Filmlərimiz Ekvador paytaxtında nümayiş
olunub
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ekvador Respublikası Mədəniyyət və İrs Nazirliyinin və bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə paytaxt Kitoda yerləşən FLACSO universitetində “Hökmdarın taleyi” bədii filminin təqdimatı keçirilib.
Tədbirdə ölkəmizin Braziliyadakı və Ekvadordakı səfiri Elnur Sultanov film haqqında məlumat verərək, ermənilərin tarixən Cənubi Qafqazda yaşamadıqlarını bildirib, onların XIX əsrdən başlayaraq əzəli Azərbaycan torpaqlarına köçürülməsinə dair tarixi faktlar və bunun sonradan regionda yaratdığı fəsadlar barədə danışıb.
Səfirlikdən bildirilib ki, bundan əlavə, Kitonun Kino İnstitutunda Xocalı soyqırımına həsr edilmiş “Dua” sənədli filmi təqdim olunub.
Təqdimatdan əvvəl çıxış edən səfir E.Sultanov Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzündən və 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc soydaşlarımıza qarşı törədilmiş soyqırımı barəsində iştirakçılara məlumat verib.
Sonra diplomat
ekvadorlu tamaşaçıların
çoxsaylı suallarını cavablandırıb. Hər iki film yerli
tamaşaçılar tərəfindən böyük
maraqla qarşılanıb.
Tamaşaçılara ispan dilində
müxtəlif materiallar təqdim olunub.
Mədəniyyət.- 2016.- 6 aprel.-
S. 4.