Kazanda Azərbaycanın turizm potensialının təqdimatı

 

Aprelin 11-də Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olanTour A Vent” şirkəti tərəfindən Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib.

 

Grand Kazan” hotelində təşkil olunan tədbirdə nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, “Tour A Vent” şirkətinin nümayəndəsi Yuliya Uba, eləcə də ölkəmizdə fəaliyyət göstərən “Jumeirah Bilgah Beach”, “Shamakhi Palace”, “Naftalan Hotel by Rixos”, “Intourist”, “Boulevard Hotel”, “Qarabağ SPA and Resort” (Naftalan) hotellərinin və “ŞahdağTurizm Mərkəzinin nümayəndələri təqdimatlarla çıxış ediblər. Çıxışlarda Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verilib, turizm məhsullarımız təqdim edilib.

Tour A Vent” şirkətinin nümayəndəsi çıxışında Kazan şəhərinin yaxınlığında yerləşən Ulyanovsk şəhərindən Bakıya açılması planlaşdırılan çarter reysləri haqqında məlumat verib. Qeyd edib ki, çarter reysin, hoteldə yerləşmə, transfer və sığortanın daxil olduğu tam turizm məhsulunun yaradılmasında Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları"nın (AZAL) böyük köməyi olub. AZAL-la əməkdaşlıq çərçivəsində belə çarter reyslərin Rusiyanın Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı və Kazan şəhərlərindən də açılması nəzərdə tutulur.

Təqdimatda Kazan şəhərinin və Rusiya Federasiyasının tur operatorları, jurnalistlər, qonşu şəhərlərin və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda keçirilən lotereya oyununda Azərbaycana turpaketlər qazanılıb.

Azərbaycanın turizm potensialının növbəti təqdimatı 12 aprel tarixində Ulyanovsk şəhərində keçirilib.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 16.