı
millilikdən, insani keyfiyyətlərindən söz
açdı.
Xalq rəssamı
Fuad Salayev də rəssamı xoş duyğularla xatırladı.
Rəssamın oğlu Eldar Rüstəmov tədbirin təşkilatçılarına və gələn qonaqlara atasının yaradıcılığına verdikləri
yüksək dəyərə
görə sayğısını
ifadə etdi.
Sonra iştirakçılar sərgi
ilə tanış
oldular.
Sərgidə rəssamın müxtəlif
janrlarda çəkdiyi
əsərləri nümayiş
etdirilir. Onların içərisində sovet dönəminin əmək qəhrəmanlarının
portretləri, mənzərələr,
tematik tablolar yer alır. İrihəcmli tablolar əlvan
rəngləri, obrazların
milli görkəmi ilə sanki canlı olduqlarını göstərirlər. Buradan
bir düşüncə
yaranır: sənət
zamanı özündə
saxlaya, geri qaytara bilir. Sənət insana keçmişi yenidən yaşamaq imkanı yaradır. Bu əsərlərdə təsvir olunan sadə kənd zəhmətkeşləri, kolxozçular,
əmək qəhrəmanları
- hamısı bizim xalqın övladlarıdır.
Rəssam böyük ustalıqla
onların üzlərindəki
doğmalığı, gülüşü,
həyata inamı bugünkü soydaşlarına
çatdıra bilib.
Sənətin ölməzliyi bundadır.
Sərgidə rəssamın müxtəlif
illərdə çəkdiyi
“Bakı”, “Alüminium
zavodu”, “Tozağacı”,
“Kür mənzərəsi”,
“Şahdağ”, “Göyərçinlər”,
“Balaca köməkçi”,
“Axşam mənzərəsi”,
“Tələbə qız”,
“Rəfiqələr”, “Tarla
zəhmətkeşləri”, “Cənublular. Sosialist yarışının qalibləri”,
“Doğma yerdə”, “Yaşıl çay plantasiyası”, “Üzümçülər”,
“Natürmort”, “Müharibə
illəri”, “Komsomol briqadası”, “Kolxozçular”,
“Şəhidlərə ithaf”,
“Torpağın oyanması”
və s. başqa əsərləri nümayiş
olunur.
Bildirək ki, C.Rüstəmov 1926-cı ildə Şəkidə anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, lakin ailəsinin maddi çətinliyi üzündən təhsilini yarımçıq qoyub. Buna baxmayaraq, rəssam yaradıcılığından qalmayıb, dəyərli əsərlər yaradıb.
Rəssamın əsərləri Rusiya, Türkiyə, Bolqarıstan, Macarıstan, İran, Suriya, Livan, Rumıniya və başqa ölkələrdə nümayiş etdirilib, bir çox muzeylərin, qalereyaların fondlarında saxlanılır.
C.Rüstəmov 1982-ci ildə “Əməkdar rəssam”, 2004-cü ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 2007-ci ildə vəfat edib.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 6 aprel.- S. 8