“Torpaqlarımızı işğaldan azad edək”

 

Mədəniyyət və tədris ocaqlarından müzəffər ordumuza dəstək

 

Aprelin 5-də Milli Kitabxanada cəbhədə qələbə qazanan Azərbaycan Ordusuna dəstək məqsədilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan himni səsləndirilib, sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov aprelin 2-də işğalçı Ermənistan silahlılarının cəbhə boyu ordumuzun mövqelərini, yaşayış məntəqələrimizi intensiv atəşə tutmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin hücuma keçərək mühüm əhəmiyyət kəsb edən yüksəkliklərə nəzarəti ələ keçirməsi, hərbçilərimizin döyüşlərdə rəşadət göstərməsi barədə danışıb. Azərbaycan xalqının Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayan direktor azadlığa gedən yolun itkisiz mümkün olmadığını söyləyib, şəhidlərin doğmalarına səbir diləyib.

Çıxış edən digər əməkdaşlar Azərbaycan Ordusunun gücünə inandıqlarını bildirib, ilk çağırışda xalqın Ali Baş Komandanın səsinə səs verməyə hazır olduqlarını qeyd edərək qəhrəman hərbçilərimizə daim zəfər arzulayıblar.

* * *

Son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Bakı Xoreoqrafiya Akademiyasında rəhbərliyin müəllim-tələbə heyəti ilə görüşü keçirilib.

Cəbhə xəttində düşmənlə döyüşlərdə şəhid olan hərbiçilərimizin və mülki şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev qeyd edib ki, Ermənistanın 20 ildən artıq Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək müqəddəs borcumuzdur. Son günlər cəbhə xəttində baş verən hadisələr, Ermənistanın təxribatçı fəaliyyəti nəinki Silahlı Qüvvələrimizdə igidliklə döyüşən əsgərlərimizi, eləcə də arxa cəbhədə vətəndaşlarımızı səfərbər edib. Azərbaycan sülhsevər siyasətinə sadiq qalaraq 20 ildən artıqdır ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar aparır. Lakin bu danışıqların nəticəsiz qalması bütün Azərbaycan vətəndaşlarından nəyin bahasına olursa-olsun Vətəni işğaldan qurtarmağı tələb edirbu yolda savaşa hazırıq.

Akademiyanın tədris işləri üzrə prorektoru Sevda Sadıxbəyova, elm və yaradıcılıq işləri üzrə prorektor Sonaxanım İbrahimova, elmi katib Vəfa Əliyev, müəllim Bəşarət Hüseynova bu fikirlərlə həmrəy olduqlarını bildirərək erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən danışıblar.

* * *

Aprelin 5-də Azərbaycan TurizmMenecment Universitetinin tələbə və müəllim heyətinin iştirakı ilə “Torpaqlarımızı işğaldan azad edək” şüarı altında mitinq keçirilib.

Tədbiri ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov açıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Dövlət himni oxunduqdan sonra söz alan müəllim və tələbələr qələbəyə aparan şərəfli döyüşlərə elə bu andan hazır olduqlarını bildiriblər. Vətən torpaqlarını işğalçılardan azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədiklərini vurğulayıblar. Mitinq “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə başa çatıb.

 

Mədəniyyət.-  2016.- 6 aprel.- S. 4.