Baletdə bir Nigar var...
Hər şey güzgünün
qabağında fırlanaraq rəqs etməkdən
başlayır. Belini düz
tutursan, qollarını yana
açırsan, ayaq barmaqlarının ucunda səntirləyə-səntirləyə
yeriməyə çalışırsan... Yox,
bunlardan əvvəl saçını əsl
balerina kimi
yığmalısan. Az qala
unutmuşdum! Əsas məsələ: ağ kolqotqa təkbaşına,
özü də ayaqlarında burulmadan geyinmək lazımdır. İndi radioda, kompüterdə,
lap elə telefonda xoşuna gələn musiqini
tapmaq, səsini ucaltmaq
mərhələsidir. Beləcə, başlayırsan!..
Güzgü nəyə lazımdır? Ona görə ki, hələ sənin tamaşaçın yoxdur. Hələ ki sən öz-özünə tamaşa edirsən. Qalanı - böyük səhnə, gur işıqlar, dəstə-dəstə güllər, tamaşaçıların salonu titrədən alqışları - bunlar sonra olacaq.
Yox, bu səhnə nə hansısa filmdəndir, nə də romandakı təsvirdən. Sadəcə, dünyanın hər yerində nə vaxtsa balerina olmaq arzusuna düşən Düyməcik kimi zərif qızcığazların hər kəsdən gizlin baş tutan ilk məşqləri təxminən bu cür baş verir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist Nigar İbrahimova ilə iş yerində, qrim otağında söhbət edirik.
Məşqdən təzə çıxıb, azacıq yorğun görünür. Bir qədər də sıxılsa da, yaxşı həmsöhbətdir. Verdiyim suallara lap əlaçı şagird kimi ətraflı cavab verməyə çalışır. Müsahibimin sıxıntısını aradan qaldırmaq, çəkingənliyini azaltmaq üçün yüngülcə zarafat edirəm. Görkəmimizdəki fərqə işarə vurub balerinanın qarşısında hətta normal çəkili qadının sıxılmalı olduğunu deyirəm. Nigar xanım hətta ən gözəl qadınların da öz xarici görkəmi ilə kompleks yaşadıqlarını deyib mənə təskinlik verir. Gülürük. Aramızdakı gərginlik də keçib gedir. İndi müsahibəyə başlamaq olar.
- Nigar xanım, ömrünü balet sənətinə həsr etmək fikri sizdə necə yarandı?
- Valideynlərim ixtisasca həkimdirlər, incəsənəti də çox sevirlər. Altı yaşım olanda anam məni xoreoqrafiya məktəbinə apardı ki, hələlik rəqs edim, həm uşaqlıq həvəsim keçsin, həm də qamətim düzgün inkişaf etsin... Demə, bu həvəs ötəri deyilmiş. Üstəlik, xoreoqrafiya məktəbində uşaqların fiziki hazırlığını, bədən quruluşunu yoxladıqdan sonra onları - milli rəqs və klassik rəqs, yəni balet bölməsinə istiqamətləndirirlər.
- Sözsüz ki, təkcə həvəs rol oynamayıb. İstedadın və fiziki görünüşün də rolu az deyil.
- Əgər təbiətdən uşağın plastikası varsa, davamlı məşqlər bu qabiliyyəti inkişaf etdirəcək. Amma bizim sənətimiz qeyri-adi sənətdir. Uşaqlıqdan təkcə fiziki yox, həm də mənəvi, psixoloji baxımdan möhkəmlənməli, öz üzərində işləməlisən. Biz səhnədə danışmırıq: sadəcə, musiqini dinləyərək hərəkət edir, müəllifin, quruluşçu baletmeysterin bu əsərdə demək istədiyini jestlərlə, konkret hərəkətlər qrupu ilə çatdırırıq.
- Salondan baxanda hər şey elə asan, elə rahat görünür ki... Halbuki baletdə yaranan hər obrazın arxasında uzun hazırlıq, məşq
prosesi durur. Gecələr sızıldayan
əzələlərin ağrısı
da bir tərəfdən...
- Elədir. Həqiqətən də, balet
əsəri tamaşaçıya
hazır, maraqlı geyimdə, hissləri çatdırmağa kömək
edən parlaq və fərqli qrimdə təqdim edilir. Amma tamaşaya qədər çox uzun, əziyyətli bir proses var. Məşq zalında hər bir hərəkəti xırdalıqlarınadək saatlarla,
günlərlə məşq
edirsən. Tərəfdaşınla da mütləq
bir-birini anlamalısan
ki, sənin oyunun tamaşaçıya
təsir etsin.
- Bu yerdəcə bir məqama toxunmaq istəyirəm. On ildən çoxdur ki, bizim teatrın
solistisiniz. Ara-sıra digər
teatrlarda çıxış
edirsiniz. Bu yaxınlarda Minskdə «Jizel» baletində əsas partiyanı ifa etdiniz. Hazır tamaşaya qəfil daxil olmaq çətin
deyil ki? Nə qədər klassik əsər olsa da, baletmeysterlərin
quruluşları fərqlidir...
- Elədir. Belarus Böyük
Teatrının repertuarındakı
«Jizel» tamaşası bizim alışdığımız
tərzdə tamaşaya
qoyulmayıb. Onların «Jizel»ində
daha zərif oynamaq lazımdır, tamaşa da bir növ qədim
qravüra rəsmlərini
xatırladır. Hətta teatrların
əksəriyyətinin imtina
etdiyi müəyyən
musiqi parçaları
da ifa edilir.
- «Jizel» hər bir balerina üçün
bir növ möhürdür. Əgər balerina Jizeli
ifa etmək üçün başqa teatra dəvət alırsa, deməli, o, artıq sənətkarlığın
müəyyən bir həddinə çatıb.
- Bəlkə də.
- Bəlkə də?
- O fikrinizlə razıyam ki, bir neçə
günün içində
tamam başqa quruluşda hazırlanmış
tamaşaya daxil olmaq çətindir. Həm də səhnələrin
ölçüsü də
başqadır. Məsələn, Kreml Baletinin səhnəsi hətta Böyük Teatrın səhnəsindən də
böyükdür. Səhnəni əhatə etmək, ifanla doldurmaq adama bir qədər
çətinlik yaradır.
Amma başqa teatrın səhnəsində öz
ölkəni, öz balet məktəbini təmsil etməyin məsuliyyəti ayrı bir hissdir. Bu hiss adamı fikrini cəmləşdirməyə vadar
edir, çalışırsan
ki, daha yaxşı, daha maraqlı çıxış
edəsən.
- Nigar xanım, baletdə nəyi öyrənmək olar, nəyi yox?
- Əgər zəhmətkeşsənsə,
yaxşı pedaqoqun varsa, ifa texnikan
mütləq mükəmməl
olacaq. Amma emosionallıq, hərəkətlərin
ifadəliliyi daxildən
gəlməlidir. Ola bilsin ki, zahirən
nəyisə təsvir
etməyi öyrənəsən.
Amma tamaşaçı
bu fərqi mütləq tutacaq! Tamaşaçı balet artistinin
energetikasını duyur.
Teatrdan da fərqli emosiyalarla ayrılır.
- Nə vaxtsa, ürəyinizdən keçib
ki, sözlü bir rol oynayasınız?
Məsələn, teatrda. Ya da iri planlar üçün
mənalı üz cizgilərinin tələb
olunduğu filmdə çəkilmək təklifi
almısınız?
- Yox, təklif olmayıb. Amma özümü dramatik
aktrisa kimi sınamaq maraqlı olardı.
- Təxminən bir ildir ki, çoxpilləli
tədris ocağı
kimi Bakı Xoreoqrafiya Akademiyası fəaliyyətə başlayıb.
Özünüzdə bu
sahədə elmi-pedaqoji
işə həvəs
hiss edirsinizmi? - Hələ
ki yox. Mən öyrənməyə
daha çox ehtiyac duyuram, nəinki öyrətməyə.
Hətta
başqa ölkələrə
qastrol tamaşasına
yollananda çalışıram
ki, orada mənimlə məşğul
olan pedaqoqlardan nəsə öyrənim.
Yəqin
ki, nə vaxtsa mən də təcrübəmi,
biliyimi gənclərlə
bölüşəcəyəm. Amma bu gün məni
səhnədə xaraktercə
bir-birindən fərqli
olan obrazlar daha çox cəlb edir.
«Min bir gecə»də Zübeydə və Şəhrizad, «Jizel»də
Jizel, «Romeo və Cülyetta»da Cülyetta,
«Don Kixot»da Kitri, «Françeska da Rimini»də Françeska,
«Yeddi gözəl»də
Hind gözəli və
Gözəllər gözəli,
«Qu gölü»ndə
Odetta-Odilliya, «Eşq və Ölüm»də Ölüm... Bu siyahını
uzatmaq da olar. Amma onun adı Nigardır. Adını daşıdığı dastan qəhrəmanı kimi mübariz və gözəl. Fərq ondadır ki, bu Nigar onu
səhnədə alqışlayıb
həyatda sevəcək
baş qəhrəmanına
hələ rast gəlməyib.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 8 aprel.- S. 11.