Tanınmış qobelen ustasının yubiley sərgisi

 

Aprelin 12-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda tanınmış qobelen ustası, rəssam Adil Şıxəliyevin 70 illik yubileyi münasibətilə fərdi sərgisinin açılışı oldu. Sərgi Mədəniyyət və Turizm Nazirliyi ilə ARİ-nin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

 

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə son çağlar tətbiqi sənət sahəsindəki canlanmaya diqqət çəkdi. Qeyd etdi ki, bu sənəti yaşadanlardan biri də rəssam Adil Şıxəliyevdir. O, qobelen ustasının çoxillik fəaliyyətini yüksək dəyərləndirdi.

Xalq rəssamı, ARİ-nin sədri Fərhad Xəlilov dekorativ-tətbiqi sənət ustalarımızın uğurlu yaradıcılığından söz açdı, onların içərisində yubilyar A.Şıxəliyevin özünəməxsus yeri olduğunu bildirdi.

ARİ-nin dekorativ-tətbiqi sənət bölməsinin müdiri Aydın Rəcəbov da həmkarı A.Şıxəliyevin qobelen yaradıcılığını yüksək qiymətləndirdi, ona sənətdə yeni nailiyyətlər arzuladı.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə qobelen ustasının 30 əsəri nümayiş olunur. “20 Yanvar”, “Xocalı”, “Əsrin sonu”, “Mələklərin fəryadı”, “Kəsilmiş həyat” “Qartal yuvası” əsərləri xalqımızın ürək yarasına çevrilmiş Qarabağ savaşına həsr olunub.

Rəssam A.Şıxəliyev qəzetimizə müsahibəsində bu sənətlə 1974-cü ildən məşğul olduğunu bildirdi: “Qobelendə istənilən texnologiyadan istifadə etmək olur. İşlərimdə xalça, palaz, zili, şəddə, sumax texnologiyalarından yararlanmışam. Əsəri müəllif toxuyursa, həmin texnologiyalardan asanlıqla istifadə edə bilir. Mən bütün əsərlərimi özüm toxumuşam. Toxucu əsəri mənim kimi hiss edə bilməz. Buradakı işlər ən azı bir ay, ən çoxu səkkiz ay vaxt aparıb. İstərdim ki, bu əsərlərim muzeylərdə yer alsın, çünki hamısı xalqımızın tarixi, taleyi ilə bağlıdır. Məqsədim qobelenin yeni formalarını yaratmaqdır. Sevindirici haldır ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qobelen sənəti öyrədilir”.

Qeyd edək ki, qobelen əllə toxunan dekorativ-təsviri sənətin bir növü, süjetli, birüzlü xalçadır, vətəni Fransa sayılır.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 7.