Səsi əfsanələşən xanəndə

 

Azərbaycanın musiqi beşiyi Qarabağda muğam sənətinin inkişafında mühüm xidmətləri olmuş görkəmli sənətkarlardan biri də Hacı Hüsüdür. O, mahir ifaçılığı ilə yanaşı, muğamlarımızın təbliğinə də önəmli töhfələr verib.

 

Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində dünyaya göz açıb. Papaqçılıqla məşğul olan atası yaxşı sənətkar kimi tanınıb. Hüsü ilk təhsilini molla məktəbində alır və elə bu dövrdən onun məlahətli səsinin olduğu aşkara çıxır. Şuşada yaratdığı məktəbdə bir çox xanəndələri yetişdirən Xarrat Qulu onun səsini, musiqi duyumunu yoxlayır, qeyri-adi istedadını bəyənir və məktəbə qəbul edir. O, müəllimindən ifaçılığın sirlərini öyrənir.

Hüsü şuşalılar qarşısında ilk dəfə tarzən Sadıxcanın müşayiəti ilə “Çahargahoxuyur və alqışlarla qarşılanır. Səsinin şöhrəti Azərbaycan hüdudlarını aşır...

İran hökmdarı Nəsrəddin şah 1880-ci ildə Hacı Hüsünü Təbrizə, oğlunun toyuna dəvət edir. Məşhur İran musiqiçilərinin də çıxış etdiyi toy ziyafəti başa çatanda şah tərəfindən birinci mükafat Hacı Hüsüyə verilir.

Görkəmli musiqişünas Firidun Şuşinski araşdırmasında yazır: “Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi olan Hacı Hüsü, sözün həqiqi mənasında, böyük xanəndə olub. O, xanəndəlik sənətində yeni bir dövr açıb. Eyni zamanda bu sənəti yüksək bir məqama çatdırıb. O, nəinki muğam oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün sahələrində böyük ustad olub. Qədim xalq musiqisini sonsuz bir məhəbbətlə sevib. Şərq, eləcə də Azərbaycan səhnəsi lirik dramatik, tenor tipli səslər çox görüb. Lakin Şərqdə Hacı Hüsünün səsi kimi hərtərəfli tembr gözəlliyinə malik ikinci bir incə və təravətli səs olmamışdır”.

Sevimli müəllimi Xarrat Qulu dünyasını dəyişəndən sonra Hacı Hüsü tanınmış maarifçi Mir Möhsün Nəvvabla görüşərək ustadının xatirəsini yaşatmaq, musiqi məclisi yaratmaq fikrini ona bildirir. Beləliklə, ŞuşadaMusiqişünaslar məclisi”nin əsası qoyulur. Məclisin üzvləri sadəcə çalıb-oxumaqla kifayətlənmir, həmçinin muğam sənətini inkişaf etdirir və davamçılarını yetişdirirlər. Bəzi araşdırmalarda oxuyuruq ki, Hacı Hüsü ilk dəfə olaraq Şuşada “Xanəndələr ittifaqı” da yaradıb. Onun üzvləri arasında dövrün tanınmış ifaçılarından Keçəçioğlu Məhəmməd, Malıbəyli Cümşüd, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları olub.

Hacı Hüsü həm də Xurşudbanu Natəvanın çox hörmət bəslədiyi xanəndələrdən olub, onun məclislərində yaxından iştirak edirmiş. O, şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mansurovun məclislərinə tez-tez dəvət edilərmiş.

Hacı Hüsü Şərq klassiklərinin qəzəllərini böyük şövqlə, ilham və məhəbbətlə oxuyub. Bu səbəbdən də xalq arasında “gözəllik aşiqi” adlandırılıb, hətta haqqında əfsanə və rəvayətlər yaranıb. O, muğamlar üzərində günlərlə, həftələrlə çalışar, təkmilləşdirər, yeni-yeni guşələr və xallar əlavə edərmiş. Mənbələrdə göstərilir ki, o, “Rast”, “Şur”, “Mahur” və başqa muğamlara bənzərsiz yeniliklər gətirib. Musiqişünas F.ŞuşinskiQarabağ xanəndələri” kitabında yazır: “O, “Kürdü” muğamına “Şahnaz”ı əlavə edərək birlikdə “Kürdü-Şahnazoxuyub”.

Cəlilbəy Bağdadbəyov “Qarabağ xanəndələri haqqında xatirə” kitabında belə qeyd edir: “Hacı Hüsü oxuyarkən uzaq məhəllələrdən gəlib bu cazibəli səsə qulaq asardılar. Onun uzun nəfəsi, bənzərsiz zənguləsi var idi...”

Görkəmli sənətkar ömrünün müdrik çağlarında Həcc ziyarətində olur. Bundan sonra toy məclislərində oxuması xurafatçılar tərəfindən birmənalı qarşılanmır. O, bunlara əhəmiyyət vermədikdə ruhanilərin təzyiqlərinə məruz qalır.

Hacı Hüsü uzun müddət Şuşada Gövhər Ağa məscidində azan çəkər və içindəki yanğını minacatla söndürərmiş. Hərdən minbərdə əvvəlkitək ucadanSegahda oxuyar, zilə qalxar və zəngulələri ilə hər kəsi kədərləndirərmiş.

Ömrünün sonlarında Aşqabad şəhərinə köçən Hacı Hüsü burada ehtiyac içində yaşayır və 1898-ci ildə 59 yaşında vəfat edir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 15.