“Əsl
yaradıcılıq standartlıqdan uzaq
olmalıdır”
“Tələbələrə deyirəm ki, yaradıcılıq iddianız olsun. Onda əsl sənətkar olacaqsınız”
Görkəmli
heykəltəraş, Xalq rəssamı,
AMEA-nın həqiqi üzvü, Azərbaycan
Rəssamlıq Akademiyasının rektoru
Ömər Eldarov qəzetimizin
suallarını cavablandırır.
Ömər Eldarov 1927-ci ildə qədim şəhərimiz Dərbənddə anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Sankt-Peterburqdakı İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən sərgi və müsabiqələrdə iştirak edib. Onun yaratdığı heykəllər xalqımızın mənəvi sərvətləri sırasındadır. 1958-1968-ci illərdə Rəssamlar İttifaqının katibi olub. 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
* * *
Onunla söhbətə qəmli notlarla son günlərdəki hadisələrdən başladıq. Qəzetimizdə də məlumat verildiyi kimi, aprelin 2-də Rəssamlıq Akademiyasının tələbəsi, gənc heykəltəraş Samir Kaçayev vətən uğrunda şəhid olub.
- Samir ötən il bizdə heykəltəraşlıq ixtisası üzrə bakalavr pilləsini əla qiymətlərlə bitirdi. Sonra magistraturaya qəbul olunub əsgər getdi. İki aydan sonra əsgərliyi başa çatacaqdı. Tələbə olmasına baxmayaraq, yaxşı işləri vardı. Akademiyanın 100-dən çox müəllim və tələbəsi ilə onun dəfn olunduğu Şamaxı rayonunun Çuxuryurd kəndinə getdik. Akademiyada orduya dəstək mitinqi də keçirdik. Fikrimiz var ki, akademiyada Samirin xatirə lövhəsini asaq.
- Ömər müəllim, ölkəmizdə Rəssamlıq Akademiyasının yaradılması ideyası necə yarandı?
- Uzun illər bizdə rəssamlıq
və heykəltəraşlıq yönündə təhsil
verən ayrıca ali təhsil müəssisəsi
olmayıb. Ona görə də bu sahə
üzrə təhsillərini davam etdirmək
istəyənlər gedib keçmiş
SSRİ-nin müxtəlif
respublikalarında oxuyurdular. 2002-ci ildə
Prezident Heydər Əliyev Rəssamlıq
Akademiyasının yaradılması haqqında fərman
imzaladı. Özü mənə demişdi ki, o, gəncliyində rəssam olmaq
istəyirmiş. O vaxt Azərbaycanda
rəssamlıq üzrə ali təhsil
ocağı olmadığına görə, indiki
Neft və Sənaye İnstitutunun
memarlıq fakültəsinə daxil olmuşdu. Ancaq həmişə
onda rəssamlığa güclü
meyl olub. Demək istəyirəm
ki, bu akademiyanın
yaradılmasının səbəbkarı Heydər
Əliyevdir. Hələ sovet dönəmində
o istəyirdi ki,
Bakıda ayrıca Rəssamlıq İnstitutu
açılsın. Onda bizdə rəssamlıq
təhsili verən yalnız Ə.Əzimzadə adına məktəb
idi. Mərkəzdən belə
məsləhət oldu ki,
öncə o vaxtkı İncəsənət
İnstitutunda rəssamlıq fakültəsi
yaradılsın. 1982-ci ildə indiki Mədəniyyət
və İncəsənət Universitetində rəssamlıq
fakültəsi yaradıldı. Sonra da başqa proseslər baş verdi, ayrıca institut məsələsi qaldı.
Təhsil
ocağımızda təsviri
sənət, memarlıq
və dizayn, sənətşünaslıq fakültələri,
eləcə də qrafika, rəngkarlıq, heykəltəraşlıq, dizayn,
memarlıq, geyim dizaynı, dekorativ-tətbiqi
sənət, humanitar və ictimai fənlər, təsviri incəsənət tarixi və nəzəriyyəsi
kafedraları fəaliyyət
göstərir. Akademiyada təcrübəli
və peşəkar müəllimlər çalışır.
Binamızın ümumi sahəsi 6500 kvadratmetrdir. Onun bir hissəsi
lap çoxdan tikilmişdi.
Bina yenidən bərpa olundu və üstəlik, yeni korpus da istifadəyə
verildi. Yeni korpusda 128 sinif
otağı, müxtəlif
fənn kabinetləri,
laboratoriya və emalatxanalar yaratmışıq.
Sinif otaqları, kabinetlər və təcrübə laboratoriyalarımız ən
yeni avadanlıqlarla təchiz olunub.
Bizim başqa
təhsil müəssisələrindən
fərqimiz çoxdur. Burada yaradıcı
insanlar təhsil alırlar, ona görə aurası da başqadır. Akademiyanın üçqatlı muzeyi var, orada
yalnız tələbələrin
işləri nümayiş
olunur. Bundan başqa, binanın
içində bütün
koridorlara tələbələrimizin
əsərlərini asmışıq.
Rəssam tələbələrin 10-u, heykəltəraşların isə
4-ü bir otaqda çalışırlar. Onların təhsil alması, çalışması üçün
hər cür şərait yaradılıb.
Burada əsl yaradıcı mühit var.
“Dünyada klassik
yolla gedən rəssam və heykəltəraşlar çox
azdır. Avropadan bir məşhur
rəssam gəlmişdi,
akademiyada sərgisini keçirdik. Haqqında
cildlərlə kitab yazılıb, di gəl ki, çəkdikləri
heç nə idi”
- Sizə elə gəlmirmi ki, son zamanlar rəssamlarımızın
əsərlərində intellektuallıq
aşağı düşüb.
Tamaşaçını silkələyən,
düşündürən əsərlərə az rast gəlirik.
- Bu, təkcə yaradıcı
insanlarla bağlı deyil. Bütün sahələrdə belədir. Son çağlar ölkədə
kitab oxuyanlar azalıb. Elə mənim nəvə-nəticələrim
də kitabdan çox telefona, internetə maraq göstərirlər. Qaldı bizim
sənətə, dünyada
bu sahədə çox pis vəziyyət yaranıb.
İndi dünyada, elə bizdə də konseptual, instalyasiya sənəti dəb düşüb. Mən onu
qəbul etmirəm, sənət saymıram.
Dünyada klassik yolla gedən rəssam və heykəltəraşlar
çox azdır.
Bizim akademiya akademik proqramla çalışır.
Onların rəssamlıq universitetlərində
bizim kimi ciddi dərs vermirlər. Avropadan bir
məşhur rəssam
gəlmişdi, akademiyada
sərgisini keçirdik.
Haqqında cildlərlə kitab
yazılıb, di gəl ki, çəkdikləri
heç nə idi.
Bizim millət
sənətdə çox
istedadlıdır. Mən yarım
ay Güney Azərbaycanda
olmuşam, orada xalça sənəti çox inkişaf edib. Hətta balaca uşaqlar elə gözəl xalçalar toxuyurlar ki... Burada kəndlərimizdən gələn çoxlu istedadlı tələbələrimiz
var. Neftçaladan bir
tələbəmiz Rubensin
heykəlini düzəldib.
Bu, çox yaxşı
göstəricidir. Akademiyada
hər il
ümumilikdə 120 nəfər
məzun buraxılır.
Onlardan
8-i heykəltəraş olur.
Bizim kimi ölkə üçün bu yaxşı rəqəmdir.
Xalqın incəsənətə meyl etməsi gözəl hadisədir.
Çox
olmasının ziyanı
yoxdur.
- Heykəltəraşlıqda da
bu gün mücərrəd, avanqard,
anlaşılmaz yöndə
işləyənlər artıb...
- Düzdür, ancaq akademiyada yalnız klassika öyrədirik. Elə əsər yaradanların da öz məntiqləri
var. O əsərlərdə obraz-filan olmur. Bunlar da hamısı Qərbdən gəlir.
Mənim
öz yolum var, indi də
ona sadiqəm. Klassika mənim üçün hər şeydir. Bütün istəklərimi yaradıcı
şəkildə onun
əsasında gerçəkləşdirirəm.
- Keçək sizin yaradıcılığınıza. Ən gözəl əsərlərinizdən
biri Xurşudbanu Natəvanın heykəlidir.
Onun çox maraqlı obrazı var, ancaq niyə yerə baxır?
- Bu, şəhərdə qoyulan
ilk əsərimdir. Onun üçün
çox götür-qoy
etdim, sonda qərara gəldim ki, belə olsun.
Çünki ona qədər
şəhərdə qoyulmuş
heykəllərin hamısı
üzü düz qabağa baxırdı.
Fərqlilik etmək istədim
və məncə, pis alınmayıb. Bu, sovet dönəmində
inqilabi bir hadisə idi. Əsərin
belə olmasına çoxlarını inandırmalı
oldum.
Eləcə də Füzulinin heykəlinin oturacağında
yaratdığım aktivlik
Bakıda hansısa heykəldə olmamışdı. Burada oturacaq
həm də yeni bir məzmun
daşımağa başladı.
Bu da yenilik
idi, dünya praktikasında mən görməmişəm.
Hüseyn Cavidin heykəlini hazırlayırdım. Heydər Əliyev
emalatxanama gəlib əsərin layihəsinə
baxdı, çox təəccübləndi. Əsərin
oturacağı yox idi. Mən onu obrazlarının
əhatəsində yaratmışam.
Bu da bir
yenilik və yaradıcı münasibətdir.
Əsl yaradıcılıq standartlıqdan
uzaq olmalıdır.
Bundan başqa, böyük şairin Naxçıvandakı
məqbərəsi üçün
büstünü də
düzəltmişəm. Orada Cavidin obrazını qızılgül buketinin
içərisində vermişəm.
Çünki o, qızılgülü çox sevirmiş. Ancaq klassik qaydalara görə, o da oturacağın üstündə
olmalıydı. Burada mən
tamam fərqli yanaşma elədim. Nəsə yenilik eləmək gərəkdir. Yaradıcılıq klassikadan başlayır, ancaq o, klassikada belə sərhəd tanımır. Bu mənim mövqeyimdir.
Akademiyamızın da
qarşısında bir
məqsəd var: klassik ənənələri
yaşatmaq!
- Sizin məşhur bir əsəriniz də var: “İlin
dörd fəsli”. Onu hansı ağacdan yonmusunuz?
- Qoz ağacından yonulub. Onda cavan idim, gücüm çox idi, yonurdum. Köməkçim də vardı.
O, dörd qoz kötüyüdür. Ağaclar hərəsi
bir rəngdə idi. Ağ kötükdən gənc qızı - yazı, qaradan yayı, payızı, qışı düzəltdim.
İndi həmin əsər rəngini bir az dəyişib. Oradakı obrazların hər
birini ayrı-ayrı yonmuşam, sonra birləşdirilib.
- Başqa hansı ağacdan heykəl yonmaq olur?
- Armuddan. Armud uzunömülü ağacdır, yaşlılarının
gövdəsi yoğun
olur. Mən qoz ağacından
çox heykəl düzəltmişəm. “Niyazi” əsərim armuddandır, “Rabindranat Taqor” qozdandır, “Mahatma Qandi” Afrikadan gətirilmiş ağacdandır.
- Heykəltəraşların köməkçiləri,
onların əsərini
böyüdən, üzünü
çıxaran ustalar
da olur. Onları yaradıcılığa ortaq
saymaq olarmı?
- Yox, hərənin öz işi var. Onların işi texnikidir. Biz öncə
kağızda, yaxud da plastilindən eskiz düzəldirik.
Sonra tamaşaçılar üçün
eskizi böyüdürük.
Palçıqda əsəri bitirdikdən
sonra forma düzəldəni
çağırırıq. O, gipsdən qəlib çıxardır. Bunun üçün
də böyük təcrübə gərəkdir.
Tuncdan töküləndə biz onların
işinə o qədər
də qarışmırıq.
Bizdə indi gözəl bir usta var, adı
Namiqdir. Bu işləri
çox gözəl bacarır. Qabaq Leninqradda da
onun kimi eləmirdilər. Tuncu
çox nazik tökür, sənətinin
“dili”ni bilir.
“İlin dörd
fəsli” əsərimin
gipsdən olan modelini bərpa etdim, tuncdan hazırlatdırdım. Çəkisi çox yüngüldür.
- Qranitdən, mərmərdən
yonulan heykəllərdə
heykəltəraşların zəhməti nə qədər olur?
- Bizdə Pinxos Sabsay vardı, milliyyətcə yəhudi
olub, Odessadan idi. Mərmərdən çox işi
var, ancaq onların heç birini özü yonmayıb. Özü ustalara məsləhət
verib. Onun heykəllərini ustalar yonub. O, Leninqraddan ən yaxşı ustanı çağırıb, ona
düzəltdirirdi. Usta peşəkar
olmalıdır, ölçülərlə
düzgün işləməyi
bilməlidir. Burada yanlış
olsa, daş gərəksiz bir şeyə çevriləcək.
Biz indi heykəlyonmada
fransız metodu ilə işləyirik.
Orta yüzillərdə italyan
üsulu ilə yonardılar. Usta mənə
kobud formaya qədər yardım edib. Bütün işlərimi sonda
özüm yonub, tamamlamışam.
- İndiki Azərbaycan
heykəltəraşlarından kimləri təqdir edirsiniz?
- Akif Əsgərov, Natiq Əliyev, Arif Qazıyev, Xanlar Əhmədovu təqdir edirəm. Açığı, heykəltəraşların çoxunda yaradıcılıq
iddiası görmürəm.
Bu, çoxlarında səthidir. “Fəxri ad alım, böyük heykəl düzəldim” - bunlar gərəksiz iddialardır.
Mən buradakı tələbələrə
də deyirəm ki, yaradıcılıq iddianız olsun. Onda əsl sənətkar olacaqsınız.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 13
aprel.- S. 10.