Silahlı Qüvvələrimiz qələbəyə inamımızı möhkəmləndirir

 

Mingəçevir Dövlət Dram Teatrında da son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı toplantı keçirilib. Teatrın direktoru Səxavət Məmmədov, Xalq artisti Zülfüqar Abbasov, baş rejissor Xəzər Gəncəli, Əməkdar artist, Milli Qəhrəman atası Akif Mirabov və digər çıxış edənlər vurğulayıblar ki, ordumuzun cəbhədə qazandığı uğurlar hər bir vətəndaşımızın qəlbində sevinc hissi yaradır. Bildirilib ki, xalqımızın birliyi, hər kəsin qələbə əzminə köklənməsi, biz teatr işçilərini də çox sevindirir. Mədəniyyət sahəsində çalışanlar da lazım gələrsə, əsgərlərimizlə birgə bir səngərdə dayanmağa, düşmənə qarşı döyüşməyə hazırdırlar.

* * *

Aprelin 5-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində təmas xəttində baş verən hadisələrlə əlaqədar əsgərlərə dəstək məqsədilə tədbir keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətənpərvərlik ruhunda mahnılar ifa olunub.

Məktəbin direktoru Əziz Qarayusifli ürək sözlərini söyləyərək hər kəsi vətənpərvərlik ruhlu xəbər və məlumatları internetdə bölüşməyə, qələbə inamımızı möhkəmləndirməyə səsləyib.

Məktəbin müəllimlərinin çıxışlarında Azərbaycan Ordusunun düşmən təxribatlarına layiqli cavab verdiyi vurğulanıb, Silahlı Qüvvələrimizlə fəxarət hissi ifadə olunub.

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 2.