Kanadalı tarzən
xanım
“Muğam təkcə Azərbaycanın yox, bütün bəşəriyyətin ən dəyərli xəzinəsidir”
Kanadalı gənc xanım Polina Dessiatniçenko tarzəndir. O, Azərbaycanın bu
qədim musiqi alətinin sehrinə düşüb. Tara olan sevgisi onu ölkəmizə
gətirib, sənətin
sirlərini öyrənib.
- Polina xanım, zəhmət olmasa, özünüz haqqında
məlumat verəsiniz.
- Mən əslən ukraynalıyam, uşaq yaşlarından ailəm Kanadaya köçdüyünə
görə hazırda
bu ölkədə yaşayıram. Toronto Universitetinin doktorantıyam
və etnomusiqişünaslıq
kafedrasında muğam
fəlsəfəsi haqqında
dissertasiya yazıram.
İki il
öncə universitetimizdə
Azərbaycan muğamını
öyrənmək və
tədqiq etmək üçün aldığım
mükafat sayəsində
ölkənizə gəlib
orada da tədqiqatlar aparmış
və təhsil almışam. Təhsil aldığım müddətdə Bakıda
yaşayırdım, muğam
dərslərinə gedir,
kitabxanalarda və arxivlərdə muğam haqqında araşdırmalar
aparırdım. Nəticədə Azərbaycan mədəniyyətini
və azərbaycanlıları
çox bəyəndim
və ümid edirəm ki, bundan sonra da
həyatım bu xalq və onun
incəsənəti ilə
bağlı olacaq.
- Azərbaycanla nə zamandan tanışsınız?
- 18 yaşım olanda Kanada İpək Yolu Kamera Orkestrində
(“Silk Road Chamber Orchestra of Canada”) Azərbaycan
musiqilərini pianinoda
çalmağa başlamışam.
Bu orkestri azərbaycanlı
bəstəkar İsmayıl
Hacıyev Torontoda yaratmışdı. Biz çoxlu konsertlər verir və hətta
Azərbaycandan muğam
üçlükləri də
dəvət edirdik.
Mən muğamı birinci dəfə burada eşitdim və bu musiqiyə valeh oldum. Mənim buradakı pianino müəllimim Maya Cəfərova
da əslən azərbaycanlıdır. Biz
birlikdə Qara Qarayevin, Vaqif Mustafazadənin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Adil Bəbirovun əsərlərini
hazırlayıb ifa etmişik. Daha sonra Azərbaycan
haqqında çox oxumağa başladım və 2012-ci ildə bu heyranedici ölkəyə birinci dəfə getdim.
- Tar çalmağı necə
öyrəndiniz? Müəlliminiz
kim olub?
- Bir neçə ay Torontoda yaşayan tarzən Mohammad Amanollahidən
tar dərsləri almışam.
Bakıya getdikdən sonra isə il yarım
Ramiz Quliyev, Valeh Rəhimov, Elxan Mansurov və Aslan Məhərrəmovdan
tarı öyrənmişəm.
Məşhur tarzənlər
Bəhram Mansurovun, Əhməd Bakıxanovun,
Hacı Məmmədovun
lent yazılarını böyük
maraqla dinləyirəm.
Onların çalğıları çox təsəvvürlüdür
və ifaları qəzəllərin mənasını
gözəl əks etdirir.
- Azərbaycan musiqisinə münasibətiniz necədir?
- Məncə, Azərbaycan musiqisi, xüsusilə muğam çox dərin və qədim incəsənətdir.
Bu musiqi ən
vacib, gözəl hislər və ən əsası da eşq haqqındadır.
Bu, təkcə Azərbaycanın yox, bütün bəşəriyyətin
ən dəyərli xəzinəsidir.
- Hansı muğamları, mahnıları öyrənmisiniz?
- “Mahur-hindi”, “Heyratı”, “Şur”, “Bayatı-kürd”,
“Dügah”, “Şahnaz”,
“Zabul segah”, “Çahargah”, “Bayatı-Şiraz”,
və “Humayun” muğamlarını tarda çala bilirəm. Bundan başqa, “Küçələrə su
səpmişəm”, “Tut ağacı”,
“Ayrılıq”, “Ay Laçın”,
“Sarı gəlin”, “Azərbaycan maralı”, “Ay
işığında”, “Mən
səni araram”, “Oxu, tar”, “İlk məhəbbət” mahnılarını
da ifa edirəm.
- Qarşıda hansı planlarınız var?
- Tarixdəki fərqli tar ifaları haqqında kitab yazmaq fikrim
var. Muğam ifa edərkən xanəndə,
kamança və tarzənin bir yerdə improvizasiya etmələri, muğam fəlsəfəsinin dünyasını
yaratmaları mənim
üçün çox
maraqlıdır. Elmi işçi
kimi muğam, eləcə də tar haqqında tədqiqatlar aparmaq istəyirəm.
Daha sonra isə bütün muğamları
öyrənmək və
burada müxtəlif muğam konsertləri təşkil etməyi düşünürəm.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 10.