“Azərbaycan
xalqı milli mədəniyyətinə hər
zaman sahib
çıxıb”
İrfan Gürdal: “Türkiyədə çövkəni yenidən canlandırmaq niyyətindəyik və bu sahədə Azərbaycanla əməkdaşlıq qura bilərik”
İrfan Gürdal türkdilli xalqlar
arasında mədəni əlaqələrin bərpası və
inkişafına öz töhfələrini
verən simalardandır. Sibirdən Orta Asiyaya qədər türk xalqlarının musiqi
nümunələrini bir araya
gətirərək, verdiyi konsert
proqramları ilə onları daha da yaxınlaşdırıb, “mədəniyyət
xalqlar arasında ən gözəl körpüdür” deyimini
əməli işlə isbatlayıb. Uzun
illər TRT-nin Türk
Musiqi Topluluğuna rəhbərlik
etmiş İrfan Gürdalla söhbətimizdə bu məsələlərə toxunduq.
- İrfan bəy, məlum səbəblər üzündən türkdilli xalqlar uzun illər bir-birindən uzaqlaşdırılıb. Türkləşmə dediyimiz prosesin rüşeymləri ötən əsrin 90-cı illərində yenidən cücərməyə başladı. Amma siz bu fəaliyyətə 80-ci illərdən başlamısınız. Əlaqələrin zəifliyi, informasiya yetərsizliyi şəraitində türk xalqlarının ənənəvi musiqilərini toplamağa necə nail ola bilirdiniz?
- Musiqiyə marağım uşaqlıqdan var idi. Hələ 80-ci illərdə tələbə ikən universitetdə xalq musiqi topluluğunda (ansambl - red.) çalışırdım. Universiteti bitirdikdən sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Türk Xalq Musiqi Xoruna imtahan verib saz sənətçisi kimi işə başladım. O zaman Türkiyədə yaşayan müxtəlif xalqlar bizə yardım edirdilər. Təəssüf ki, onlar çox tanınmırdılar. Məsələn, İstanbulda Topqapı məhəlləsində Əfqanıstandan gələn türkmənlər yaşayır. Eyni zamanda Adanada yaşayan Özbəkistan kökənli türkmənlər var. Onlara Türkiyədə “əfqan” deyə müraciət edirdilər. Onlar isə “biz türkük” deyirdilər. Onların mədəniyyətlərinə hörmətlə yanaşan insanlara qapıları açarlar. Əslində, bizdən öncə İstanbulda bu işlə məşğul olan bir həvəskar qrup olmuşdu. Onların fəaliyyətləri də bizə işıq tutdu. Ankarada təsadüfən tanış olduğum Əfqanıstandan gələn özbək kökənli bir dostumla birlikdə fəaliyyətə başladıq. Bu tarix 1985-ci ilə təsadüf edir. Ankarada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Dərnəyinə, Krım Türkləri Mədəniyyət Dərnəyinə davamlı gedərdim. Belə bir çevrənin içərisində bu iş yavaş-yavaş bişdi və peşəkar səviyyəyə çatdı. 2000-ci ildə isə artıq Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə rəsmi şəkildə Türk Dünyası Musiqi Topluluğunu qurduq. “TRT Avaz”da da bir proqramçı kimi çalışdım.
- Bəs bu xalqların öz ölkələrində konsert proqramları ilə çıxış etdinizmi?
- Təbii ki... Amma mən həmin dövrdə olan vəziyyətdən də bəhs etmək istərdim. Bildiyiniz kimi, sovet dönəmində türk xalqlarını bir-birindən ayrı salmaq siyasəti yeridilirdi. Bu gün belə bunun izləri görünməkdədir. “Türk dünyası” anlayışını Azərbaycanda dilə gətirdikdə, ağlına Azərbaycan və Türkiyə gəlir. Qazaxıstana gəlincə, onların da düşüncəsində türk dünyası Qazaxıstan və Türkiyədən ibarətdir. Yəni Qazaxıstanla Azərbaycanın da içində olduğu türk dünyası qavrayışı hələ də oturuşmayıb. Daha öncə bu coğrafiyanın adı Türküstan idi. Sovet dönəmində isə “qazaxlaşma”, “qırğızlaşma” kimi bölgülər başladı. Türkçülük şüuru 90-cı illərdən güclənməyə başladı. İlk dəfə peşəkar konsert proqramı ilə Bosniyada çıxış etdik. “İpək Yolu” adlı həvəskar topluluğumuz var idi. 1996-cı ildə Qırğızıstanda konsert vermişdik. Təsəvvür edin, qazax tamaşaçısı repertuarında Azərbaycan, özbək, qırğız, qazax musiqisi ifa edilən bir ansamblı dinləyir. Qazax tamaşaçısı əslində özbək musiqisini belə az eşitdiyi halda, Türkiyədən gələn bir ifaçı ona bu ifanı da təqdim edir. Bununla da beyinlərdə bir “Türk dünyası birliyi” qavrayışı formalaşmağa başlayır. Yəni konsertlərimizin ən böyük əhəmiyyəti də budur. Qazaxıstanda ənənəvi Türk Dünyası Musiqi Festivalı keçirilir. Onun təqdimatı iki dildə - qazax və türk dillərində aparılır. Bir neçə dəfə orada aparıcı kimi iştirak etdim və Türkiyə türkcəsində və qazax türkcəsində təqdimatlar etdim. “Türkləşmə” dediyimiz anlayışın güclənməsi baxımından belə tədbirlər çox faydalıdır.
- Müxtəlif türk xalqlarının musiqilərini toplamaqla yanaşı həm də onların dillərini öyrənmisiniz və elə onların öz dillərində də ifa edirsiniz. Çətin deyil ki?
- Bəlkə də XVII əsrə qədər
türk dünyasının dili bir-birindən fərqli deyildi.
Bu fərqlilik də sonrakı dövrlərdə
ortaya çıxdı. Bugünkü
Türkmənistan türkməncəsini anlamaq
çətindir. Amma Məhtimqulunun şeirini oxuduqda bütün sətirləri bir-bir
anlaya bilərsiniz. Önümüzə Yunus Əmrəni, Aşıq Ələsgəri,
Qaracaoğlanı, Məhtimqulunu qoysaq, bütün türk
dünyası bunları anlar. Demək istəyirəm
ki, o dönəmin dili ortaq idi.
Türk dillərində baş
verən bu fərqlər də zamanla, bəlli tarixi şəraitlərdə
baş verib.
Hazırda özbək, qazax dillərində
danışa bilirəm. Türkməncə isə bir az çətindir. Bizim aramızda əlaqələrin yenidən
güclənməsinin əsas yolu mədəniyyətdir.
Biz eyni mədəniyyətin
övladlarıyıq, dünyanı qavrama
biçimimiz, ruh
halımız eynidir. Bunun
dinlə də bağlantısı yoxdur. Çünki müsəlman olmayan
türk boylarında da
eyni davranışı görmək mümkündür. Sibirə qədər getdim və oradakı Tuva
türkləri ilə çox yaxın
münasibətlər qurdum. Hətta Tuvada keçirilən konsert
proqramlarında iki dəfə jüri üzvü kimi də iştirak
etmişəm. Çuvaşiyadan başqa bütün türkdilli ölkələrdə konsert proqramları ilə
çıxış etdim. TÜRKSOY-la da əməkdaşlıq
edirik. Onların layihəsi çərçivəsində
Balkanlarda konsert
proqramları ilə çıxış etdik.
Novruz bayramında onlarla
birgə fəaliyyətlərimiz olur.
Türkiyə Mədəniyyət və Turizm
Nazirliyi ilə da
yaxından əməkdaşlıq edirik. Bildiyiniz kimi, bu il
UNESCO-da “Əhməd Yasəvi ili”dir. Türkiyədə ilk dəfə
4-5 il öncə onun bəstələrini albom halına mən salmışam. Bu mövzuda da
layihələr həyata
keçirəcəyik.
- Azərbaycanda necə, konsert verdinizmi?
- Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə iki dəfə
konsert proqramı ilə çıxış
etdik. Əlbəttə, bizim üçün
Türkiyə ilə Azərbaycanın heç
bir fərqi yoxdur. Yəni Ərzurumda biz nə
qədər rahatıqsa,
Bakıya gedərkən
də oxşar hissləri keçiririk.
Eyni zamanda Türkiyəyə gələn Azərbaycan sənətçilərini də
“TRT Avaz”dakı proqramıma
dəvət edirdim.
Nəticədə bizi tanıyan
geniş bir çevrə meydana çıxdı və hər biri ilə
də dostlaşdıq.
Bu günə qədər Bakıda üç dəfə olmuşam. Azərbaycan xalqı öz
milli mədəniyyətinə
hər zaman sahib çıxıb, ənənəvi
musiqisini heç vaxt unutmayıb və pop musiqisinin təsiri altında yox olmasına icazə verməyib, əksinə, daha da inkişaf etdirib. Bu mənada
mən hər zaman Azərbaycana bir heyranlıq hissi duyuram.
- Türk dünyasının
ənənəvi atüstü
oyunlarına da maraq göstərirsiniz, “Atın türküsü”
adlı albomunuz da var...
- Həmin albomu 2004-cü ildə türk xalq musiqisində atla bağlı türkülərdən hazırladım.
Çünki gördüm ki,
türk musiqisində atın çox böyük təsiri var. Ərəb musiqisində dəvənin səsləri,
yerişlərindən istifadə
olunur. Əgər elədirsə, tarix
boyu türklərin də atlarla münasibəti musiqidə
əks olunmalıdır.
Elə bu düşüncə ilə də çalışmağa başladım.
Gördüm ki, həqiqətən də,
bizim musiqimizdə atın ritmi var. Bunu göstərən nümunələrdən ibarət
bir albom hazırladım: “Atın türküsü”. Həmin albomda
musiqisi, sözləri,
ya da ritmi
ilə atı xatırladan, Azərbaycan da daxil olmaqla,
türk dünyasından
musiqi nümunələri
var. Uşaqlıqdan ata
sevgim olub. Sonra bir at aldım. Araşdırdığımda gördüm ki,
əski türk döyüşçülərinin atla bağlı döyüş oyunları
olub. Onlardan biri də “Atlı ovçu”dur.
Türkiyədə bu
oyunu canlandıran adam vardı
və onlarla tanış oldum. Gənclər arasında bu
mövzu ilə maraqlananları toplayıb
bir idman klubu qurdum. “Atlı ovçu”
qaçan bir atın üzərində
oxla hədəfləri
vuran bir idmançıdır. Yəni dediyim
kimi, əski türklər at üstə
savaşıblar. Osmanlılar isə
bunu bir idman oyununa çeviriblər.
Sonra da unudulub. Qədim türklərdən
gələn bir sıra belə atlı oyunlar
var. Məsələn, çövkən
Azərbaycanda yaşayır,
amma Türkiyədə
unudulub. Türkiyədə çövkəni yenidən canlandırmaq niyyətindəyik və bununla bağlı bir layihə üzərində çalışırıq.
Bu sahədə də Azərbaycanla əməkdaşlıq qura
bilərik.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 13.