“Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri”

 

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində özbək alim, professor Saodat Muxammadovanın tərtibçisi olduğu “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitabın təqdimatı keçirilib.

Kitab Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunub.

Tədbiri giriş sözü ilə açan universitetin filologiya fakültəsinin dekanı, dosent İnomcan Azimov Azərbaycan ədəbiyyatına Özbəkistanda böyük maraq göstərildiyini və iki xalqın ədəbi əlaqələrinin qədim tarixi olduğunu bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrin əsas məqsədinin iki ölkənin ədəbi ictimaiyyətinə müasir dövrün şairlərinin əsərlərini təqdim etmək olduğunu deyib, Azərbaycan şairlərinin şeirlərinin özbək dilində, özbək şairlərinin əsərlərinin isə Azərbaycan dilində verildiyini diqqətə çatdırıb.

Azərbaycanşünas alim, professor Marğuba Mirqasımova, alim, tərcüməçi Babaxan Şərif ədəbiyyatımızın oxşarlıqlarından bəhs edib, nəşrlə bağlı fikirlərini bölüşüblər.

Sonda tərtibçi Saodat Muxammedova çıxış edərək əsərləri yer alan müəlliflər barədə məlumat verib, layihənin reallaşdırılmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 14.