Gürcüstan teatrında Elçinin
“Şekspir” əsəri səhnələşdirilib
Gürcüstanın Ozurqeti şəhərindəki Ozurqeti Dövlət Dram Teatrında Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Teatrın bədii rəhbəri Vasili Çikoqidze bildirib ki, truppa 148-ci mövsümü Azərbaycan dramaturgiyasının parlaq nümunəsi ilə açır: “Bu, bizim xalqlarımız arasındakı dostluğun və qardaşlığın göstəricisidir”.
Daha sonra teatrın bədii rəhbərinin təklifi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vasili Çikoqidze bildirib ki, dost gürcü xalqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Sonra tamaşa nümayiş olunub. Aktyorlar Temur Kvirkveliya, Liya Markiaşvili, Gennadi Nikolaşvili, Levan Savinadze, Şorena Kvetadze və başqalarının çıxışı alqışlarla qarşılanıb.
Azərbaycanın Batumidəki baş konsulluğunun məsul əməkdaşı Arzu Mikayılov aktyorlara gül çələngi təqdim edib, onlara uğurlar arzulayıb. O, Azərbaycan dramaturgiyasına müraciət etdiklərinə və gözəl tamaşa hazırladıqlarına görə kollektivə minnətdarlıq edib.
Premyerada Ozurqeti şəhər bələdiyyəsinin, icra hakimiyyətinin rəhbər işçiləri, deputatlar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşanın quruluşçu
rejissoru Otar Kutaladzedi deyib: “Müasir Azərbaycan dramaturgiyası öz zənginliyi və
çalarlılığı ilə fərqlənir. Bu da bizdə maraq oyatdı və Xalq
yazıçısı Elçinin əsərlərinə
müraciət etdik. Elçinin
“Şekspir” əsəri daha
maraqlı göründü və bu pyes əsasında yeni tamaşa
hazırladıq. Düşünürəm ki,
aktyorlarımız tamaşadakı rolları məharətlə
ifa etdilər və biz
pyesin məğzini teatr
dilində tamaşaçılara çatdıra bildik”.
Mədəniyyət.- 2016.- 6 aprel.-
S. 5.