“Qırmızı bağ” bədii filminin təqdimatı

 

Aprelin 12-də Nizami Kino Mərkəzində “Qırmızı bağ” bədii filminin təqdimatı keçirildi. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Mediakino şirkəti tərəfindən istehsal olunub.

 

Mərasimdə əvvəlcə son günlər cəbhədə şəhid olmuş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təqdimatda çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov Azərbaycan kinosunun inkişafı ilə bağlı görülən işlərdən danışdı, son dövrlərdə istehsal olunmuş filmlərimizin bir çox ölkələrdə nümayiş olunduğunu, ayrı-ayrı ölkələrin kino şirkətləri ilə müştərək layihələrin həyata keçirildiyini bildirdi. Bu gün təqdimatı keçirilən filmin də maraqlı ssenarisi olduğunu qeyd edən direktor ekran əsərinin izləyicilər tərəfindən seviləcəyinə əminliyini ifadə etdi.

Sonra filmin yaradıcı heyəti səhnəyə çıxdı. Ssenari müəllifi və quruluşçu rejissor Mirbala Səlimli film haqqında məlumat verdi.

Bildirdi ki, filmin çəkilişinə 2011-ci ildən başlanıb. Əvvəlcə bu "Salnamə" kinostudiyasına tapşırılmışdı, sonradan "Azərbaycanfilm" kinostudiyasına həvalə olundu. Bu üzdən prosesdə müəyyən ləngimələr yaranıb.

Çəkilişlər əsasən Şəkidə aparılıb. Son səhnələr isə Gəncədə çəkilib. Filmdə təqribən 50 nəfər rol alıb.

 Yaradıcı heyətin digər üzvləri də çıxış edərək fikirlərini bölüşdülər.

Qeyd edək ki, ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“Vayt Media”).

Əsas rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev canlandırıblar.

Film vaxtilə babaları bəy olmuş müəllimin həyatından bəhs edir. Ekran əsərində insanın öz eqoizminə necə qalib gəlməsi təsvir olunur. Filmin ideyasına görə, təbiətin bir parçası olan insan təbiəti qorumalıdır.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 13 aprel.- S. 2.