100 yaşın
41 ili...
Rübabca peyvəstə-major, ömürcə “şikəstə”-minor bəstəkar - Qəmbər Hüseynli
Fikrimə “100
yaşın 41 ili” başlığı
düşər-düşməz, beynimə belə bir gəlmə gəldi; onun, bütün
dünyanı heyran qoymuş,
hər ölkə musiqiçilərinin, hətta şəxsən
dahi Çarli Çaplinin çaldığı (və bizim nümayəndələrə “O bəxtəvər
bəstəkara mənim salamlarımı yetirin!”
dediyi) “Cücələrim”
mahnısının yaranma tarixini
öncə “Ümumtürk”, sonca da “Beynəlxalq Uşaq Musiqi Günü” elan etmək təşəbbüsündə
bulunmaq olmazmı?..
Əgər bu arzumuz çin edilsəydi, 100 il əvvəl Gəncədə bir dəmirçi ailəsində doğulmuş və 59 il öncə bu dünyadan yalnız “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” adıyla getmiş Hüseynli Qəmbər Məşədi Muxtar oğlunu Çindən-maçinə hamı tanıyardı. Yetmiş ilə yaxındır onun “Cücələrim”ini ləzzətlə oxuyan dünya uşaqları hər ilin həmin Günü qəzet-jurnallardan oxuyar, ekranlardan görər, efirlərdən -
Eşidərdilər ki:
9 yaşında Gəncədəki məktəbdə təhsil almağa başlamış bapbalaca Qəmbər artıq 90 şeiri əzbərdən söyləyə, onlarca xalq mahnısını qeyri-adi bir avazla zümzümə edə bilirmiş. Gəncənin musiqi mühitindəki bütün sənətkarların tərcümeyi-hallarına marağı, çal-çağır məclisləri, el şənlikləri və konsertlərdəki diqqəti onu “Böyük Uşaq” adı ilə təltifatlandırıbmış. On bir yaşında şəhərdəki orta ixtisas musiqi məktəbinin tar sinfinə, on üçündə Gəncə Pedaqoji Texnikumuna daxil olan, bir neçə ağır-“ağsaqqal” muğamı tarda məharətlə ifa edən bu istedadlı tələbə aşıq və el havalarını toplayıb nota alırmış.
18 yaşında texnikumu fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə paytaxta göndərilir. Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklifini məmnunluqla qəbul edir. Musiqi bəstələmək marağı isə, bu “narahat” uşağı bir an belə, rahat buraxmır. Bunu yaxşı hiss edən görkəmli musiqi pedaqoqları Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq qabiliyyətləri bütün aydınlıqlarıyla üzə çıxır və o, C.Cabbarlının sözlərinə yazdığı “Tellər oynadı” romans-mahnısı ilə gələcəyin böyük bəstəkarı olacağını təsdiqləyir.
1939-cu ildə, Azərbaycanın təbii konservatoriyası sayılan Şuşaya - Musiqi Texnikumuna direktor göndərilən Q.Hüseynli orada çalışdığı bir il ərzində çox əhəmiyyətli işlərə imza atır. Yenidən dəvət aldığı Bakıda Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin dirijor köməkçisi, Üzeyir bəyin tövsiyəsi ilə yaranan Sazçı Qızlar Ansamblının bədii rəhbəri işləyir. Bu illərdə o bir-birindən gözəl mahnılar və digər janrlı əsərlər yazır: milli romans lirikamızın zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə” mahnıları, 1954-cü ildə “Qızıl quş” operası və s. və i.a. və -
Notu ipək “Cücələrim”!..
Yetmiş ildir bütün balacaları bala-bala böyüdən bal mahnı...
Vaxt-müddət hesabında cəmi ikicə il yanıltdığım hörmətli oxucularıma ərz edim ki, ilahi “sənət yumurtası”ndan 1948-ci ildə çıxan bu mahnı, həmin tarixçədən ən azı iki il öncə doğulmuş uşaqları da ovudub, axı...
Hələ bunu demirəm ki, həmin bu nəğmənin haman o “müharibə uşaqları”nın bükük boyunlarında daha çox haqqı olub. Oynamağa, oynatmağa heç nə tapmadıqlarından, belibükük nənələrinin ağılayıb-ağladığı “üçkünc” məktublardan “quş” düzəldib uçuran boynubükük uşaqların. Ağlı kəsən qardaş-bacılarının əyin-başlarındakı yamaqları, hər səhər naxıra gedənlərinin torbasına qoyulan yavan çörək dilimlərini, hərdən də böyüklərin göz yaşı damlalarını sayan tifillərin. Atalarının getdiyi yerlərdən gələn qara xəbərləri “veclərinə almayıb”, analarının “qıymazlıqla” bişirdiyi ağappaq yumurtaların birini beş yerə bölüb “doymağa” məhkum fağırların...
Və həmin çağlar o uşaqların eşitdiyi müharibə və yeni quruculuq sədalı “biri varmış, biri yoxmuş”lar içrə hələ tanımadıqları real bir əmiləri də varmış ki, o, bütün Vətən boyu gəzib dolaşa-dolaşa, el havalarını, aşıq mahnılarını toplayıb nota alırkən, onların qırım-durumlarının da fərqinə varırmış. O balaca balaları başdan-başa qaş-qabaq əhvallarından çıxarmaq eşqinə düşən o əmi kim ola-kim ola - böyüdükcə tanıyıb-sevəcəkləri Qəmbər Hüseynli!..
Bəs bu böyük bəstəkarı bütün dünyaya tanıtdıran o əzəmətli mahnının predmeti nə? Canlıların ən “cansız-çəlimsiz”i, canlılığın ən cumbulusu - cü-cə-lər...
Deyim ki, bu mahnının
ulduzu on il
sonra parlayıb. 1959-cu ildə Moskvada
keçirilən Azərbaycan
incəsənəti dekadasında
“Cücələrim”i indi
aktrisa və rəssam-florist kimi tanıdığımız Suğra
Bağırzadə oxuyub.
Mahnı
misilsiz “ura” ilə qarşılanıb,
tezliklə dillər əzbərinə çevrilib
və sovetlər məkanını aşaraq
bütün dünyaya
yayılıb. Müxtəlif (60-dan çox!) dilə çevrilib, “Dünyanın
ən yaxşı uşaq mahnıları” albomuna daxil edilib.
Çox
ciddi bir həmkarımın yazılarının
birindən: “Azər adlı soydaşımız
yazır: “Mən Amsterdamda yaşayıram. Bir gün, təsadüfən,
küçədə bir
holland uşağın
klarnetdə “Cücələrim”
mahnısını ifa
etdiyinin şahidi oldum. Bu, uzaq Avropa ölkəsində mənim qəlbimə hədsiz fərəh, gözlərimə xeyli yaş gətirdi...”
Bu daxili və xarici xatirə mənə on-on bir yaşlarımda ikən zümzümə etdiyim
“Ay işığında” mahnısı
ilə, yenicə eşqə düşmüş
17 yaşlı doğma
əmoğlumu necə
kövrəldib, gözlərini
necə yaşartdığımı
xatırlatdı...
Yetmiş
ildir bizi, - vəzifə, mövqe, mənşə və s. “çəki”lərimizdən asılı
olmayaraq - hamımızı,
haçansa uşaq da olduğunu etiraf etmək “səmimiyyət”inə malik
olan hər kəsi böyüdən bir nəğmə. Elə bu heynidə
məsələyə dəxli
olan “yad” bir haşiyə: günlərin bir günü özünü
xalqa “yendirib”, böyük izdiham qarşısında nitq söyləyən Firon bir az da
həzinləşib-vəzinləşib “mən uşaq olanda...” deyərkən, ehtizaza gələn kütlə: “Ay aman, bizim həşəmətli
Fironumuz uşaq da olub?!” - deyə uğuldayır.
Bəli, hər bir azərbaycanlının
ilk bəstə-laylası, ilk nəğməsi və böyük musiqiyə - romansa, süitaya, kapriççioya simfoniyaya
keçid kursu olub “Cücələrim”. Biz yaşa dolduqca “Cücələrim” də
böyüyüb. Biz xariclərə getdikcə,
“Cücələrim”in özümüzdən
öncə getdiyini görmüşük. Onun haqqında
qeyri-adi tərif-təqdirlər,
sevgi-öygülər oxuyub-eşitmişik.
Bunlardan birini də alçaq düşmənlərimizin tanınan
nümayəndəsi - Aram Xaçaturyan
deyib: “Dünyaca məşhur “Nu, poqodi”də
səslənən musiqi
parçaları içərisində
ən ləzzətli,
ən məlahətli
və ən anlaşıqlısı “Cücələrim”
epizodudur” (hansı ki, orada həmin
Aramın “Qayane” və “Spartak” baletlərindən də fraqmentlər səsləndirilib).
Fəxrlənək ki, bu sənət
nümunəmizin şöhrəti
erməni bəstəkarının
məsafə və səviyyəsindən daha
uzaq və ucalardan gəlib. Məsələn, 1955-ci ildə məşhur bəstəkar və digər sənət nəhənglərindən ibarət
sovet nümayəndə
heyəti İsveçrədə
qarşılanarkən onları
həmin ölkənin
məktəblilərindən təşkil olunmuş dövlət xoru məhz “Cücələrim”
mahnısı ilə salamlayıb. Yaxud, vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli
Çaplin gələnlərin
Azərbaycandan olduqlarını
biləndə piano arxasına
keçərək “Cücələrim”i
ifa edir və əksəriyyəti
ruslardan ibarət olan qonaqlara üz tutaraq deyir: “Demək, siz bu melodiyanın
vətənindənsiniz?! Məndən
o bəxtəvər bəstəkara
salam yetirin!”
Bəli,
bu gözəl sənət incisi dövrümüzün böyük
sənət uğuruna
çevrildi və musiqişünasları, sənət
bilicilərini belə
bir yekdil rəyə gətirdi: “İndiyə kimi öz müəllifini “Cücələrim” qədər
bütün dünyada
tanıtdıran ikinci
mahnı olmayıb”.
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 11.