“Həyat sevməkdir. Narkotiksiz gələcək naminə!”

 

Aprelin 5-də L.və M.Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin mənzil-muzeyi ilə birgə “Həyat sevməkdir. Narkotiksiz gələcək naminə!” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə cəbhə bölgəsində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

L. və M.Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova tədbiri açaraq narkomaniyanın müasir dövrümüzdə bəşəriyyətin bəlası olduğunu bildirib, gənclərə sağlam həyat tərzi yaşamağı tövsiyə edib. Dahi musiqiçi M.Rostropoviçin yaradıcılığı haqda qısa məlumat verən direktor onun doğma vətəni hesab etdiyi Bakıdakı fəaliyyətindən və gənc nəslə dəstəyindən söz açıb.

Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə bu qəbildən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, Abdulla Şaiqin hər zaman yazıçılığından ziyadə müəllimliyi ilə fəxr etdiyini deyərək ədibin bütün ömrünü uşaqların maariflənməsinə həsr etdiyini deyib. Ü.Talıbzadə əsrin bəlası olan narkomaniya ilə bağlı gənc nəslin mütəmadi şəkildə maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Yaşar Bədəlli narkotik vasitələrin insan həyatına təsiri, onun törətdiyi fəsadlardan danışıb. Narkotik vasitələrdən necə qorunmaq haqda tədbir iştirakçılarını məlumatlandırıb, tövsiyələrini verib.

Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı videoçarx nümayiş olunub.

Abdulla Şaiqin mənzil-muzeyinin əməkdaşı Sevinc Musazadə A.Şaiqin “Həyat sevməkdir!” şeirini oxuyub. Tədbirin sonunda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında klassik musiqi əsərləri səslənib.

 

Mədəniyyət.- 2016.- 8 aprel.- S. 12.