Vətəni içimizdə gəzdirək!

 

Tarixi yaradan da, yaşadan da xalqın özüdür. Xalqonun tarixi o zaman dünya xalqları arasında özünə layiqli yer tutur ki, vətən və millət məfhumlarının sıx bağlılığı bu tarixin hər səhifəsindən ana xətt kimi keçsin.

Tarix boyu xalqımız öz vətəninin mənafeyinə laqeyd olmamışdır. Vətənə məhəbbət hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini ana yurdun və xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlmişdir. Öz vətənini tükənməz məhəbbətlə sevən, onun hər qarışını göz bəbəyi kimi qorumaq naminə canından belə keçməyə hazır olan xalqımızın çox qeyrətli övladları var. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasaydı, əliyalın yurddaşlarımız 1990-cı ilin 20 yanvar gecəsi sinələrini düşmən tankları önündə sipər etməzdilər.

Torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğu bir dövrdə Azərbaycan gəncliyinin düşmənə qarşı mübarizə əzminin artırılması, onun hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi günümüzün ən aktual mövzusudur.

Düşmənlərimiz üzərində qələbə qazanmaq üçün bu gün bizə vətəni sevən, onu qorumağı bacaran, savadlı gənclər daha çox lazımdır. Təbii ki, belə gənclərin yetişdirilməsi üçün tariximizin, milli dəyərlərimizin daha dərindən mənimsədilməsi diqqətdə saxlanılmalıdır. Bu istiqamətdə ölkə kitabxanalarının da üzərinə böyük məsuliyyət düşür. Məktəbliləri torpaqlarımızın bütövlüyü və toxunulmazlığı yolunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin həyat və döyüş yollarını əks etdirən kitablarla tanış etmək gələcəyin qurucularının vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Vətəni sevmədən, qorumadan, ata-babalarımızın qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər nəsillər yetişdirmək olmaz. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu doğma yurdun çiçəklənməsinə sövq edən ən güclü mənəvi-əxlaqi hisdir.

Vətənpərvərlik həm də tarixini, milli adət-ənənələrini gözəl bilmək, sevmək və başqalarına öz xalqını sevdirməyi bacarmaqdır. Vətənpərvərlik doğma torpağa, xalqa, onun dilinə, adət-ənənələrinə, mədəniyyətinə məhəbbət deməkdir. Əsl vətəndaş isə vətənin içində gəzən yox, vətəni öz içində gəzdirəndir. Gəlin, biz də əsl vətəndaş olmaq üçün Vətənimizi göz bəbəyimiz kimi qoruyaq. O zaman çox güclü və yenilməz olarıq!

 

Ruhiyyə Məmmədli

Respublika Uşaq Kitabxanasının şöbə müdiri

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 11.