“Xəyala dalan oğlan”
Bu günlər hamımızın
fikri-düşüncəsi cəbhədən gələn xəbərlərlə
bağlıdır. Düşmən
tapdağındakı Vətən torpağının azad edilməsi uğrunda igid oğullarımızın göstərdiyi
şücaətə, xoş soraqlı xəbərlərə
nə qədər çox seviniriksə,
cəbhədən gələn acı xəbərlərə
də üzülür, kədərlənirik.
Amma bu kədər də
bir özgə kədərdir. Vətən
torpağı uğrunda canından
keçənlərin qələbəni görə bilməyəcəyi
üçün təəssüf
qatılmış kədər. Haqq yolunda, Vətən uğrunda
dünyasını dəyişmiş əsgər
balalarımızın, zabit
qardaşlarımızın itkisindən dolayı nə qədər
də kədərlənsək də, savaşın siması budur...
Gənc istedadlar haqqında yazmaq, onlara mənəvi dəstək olmaq, sənət ruhlu, yaratmaq eşqli cavanları tanıtmaqdan xüsusi zövq duyuram. Amma bu yazını yazmağı, məzarının torpağı soyumamış əsgər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Samir Kaçayev barədə bu cümlələri qələmə almağı heç istəməzdim... Samirin ilk fərdi sərgisinin xəbərini yaymaq, ilk böyük uğurlarından söz açmaq, müəllifi olduğu abidənin açılışından reportaj hazırlamaq, onunla sənət arzularından və planlarından söhbət etmək daha xoş olardı. Adını qəzavü-qədər, qismət, alın yazısı qoymağımız fərq etməz: olan budur ki, gənc heykəltəraşın yaradıcılıq həvəsi ilə döyünən ürəyini düşmən gülləsi susdurdu. Samir Kaçayev 22 yaşının tamamına 2 ay iki gün qalmış, Vətən qarşısında oğulluq borcunu yerinə yetirən zaman şəhidlik zirvəsinə ucaldı.
Samirin facebook səhifəsinə baxıram. Paylaşımlarına fərqli bir nəzər salıram. 2015-ci il noyabrın 29-da sonuncu dəfə profil şəklini dəyişib. Şəkildə Xalq rəssamı Arif Hüseynov onu təbrik edir. Hər ikisinin üzündə xoş təbəssüm var. Arif müəllimi axtarıb tapıram. Bu fotonun tarixçəsi ilə maraqlanıram:
- Ötən ilin noyabrında Gənclər Fondu tolerantlıq ilə bağlı bir yaradıcılıq müsabiqəsi keçirirdi. Mən də münsiflər heyətinin sədri idim. Samirin işlərini görmüşdüm deyə, həmin müsabiqəyə qatılmağı ona məsləhət gördüm. Bu şəkil də mən mükafatı Samirə təqdim edərkən çəkilib. Heyf, çox istedadlı oğlan idi. Bircə təskinliyimiz var ki, Samir Vətən uğrunda, torpaq uğrunda şəhid oldu.
Neçə gündür ki, müxtəlif insanlar Samir Kaçayevin kiçik həcmli bir əsərinin fotosunu paylaşırlar: «Xəyala dalmış oğlan». Elə müəllifin özü kimi boy-buxunlu, görkəmində kişi zərifliyi duyulan bir fiqurdur. Müəllif bu heykəlcik üçün kimi model seçmişdi, kimə baxıb onu yapmışdı, bilmirəm. Amma əminəm ki, həmin gənc fiqurun görkəminə, cizgilərinə dinamizm bəxş edən Samirin sənət və həyat arzularıdır. Bu gün yarımçıq qalan arzuları. «Təki Vətən sağ olsun» deyərək düşmən gülləsinə tuş gələn neçə gəncin prototipi kimi görünür mənə bu heykəlcik!
Xəyalım isə bir qədər irəliyə uçur. Yaxın zamanların xəyallarında «Xəyala dalan oğlan» heykəlciyini nə Bakıda, nə də Samirin doğma şəhəri Şamaxıda yox, bu gün uğrunda döyüşdüyümüz torpaqlarda, bəlkə də Lələtəpə kimi, ondan da uca bir zirvədə əzəmətli abidə kimi görürəm. Bu heykəl qaytardığımız, müəllifinin qanı ilə sulanmış torpaqlarımızda mütləq ucaldılmalıdır! Bəlkə də tək yox, böyük bir abidə kompleksinin tərkibində olsun, amma ucaldılsın! Sevgidən doymamış, həyatdan kam almamış həlak olan Oğullarımıza Yaddaş Abidəsi kimi ucalsın! Biz həm də bu abidəyə baxıb ərazilərimiz uğrunda döyüşənlərin xatirəsini anaq ki, yaddaşımız bir daha korşalmasın, əbədi başabəla qonşuları bir də bağışlamayaq.
Samir facebook dostu olan tələbə yoldaşlarının adını gizli saxlayıb, onun dostluq siyahısı açıq deyil. Əgər elə olsaydı, dostların da fikirlərini öyrənə bilərdik. Hələ çox tezdir. Onun əzizləri, tələbə yoldaşları, dostları, müəllimləri bu itkinin acısından çıxmayıblar. Əsgərlik dostlarının isə vəzifələri böyükdür: onlar Samirin də əvəzinə döyüşürlər! Tanrı sizə yar olsun!
Deyirlər ki, gənc ikən, uşaq yaşında dünyasını dəyişənlər o dünyada mələk olub göylərdən əzizlərini, doğmalarını mühafizə edirlər. Bəlkə də bu balasını itirən analara, atalara təskinlik üçün uydurulmuş nağıldır, bilmirəm. Amma içimdə bir inam var ki, nəşi doğma Çuxuryurdda torpağa tapşırılan Azərbaycan ordusunun əsgəri Samir Kaçayevin ruhu səngərdə duran yoldaşlarının da üstünə bir mələk kimi görünməz qanadlarını gərib deyir: Haydı, qardaşlar, irəli! Qələbə bizim olacaq!
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 6 aprel.-
S. 6.