FransaMonteneqro ilə turizm əməkdaşlığı müzakirə edilib

 

Bakıda keçirilən “AİTF-2016” sərgisində iştirak edən Fransanın turizm sənayesi nümayəndələri aprelin 8-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla görüşüblər.

 

Görüşdə Fransanın turizm sahəsində əldə etdiyi nailiyyətlər barədə danışılıb və bu təcrübənin Azərbaycan üçün faydalı olduğu qeyd edilib. Fransa turizm şirkətlərinin nümayəndələri, təbliğat, MİCE turizmielektron marketinq üzrə mütəxəssislər ölkəmizin geniş turizm potensialına malik olduğunu qeyd edərək, AİTF sərgisinin bu potensialın dünya turizm bazarına çıxarılmasına töhfə verəcəyini bildiriblər.

Söhbət zamanı Azərbaycanın Fransada təbliğatının davam etdirilməsi, may ayında Parisdə Azərbaycanın turizm imkanlarına dair təqdimat-seminarın təşkili, həmçinin Fransanın Turizm Assosiasiyası (SNAV) tərəfindən iyun ayında Azərbaycanda keçiriləcək tədbir barədə müzakirələr aparılıb.

Nazim Səmədov iki ölkə arasında turizm əməkdaşlığının müsbət dinamikası, son illər ərzində turist səfərlərinin artması və turizm şirkətləri arasında əlaqələrin genişləndirilməsindən məmnunluğunu ifadə edib. Nazir müavini sonda qonaqlara Bakı ilə yaxından tanış olmağı, qədim abidələri ziyarət etməyi tövsiyə edib.

* * *

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun Monteneqronun Çetinye şəhərinin meri Aleksandr Boqdanoviçlə görüşündə də turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Nazir müavini Azərbaycanla Monteneqro arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.

A.Boqdanoviç “AİTF-2016” sərgisinin yüksək səviyyədə təşkil edildiyini deyib və tədbirin xarici turizm şirkətlərinin Azərbaycanın turizm imkanları ilə tanışlığı üçün mühüm fürsət olduğunu bildirib.

Qonaq Çetinye şəhəri barədə məlumat verərək, onun ekoloji cəhətdən təmiz olduğunu, şəhərdə müxtəlif ekoloji layihələrin həyata keçirildiyini vurğulayıb.

Nazim Səmədov paytaxtımızda həyata keçirilən “Bakı Şəhər” layihəsi və ölkəmizdə alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində aparılan işlər barədə qonaqları məlumatlandırıb.

Sonda qonaq səmimi qəbula görə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 9.