Şərqdə
muğam dəstgahlarının ilk ifaçısı
Ustad xanəndə, Xalq artisti Sara xanım Qədimovanın əziz xatirəsinə
Şərqdə
muğam dəstgahlarını tamam-kamal ifa edən ilk
qadın sənətkar, səhnəmizin lirik Leylisi, ustad xanəndə,
muğam və mahnılarımızın ilkinliyini ustalıqla
qoruyaraq, nəsildən-nəslə ötürən, Xalq
artisti Sara xanım Qədimovanın yaradıcılıq yolu
yeni nəsillər üçün əsl vətənpərvərlik,
fədakarlıq və sənətə sədaqət nümunəsi
olmuşdur. O, xalqımızın qəlbində əbədi
məskən salmış sənətkar olaraq mahnı və
muğamlarımızın ifaçısı kimi Cabbar
Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinksi, Xan
Şuşinski, Rəşid Behbudov, Həqiqət Rzayeva kimi
qüdrətli sənətkarların sırasında layiqli yer
tutmuşdur. Onun ecazkar səsi ilə yeni həyat verdiyi
mahnı və muğamlar Azərbaycan musiqi sənətinin
“qızıl fond”una həmişəlik daxil olmuşdur.
Sara xanımın böyük sənətinin sirlərini öyrənərkən belə təsəvvür yaranır ki, onun səsi Allah vergisidir. İstedadın qanla, genlə nəsildən-nəslə keçdiyini nəzərə alsaq, demək olar ki, onda ifaçılıq istedadının yaranmasında atasının böyük təsiri olmuşdur. Eyni zamanda bu xanımda böyük fədakarlıq, daim öz üzərində işləmək, sənətini cilalamaq, təkmilləşdirmək, sələflərindən öyrənmək, zəhmətkeşlik, çalışqanlıq var idi.
Onun atası Bəbiş kişi əslən Ağdam rayonunun Gülablı kəndindən idi. Bir qarabağlı kimi musiqiyə, xüsusilə muğamlarımıza böyük maraq göstərirdi. Muğamları yaxşı bilir, hərdən pəsdən oxumağı da var idi. İslam Abdullayev, Zülfü Adıgözəlov, Qurban Pirimov, Xan Şuşinski tez-tez Bəbiş kişinin evinə toplaşar, muğamlardan və xalq mahnılarından söhbət açardılar. Bu mühit balaca Saranın sənət seçimində mühüm rol oynayır. Uşaq yaşlarından mahnı ifa etməyə başlayan Sara Qədimovanın gələcəkdə müğənni olacağına şübhə yeri qalmırdı. Orta məktəbdə və Tibb Texnikumunda bayram konsertlərində mahnılar oxuyardı. Onun bu qabiliyyəti görkəmli xanəndə Zülfü Adıgözəlovun diqqətindən yayınmadı. Zülfü bəy 16 yaşlı Saranı Əbilov adına Mədəniyyət evində rəhbərlik etdiyi musiqi dərnəyinə cəlb etdi. O, yeniyetmə qıza xalq mahnılarını öyrətdi. Saranın ifasını çox bəyənirdi. O, deyirdi ki, sən gələcəkdə hökmən böyük səhnəyə çıxmalısan, Filarmoniyaya getməlisən.
1938-ci ildə bədii özfəaliyyət kollektivlərinə respublika baxışı keçirilirdi. Əbilov adına Mədəniyyət evinin solisti Sara Qədimovanın oxuduğu “Qatar” muğamı münsiflər heyətinin üzvləri Üzeyir Hacıbəylini, Hüseynqulu Sarabskini, Əhmədxan Bakıxanovu məftun etdi. Elə oradaca Üzeyir bəy Saranı A.Zeynallı adına Musiqi Məktəbində dərs deyən H.Sarabskiyə tapşırdı və dedi ki, bundan sonra sənin nəzərlərin bu gənc qızın üzərində olsun.
1938-1941-ci illərdə Sara xanım H.Sarabskinin sinfində muğamdan dərs alır, muğam ifaçılığını xeyli zənginləşdirir və oxumaq təcrübəsini get-gedə artırır.
1941-ci
ilin sentyabr ayında indiki Musiqili Teatrın binasında
maraqlı bir konsert olur. H.Sarabski şagirdləri ilə “Rast”
muğamını ifa edirlər. Muğamın bəm və
orta hissələrini Şövkət Ələkbərova,
Gülağa Məmmədov, Hüseynqulu Sarabski, ən zil yerlərini
isə Sara ifa edir. Yazıçı Qılman İlkinin bu
konsertlə bağlı xatirələrindən:
“Müharibə
yenicə başlamışdı. Hamı dərd-sər
içində idi. Həmin konsertdə Üzeyir Hacıbəyov
ön sırada əyləşmişdi. H.Cavidin ailəsi də
onun yanında oturmuşdu. Mən də çox çətinliklə
konsertə bilet tapa bildim. “Rast” muğamı böyük
alqışlarla oxunub qurtardıqdan sonra Hüseynqulu Sarabski səhnədə
bir qədər irəli keçib gənc
ifaçıları təqdim etdi və dedi: “Şövkətlə
Gülağanın üslubu estrada
ifaçılığına daha yaxındır. Sara isə
sırf xanəndədir. Üzünü onlara tutdu və dedi
ki, hər biriniz öz yolunuzu müəyyən etməlisiniz”.
Üzeyir
bəy və Hüseynqulu Sarabski istedadlı şagirdinin
gözəl səsini və muğam
ifaçılığını qoruyub saxlamasına
çalışırdılar. Məhz H.Sarabskinin son dərəcə
həssas, qayğıkeş münasibəti, rəhbərliyi
sayəsində Sara peşəkarlığa yiyələnir.
Həmin
vaxtdan etibarən gənc Sara muğamların və
mahnıların mahir ifaçısı kimi Ü.Hacıbəylinin
gözlərində bir nömrəli sənətkarlardan birinə
çevrilir.
Sara
xanım mahnı ifaçılığı ilə
yanaşı bütün əsas muğamlarımızı
ifa etmiş yeganə qadın xanəndə idi. Ona qədər
qadın müğənnilər yalnız “Şahnaz”, “Qatar” və
“Segah” muğamlarını oxuyardılar. 1943-cü ildə 21
yaşındaykən Hüseynqulu Sarabski və Zülfü
Adıgözəlovdan “Rast”, “Mahur-hindi”, “Bayatı-Şiraz” və
digər çətin muğamları öyrənib oxumağa
başladı. Hətta bir dəfə Cabbar Qaryağdıoğlu
və Seyid Şuşinskinin yanında Qurban Pirimov və
Qılman Salahovun müşayiəti ilə “Mahur-hindi”
muğamını ifa edib, onların xeyir-duasını
aldı. Əvvəllər bu muğamları qadın
müğənnilər ifa etməzdilər. Belə bir fikir
kök salmışdı ki, guya qadın səsi bu
muğamları ifa etməyə qadir deyil. Bütün bu
stereotipləri ilk dəfə sındıran Sara Qədimova
olmuşdur.
Yüksək
virtuoz ifa imkanlarına baxmayaraq, Sara xanımın əsas
qüdrəti muğamlarda idi və
yaradıcılığında muğam əsas yerdə
dururdu. Bu qədim milli musiqi sahəsində o, çox uca bir
zirvəyə yüksəlmişdir. O, muğamın əsas
kökünü, saflığını və klassik ifa tərzini
saxlamağa olduqca diqqət edirdi, sözün həqiqi mənasında
monumental muğam ifaçısıydı.
1965-ci ildə
xanəndələrin çox ehtiyatla müraciət etdikləri
son dərəcə mürəkkəb “Şur dəstgahı”
və “Çahargah” muğamını oxumağa
başladı. “Çahargah” muğamını Seyid
Şuşinskidən, “Şur dəstgahı”nı isə
Hacıbaba Hüseynovdan və Bəhram Mənsurovdan öyrənmişdi.
“Şur dəstgahı” xanəndənin muğamda əsas
möhürüdür. Sara xanım həm də “Şur dəstgahı”nı
öz kökündə oxuyan ilk qadın ifaçı olub. Bu
muğamı oxumaq müğənnilərə çox
çətindir. Buna baxmayaraq, Sara dəstgaha görə həm
qəzəl seçməkdə, həm də onu ifa etməkdə
mahir sənətkar idi. Muğam aləmində qadın
müğənnilər arasında bu, görünməmiş
işdir. Bu uğurun əsas səbəbi xanəndənin səsində
idi.
Seyid
Şuşinski qeyd edirdi ki, Sara xanımın səs diapazonu
çox geniş olduğu üçün, onun səsi
muğam ifaçılığına çox
yatımlıdır. Ona görə də o, musiqimizin incisi
olan mürəkkəb muğamlarımızın ən məşhur
ifaçılarından biri kimi şöhrət
qazanmışdır Qadın xanəndələr arasında
“Mahur-hindi”, “Xaric segah” və “Şur dəstgahı”
muğamlarının ilk ifaçısı Sara xanım Qədimova
olmuşdur. Bu ağır və çətin muğamları
oxumaq xanəndədən böyük məharət tələb
edirdi. Rübabə Muradova, Qəndab Quliyeva və
başqaları “Xaric segah” muğamını öyrənərkən,
Sara xanımın ifasına müraciət etmişlər. Uzun
illər onu tarda müşayiət etmiş Bəhram Mənsurovun
dediyinə görə, Sara xanımın səsi və nəfəsi
tarın bütün pərdələrinə çatır, hətta
ötüb keçirdi, belə bir səs diapazonu ilə
muğam oxuması heç bir azərbaycanlı qadın xanəndələrdə
görünməmişdi və belə bir səs registrinin nəticəsiydi
ki, o əsasən kişi xanəndələrin oxuduğu
“Rast”, “Bayatı-Şiraz”, “Mahur-hindi” və “Çahargah” dəstgahlarında
da onlardan geri qalmırdı.
Bir
sözlə, Sara Qədimova muğamda nə oxuyubsa,
hamısını məktəb səviyyəsində oxuyub və
xoşbəxtlikdən, əksər ifaları səs xəzinəmizdə
qorunub saxlanır. Yüksək musiqi duyumu və klassik şeir
savadı olduğundan muğamın estetik-fəlsəfi mahiyyətini
ustalıqla çatdırırdı. Muğamda istifadə
olunan bütün qəzəlləri əzbərdən bilirdi
və heç bir qadın xanəndə onun qədər qəzəl
bilmirdi. Xanəndələr və müğənnilər
öz aralarında Sara xanımı “qəzəlxan”
adlandırırdılar. Çünki o, savadlı xanəndə
idi. Əvvəllər oxuduğu Tibb Texnikumunu əla qiymətlərlə
bitirdiyinə görə, imtahan vermədən Tibbi Universitetinə
qəbul olunmuşdu. Akademik Zərifə Əliyeva ilə bir
qrupda oxuyurdu. Musiqi dünyası onu daha çox cəlb etdiyinə
görə dördüncü kursda institutu buraxıb, öz
taleyini həmişəlik incəsənətə bağladı.
O,
yüzdən çox qəzəl bilirdi. Bir dəfə ifa
etdiyi qəzəli, ikinci dəfə oxumazdı. Füzulinin,
Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Mikayıl
Müşfiqin, Seyid Əzim Şirvaninin, Əlağa Vahidin, təbrizli
Əbülhəsən Racinin, Qarabağ şairlərindən
Məşədi Əyyub Bakinin və Natəvanın
çoxlu qəzəllərini bilirdi. Hətta kişi xanəndələrə
qəzəl lazım olanda Sara xanımdan alırdılar.
Sara
xanımı zəmanəsinin xanəndələrindən fərqləndirən
daha bir üstün cəhəti var idi. İti hafizəsi olan
Sara xanım ən mürəkkəb qəzəli 4-5 dəfə
oxuyandan sonra əzbər öyrənirdi. Az-az adamların
yaddaşı bu qədər güclü ola bilərdi. Qəzəllərin
sözlərini hərfbəhərf tələffüz edərdi.
İkinci bir belə xanım xanəndə tapmaq çətindir
ki, qəzəlləri bu dərəcədə səlis bilsin
və ifa etsin. Əruz vəznini və əruz qafiyəsini
yaxşı bildiyindən, qəzəlləri də gözəl
və düzgün oxuyardı.
Gənc
Sara Üzeyir bəyin ümid bəslədiyi müğənnilərdən
biri idi. Ondan daim muğayat olur və qayğı ilə
yanaşardı. Gənc qızın tərbiyəsi və
inkişafı məsələsini nəzərə alardı.
Hüseynqulu Sarabskinin muğam sinfini bitirdikdən sonra o,
1941-ci il yanvar ayının 17-də 19 yaşında Azərbaycan
Dövlət Filarmoniyasına solist qəbul olundu. Filarmoniya o
illərdə mədəni-maarif müəssisələri
arasında xüsusi çəkisi olan sənət
ocağı idi. Ora müqəddəs bir məbədgah
sayılırdı. Hələ bu yaşda heç kəs
böyük səhnədə oxumağa cürət etməzdi.
Onunla bir sinifdə muğamları öyrənən
Şövkət Ələkbərova və Gülağa Məmmədov,
həmçinin Fatma Mehrəliyeva və Əbülfət Əliyev
Sara xanımdan 5 il sonra, 1945-ci ildə filarmoniyaya solist qəbul
ediləcəkdilər. Əlbəttə, Üzeyir bəyin
razılığı olmadan filarmoniyaya heç kəs solist qəbul
oluna bilməzdi. Tarzən Qurban Pirimov deyərdi ki, Sara
filarmoniyaya gələndə, burada 7 nəfər xanəndə
və tarzən var idi. Onların hamısının
yaşı 40-dan çox idi. 19 yaşlı qızın
filarmoniyaya gəlişi böyük maraq doğurdu. Bu bəstəboy,
deyib-gülən, şən çöhrəli qız
filarmoniyaya bir canlılıq, bir hərarət gətirmişdi.
Az sonra Sara filarmoniyanın sayılıb-seçilən
“ulduzlarından” biri oldu.
Uzun illər
Üzeyir bəyin katibi olmuş Ramazan Xəlilovun xatirələrindən:
“Sara çox geniş səs imkanlarına malik olduğuna
görə Üzeyir Hacıbəyov ona daim istiqamət verir və
düzgün yol göstərirdi. Onun ailə tədbirlərində
Bülbüllə yanaşı gənc Sara da iştirak edirdi.
Üzeyir Hacıbəyov “Qaragöz” və “Şəfqət
bacısı” mahnılarını qadın müğənnilər
arasında ilk dəfə Sara xanıma etibar etmişdi. O,
respublikanın bütün bayram tədbirlərində Sara Qədimovanı
konsert proqramlarına daxil edirdi. Hələ uşaq ikən
ata-anasını itirib tənha qaldığına görə
Üzeyir bəyin arvadı Məleykə xanım da onu öz
qızı kimi sevərdi”.
Sara
xanım filarmoniyada yenicə işə
başlamışdı ki, Böyük Vətən müharibəsi
başladı. Gənc qız hələ müharibənin nə
olduğunu bilmirdi, solist kimi tez-tez cəbhə bölgələrində
olmalı idi. Qışda qarın, yağışın və
palçığın içində əsgərlər
qarşısında çıxış etmək hər
müğənninin işi deyildi. 19 yaşlı qızın
kişi kimi qorxmadan cəbhə bölgələrinə getməsi
sonralar onun xasiyyətində bu keyfiyyəti qabartdı. Onun
çətin günlərdə əsgərlərin
qarşısına cəsarətlə çıxması, səhnədə
mərd-mərdanə dayanması, muğam və
mahnıları böyük şövqlə ifa etməsi
böyük maraq doğururdu.
Bir dəfə
Səməd Vurğun, Qurban Pirimov, rəqqasə Leyla Bədirbəyli,
akademik Heydər Hüseynov, Vera Şirye, Zülfü
Adıgözəlovla birlikdə Sara Qədimova cəbhə
bölgələrinə gediblər. O dövrdə Mahnı və
Rəqs Ansamblının rəqqasəsi olan Leyla Bədirbəylinin
xatirələrindən:
“Qatarla
yol gedirdik. Səməd Vurğun gənc Saraya
yaxınlaşıb soruşdu: Qızım, gözəl səsin
var. Bir neçə konsertində olmuşam. Oxumağın
xoşuma gəlir. Cəbhədə əsgərlər
üçün nə oxuyacaqsan?
Sara
ayağa qalxıb imtahan verən şagird kimi əllərini
yanına saldı: - “Segah” muğamını, Üzeyir bəyin
“Şəfqət bacısı”, “Kürdün gözəli”,
“Qubanın ağ alması” mahnılarını”, - deyə
cavab verdi.
Səməd
Vurğun nə fikirləşdisə, elə bizim
yanımızda cibindən “Avrora” siqaretini çıxarıb,
onun üstünə bir şeir yazıb, Saraya uzatdı.
- Bu
şeiri sənə həsr edirəm. Onu əzbərlə və
“Segah” üstündə oxu, - dedi.
Yenə
qılıncını çəkdi üstümə,
Qurbanı
olduğum o ala gözlər.
Yenə cəllad
olub durdu qəsdimə,
Qələmqaş
altında o ala gözlər.
Gərdəni
minadır, boyu tamaşa ,
Ay da həsrət
çəkir o qələmqaşa.
Bir
cüt ulduz kimi verib baş-başa,
Yanıb
şölə saçır camala gözlər.
Sara Qədimova
cəbhədə verilən konsertlərin hamısında
“Segah” muğamını S.Vurğunun bu şeiri ilə
başlayırdı. Kim nə deyir desin, bizim hamımızda
belə bir fikir yarandı ki, Səməd Vurğun o şeiri
Sara xanıma həsr etmişdir”.
Sara
xanımın ifasında “Segah” muğamına şair məftun
olurdu. O, deyirdi ki, bu muğamı Saranın ifasında dinləyəndə
ruhum dincəlir.
1956-cı
ildə Səməd Vurğun ağır xəstə idi.
Mayın 12-də Opera və Balet Teatrında 50 illik yubileyi qeyd
olunurdu. Şair xəstə olduğu üçün tədbirdə
iştirak edə bilmirdi, yubileyə radioda qulaq asırdı.
Yubileyin bədii hissəsi S.Vurğunun sevdiyi muğam və
mahnılardan təşkil olunmuşdu. Sara xanım konsertdə
“Segah” muğamında şairin yuxarıdakı şeirini
ağlaya-ağlaya oxudu. Sara xanım ömrünün son
günlərinə qədər hər dəfə Səməd
Vurğunun həyat yoldaşı Xavər xanımla,
qızı Aybənizlə görüşərkən
qucaqlaşır və hönkür-hönkür
ağlayardılar.
1946-cı
ildə Üzeyir Hacıbəylinin təklifi ilə Sara Qədimova
Moskvada keçirilən estrada müğənnilərinin
ümumittifaq müsabiqəsinə göndərildi. O,
müsabiqədə Nizaminin qəzəli ilə “Şahnaz”
muğamını yüksək səviyyədə ifa edib,
laureat diplomunu aldı. Bundan bir il sonra isə o, yenidən
Moskvaya dəvət olunaraq, Nizaminin yubileyinə həsr
olunmuş dövlət konsertində yenə də “Şahnaz”
muğamı ilə çıxış etdi.
Sara
xanımın repertuarında mahnı
yaradıcılığı əsas yer tutur. Əvvəllər
yalnız xalq mahnılarını oxuyardı. 1950-ci ildən sonra
o, bəstəkarlarla tez-tez görüşür, onlarla
yaradıcılıq əlaqəsi saxlayırdı. Şeirə,
sözə qarşı həssas, son dərəcə məsuliyyətli
idi. Qadın müğənnilər içində o, ən zəngin
repertuarı olan sənətçilərdən biri idi. Unikal
musiqi duyumu və möhkəm hafizəsi vardı. İstənilən
musiqini, mətni bircə dəfə dinləməklə
yaddaşına həkk edir, mahnının mahiyyətini, bəstəkarın
istək və məramını dərhal qavrayır, ən
başlıcası, mahnıya bağlanaraq oxuyurdu. Bu keyfiyyətlərinə
görə başda Üzeyir bəy olmaqla bir çox
tanınmış bəstəkarlar - S.Rüstəmov,
T.Quliyev, A.Babayev, Q.Hüseynli, Ş.Axundova, A.Əlizadə,
A.Gəray, A.Məlikov, R.Mirişli, V.Adıgözəlov, həvəskar
bəstəkarlardan Bəhram Nəsibov, Ələkbər
Tağıyev, Qulu Əsgərov, Habil Əliyev, Tamella Məmmədzadə
onunla birgə işləməkdən və mahnılarının
belə bir sənətkarın ifasında səslənməsindən
böyük məmnunluq duyurdular. Sara xanım istəyirdi ki, hər
mahnısında nəsə təzə bir söz desin, məlum
deyilişlərə qayıtmasın, qayıtsa da, ona təzə
can versin. O, ilk növbədə şeirin, mahnının
musiqisinə uyğun gəlib-gəlməməsi ilə
maraqlanırdı. Mahnını öyrənməmişdən
əvvəl şeiri dönə-dönə oxuyardı.
Şeir xoşuna gəlməyəndə mahnını ifa etməzdi.
O, populyarlıq qazanmaq, dinləyicini necə olur-olsun cəlb etmək istəyən, başqa sözlə, asan şöhrət dalınca gedən müğənni deyildi. Onun ifa etdiyi “Göygöl”, “Nə deyim” ,”Nədən oldu”, “Tarçalan oğlan”, “Pıçıldasın, ləpələr”, “Ay işığında”, “Könül təranələri”, “Bulaq üstə gedən gözəl”, “Küsüb getdi”, “Qonşu qız” və bir çox mahnılarında həm dərin xəlqilik, həm də son dərəcə fərdilik vardı. Bu da müğənninin sənətinə həmişə özünəməxsusluq gətirirdi. Sara xanım ifa etdiyi mahnıların daxilinə “səfər” etməyə, bu mahnıların mühitdə, cəmiyyətdə yaratdığı rezonanslara diqqət yetirirdi. O, mahnı və muğam ifaçılığında bayağılığa, qışqırığa, yersiz zəngulələrə yol verməzdi. Deyərdi ki, hər bir müğənninin öz yolu olmalıdır, öz fərdi üslubunu təsdiq etməli, heç kəsi yamsılamamalıdır.
Sara Qədimovanın yaradıcılığında xüsusi ifaçılıq üslubu, Azərbaycan xalq musiqisi, nəğmə incəsənətin dərin ruhunu və xarakterini əks etdirən cəhətlərin qüvvətli olması xüsusilə qeyd edilməlidir. Həmişə deyərdi: “Sənətkar daim öz üzərində işləməlidir, tamaşaçıları sənəti ilə məftun etməlidir”.
Onun oxuması təkcə səsi ilə deyil, eyni zamanda özünəməxsus ifa tərzi ilə fərqlənirdi. Elə mahnılar var ki, təkrar-təkrar oxuyurdu. Hər dəfə bu mahnılar yeni formada səslənirdi. Hər dəfə müğənni bizim qarşımızda melodiyanın yeni xüsusiyyətlərini, detallarını açır, onu cilalayır, zənginləşdirir və bir növ bəzəyirdi.
(ardı var)
Çingiz Fərəcov
Sara Qədimova
irsinin tədqiqatçısı
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 12-13.