Şəhidlər ölməz, vətən bölünməz!

 

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda “Mi-24” helikopterinin vurulması zamanı şəhid olan pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə, baş leytenant Əbubəkir İsmayılov, eləcə də polkovnik-leytenant Murad Mirzəyev aprelin 11-də son mənzilə yola salınıblar.

 

Qəhrəman zabitlərlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhidlərin ailə üzvləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və valideynlərinə başsağlığı verib.

Müdafiə naziri Zakir Həsənov mərasimdə çıxış edərək deyib: “Bu gün burada danışmaq çətindir, amma biz həqiqəti deməliyik. Yüz illərdir erməni faşistləri bizə qarşı cinayətlər törədirlər. Bu cinayətin qarşısı alınmasaydı, yenə davam edəcəkdi. Şəhidlərimiz bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə böyük ruh yüksəkliyi var. Şəhidlərin qisası alınacaq və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Heç kəs buna şübhə etməsin”.

Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani şəhidlərin tərcümeyi-halı və keçdikləri şərəfli döyüş yolu haqqında məlumat verib.

Qeyd edib ki, Azərbaycan Ordusu Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısını layiqincə alıb, düşmənin xeyli canlı qüvvəsini, silah və texnikasını məhv edib. Bu döyüşlərdə biz də şəhid verdik. Neçə illərdir düşmən tapdağında çox əlverişli yüksəkliklər Azərbaycan əsgərinin nəzarəti altına keçib. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.

Şəhid anaları adından çıxış edən Rəna İsmayılova övladlarımızın Vətən yolunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmasından qürur duyduğunu deyib. O, göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra şəhidlərin cənazələri son mənzilə yola salınması üçün ikinci Fəxri xiyabana gətirilib. Şəhidləri son mənzilə böyük insan seli yola salıb. “Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndirilib. İgid qəhrəmanlarımız yaylım atəşi altında torpağa tapşırılıb.

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 4.