İrəvan teatrı Türkiyədə qastrol səfərindədir

 

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Anadolu” Aydınlar Ocağının “Mədəniyyət və sənətdə qardaşlıq” layihəsi çərçivəsində aprelin 4-dən Türkiyədə genişmiqyaslı qastrol səfərindədir.

 

Qarsdakı baş konsulluğumuzun dəstəyi əsasında kollektiv İğdır, Qars və Ərzurum şəhərlərində teatrsevərlərin qonağı olub.

Əvvəlcə teatrın kollektivi adından İğdırdakı Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə əklil qoyulub.

Sonra truppa Heydər Əliyevin xatirəsinə həsr olunmuşNurlu ömrün anları” mənzum tamaşasının qısa formasını abidənin önündə nümayiş etdirib. İğdır valisi Davut Haner, vilayətin digər rəhbər işçiləri, Azərbaycanın Qarsdakı baş konsulluğunun əməkdaşı Fariz Cəfərov və digər şəxslər də tamaşaçılar arasında olublar.

Kollektivin Qars səfəri də Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin heykəlini ziyarət olunması ilə başlayıb. Burada “Cümhuriyyətin ilk sədası” tamaşasından səhnəcik göstərilib.

Tamaşa Qarsdakı Xalq Təhsil Mərkəzində oynanılıb. Sonra Azərbaycanın Qars şəhərindəki baş konsulu Ayxan Süleymanlı, Qars bələdiyyəsinin sədri M.Karaçanta, Qarsdakı Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Mehmet Tekel və başqaları tamaşa barədə təəssüratlarını bölüşüblər.

Qastrol səfəri barədə məlumat verən teatrın direktoru İftixar Piriyev bildirib ki, məqsəd Türkiyə və Azərbaycanın həmrəyliyini bir daha dünyaya çatdırmaqdır.

Ərzurum şəhərində də tamaşaçıların görüşündə olan kollektivin növbəti çıxışları İstanbulda olacaq.

Qastrol səfəri aprelin 24-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 7.