Dövlət Kukla Teatrı beynəlxalq festivala
dəvət alıb
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir beynəlxalq festivala dəvət alıb. Teatr 15-19 aprel tarixində Rusiyanın İvanovo şəhərində keçiriləcək XI beynəlxalq “Muraveynik” kukla teatrları festivalında çıxış edəcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivalda ölkəmizlə yanaşı ev sahibi Rusiyanın bir neçə məşhur kukla teatrı, həmçinin Türkmənistan, Qazaxıstan, Dağıstan və digər ölkələrin kuklaçıları öz tamaşalarını təqdim edəcəklər.
Festivala Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılacaq kollektiv uğurlu səhnə işlərindən olan “Ağ və Qara” tamaşasını göstərəcək. Əsərin müəllifi və tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdandır. Rolları Rəhim Rəhimov, İqbal Əliyev, Cavid İbrahimov və Lina Məmmədova ifa edirlər.
Bundan öncə iki beynəlxalq festivalda uğurla iştirak etmiş səhnə
əsərində kor uşağın taleyi, onun gözlərinin
günəş tərəfindən açılmasından sonra dünyanı seyr etməsi,
gözəlliklərdən zövq
alması, qara qüvvələrlə
rastlaşması və mübarizəsi əksini tapıb.
Mədəniyyət.- 2016.- 4 aprel.- S. 5.