Folklor paytaxtı”

 

Bakıda Qusar rayonunun təqdimatı keçirildi

 

Mədəniyyət və Turizm Nazirliyinin ötən ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini regionlarımızın sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edir. Layihə çərçivəsində 2015-ci ildə Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, Zaqatala, bu il isə AbşeronŞuşa rayonlarının təqdimatları keçirilib.

 

Aprelin 11-də Gənc Tamaşaçılar Teatrında gerçəkləşən növbəti təqdimat isə nazirliyinXalq yaradıcılığı paytaxtları” proqramı üzrə 2016-cı ildə “Azərbaycanın folklor paytaxtı” elan olunmuş Qusar rayonuna həsr edilmişdi.

Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində qurulmuş sərgi ilə tanış oldular. Burada rayonun tarixini, mədəniyyətini, sosial-iqtisadi nailiyyətlərini, folklorunu, turizm imkanlarını əks etdirən stendlər, eləcə də rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri nümayiş olunurdu.

Sərgilərlə tanışlıqdan sonra teatrın zalında təqdimat mərasimi davam etdi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionların inkişafına müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müvafiq dövlət proqramlarının icrası nəticəsində Qusar rayonunda da yeni mədəniyyət ocaqları yaradılıb, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb, turizm təsisatları istifadəyə verilib.

 

 

 

 

2015-ci ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsinin əhəmiyyətindən danışan Əbülfəs Qarayev qeyd etdi ki, layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilir, bədii kollektivlərin konsertləri keçirilir: “Layihə ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradıb. Bugünkü tədbir layihə çərçivəsində 12-ci təqdimatdır. Bu tədbirlərin hər birində bölgələrimizin mədəni özünəməxsusluğunu, zənginliyini daha aydın müşahidə edirik”.

Nazir bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ilielan edilib. Vurğulandı ki, Azərbaycanda "Multikulturalizm ili"nin elan olunması ölkəmizdə yaşayan azsaylı xalqlara, onların mədəniyyətinin inkişaf etdirilməsinə verilən önəmin bariz nümunəsidir. Aprelin 25-dən 27-dək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanda mövcud olan tolerantlıq mühitini bir daha dünyaya çatdıracaq. Qusar rayonu da azsaylı xalqların yaşadığı bölgələrimizdən biridir. Bu çərçivədə ölkəmizdə müxtəlif tədbirlər keçiriləcək. Bu il həm də Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Qusar rayonu ölkəmizin "Folklor paytaxtı" elan olunub. Layihə çərçivəsində müxtəlif tədbirlər və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Nazir onu da diqqətə çatdırdı ki, son illər həyata keçirilən layihələr nəticəsində Qusar rayonu Azərbaycan turizmində mühüm yer tutur: "Qusar rayonu təbiəti, zəngin mədəniyyəti və qədim tarixi abidələri ilə insanları cəlb edir. Əhalinin qonaqpərvərliyi, milli mətbəxi də turizmin inkişafına müsbət təsirini göstərir. Burada yaradılan “ŞahdağTurizm Mərkəzi ölkəmizin həm qış, həm də yay turizmində xüsusi önəm daşıyır. Təkcə onu qeyd etmək yerinə düşər ki, “ŞahdağTurizm Mərkəzi bu ilin qış turizm mövsümündə 75 mindən çox turistə xidmət göstərib".

 

 

 

 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək bildirdi ki, “Bölgələrdən paytaxta” layihəsi Qusar sakinlərinə öz mədəniyyətini, folklorunu, turizm potensialını nümayiş etdirmək imkanı yaradıb. Rayonda mədəniyyət abidələrinin bərpa edilməsi, mədəniyyət obyektlərinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində işlər görülüb. Bölgənin turizm potensialından danışan icra başçısı qeyd etdi ki, Qusar əsrarəngiz təbiətə malik, müxtəlif növ turizm xidmətlərini təqdim edən rayondur.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olundu. Qusar rayonunun müasir inkişafını, tarixi-mədəni zənginliyini əks etdirən videoçarx nümayiş olundu.

Mərasim rayonda fəaliyyət göstərən incəsənət ustalarının konsert proqramı ilə başa çatdı.

Fariz

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 3.