Zərif duyğulu xanımın coşqun həyat hekayəsi

 

Peşəsinin dalınca gedən, onu həyat amalı hesab edənlər dünyada xoşbəxt insanlardır. Ömrünün 30 ildən çoxunu rəhbər işə həsr edən, kollektivin sevgisini qazanan Qəmər Rəsul qızı Quliyeva kimi.

 

Aprelin 11-də Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin kollektivinin, onu tanıyanların, sevənlərin əhatəsində bu gözəl, istedadlı və eyni zamanda işgüzar xanımın 70 illik yubileyi qeyd edildi. Yubiley ərəfəsində saysız-hesabsız dostları, sevimli kollektivi onun barəsində xoş sözlər dedi. Bəziləri təbrik dolu ürək sözlərini şeirlə, kimi də gözəl, ətirli gül dəstələri ilə ifadə etdi. Amma təbriklərin hər birində, ürəyi geniş, kollektivini çox sevən, pedaqoqlarını dəyərləndirən Qəmər Quliyevaya səmimi hisslər var idi.

Qəmər Quliyevanın atası tanınmış neft mütəxəssisi olub, 1945-ci ildə işi ilə bağlı ABŞ-a ezam olunub. Qəmər xanım da 1946-cı ildə Nyu-York şəhərində dünyaya gəlib. Atası okeanın o tayında ezamiyyətini başa vurduqdan sonra ailələri Bakıya qayıdır. Qəmər xanım indiki Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyur, sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzəriyyə fakültəsində ali təhsil alır. Təhsil aldığı müddətdə 2 nömrəli musiqi məktəbində müəllimliklə də məşğul olur.

Ali təhsilini başa vurduqdan sonra, 1986-cı ilədək Mədəniyyət Nazirliyinin Təhsil və kadrlar şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 1986-cı ildən isə Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin direktoru vəzifəsində çalışır. Musiqi təhsili sahəsində xidmətləri dövlətimiz tərəfindən qiymətləndirilib, 1991-ci ildə ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Daim insanlara dəstək olan Qəmər xanımın Səbail rayonundan iki dəfə bələdiyyə seçkilərində namizədliyi irəli sürülüb və hər iki seçkidə əhalinin etimadını qazanıb.

70 illik yubileyi onun üçün ikiqat əlamətdar hadisədir. Çünki bu yubileylə bərabər, həm də sevimli yerində fəaliyyətinin 30 illiyi qeyd edilir. Dünya şöhrətli müğənni, böyük sənətkar Rəşid Behbudovun adını daşıyan, şəhərdə ən tanınmış musiqi məktəbləri sırasında olan müəssisəyə rəhbərlik etmək onun üçün həmişə fəxr olub. O, yüksək peşəkarlıq qabiliyyətinə malik, qayğıkeş və uzaqgörən insandır. Sevdiyi kollektivlə çiyin-çiyinə çalışmağı özünə hər zaman şərəf sayır.

Rəhbər kimi məqsədyönlü, iradəli, çox savadlı və ən başlıcası, öz işinin vurğunu olan bir insandır. Həyatını, enerjisini işinə fəda edən Qəmər xanım uşaqlara böyük sevgi bəxş edir. Yetirmələri, həmkarları arasında hörmət qazanmasının səbəbi də elə budur. O, heyrətamiz dərəcədə müasir, yüksək ünsiyyət mədəniyyətinə malik xanımdır. Məktəbdə rəhbərlik etdiyi müddətdə hər bir şagirdin potensialını açmağa, onun istedadının parlamasına yardım edib. Müəllim heyətinə inamı və dəstəyi kollektivin hər zaman birincilər sırasında olmasına zəmin yaradıb. Məktəbdə onun qayğısı sayəsində gözəl bir yaradıcı atmosfer yaranıb. Əldə olunan uğurlar da bu yaradıcı, məhsuldar əməyin, həm də yüksək tələbkarlığının bəhrəsidir. Rəhbərlik etdiyi dövrdə məktəbin uğurları da az olmayıb. Məktəbin tarixinə aid kitablar, şagirdlərin beynəlxalq müsabiqələrdə qazandıqları nailiyyətlər bu sıradandır.

O, zahirən çox zərif, amma iradəli və güclüdür. Həyatsevərlik duyğusu onu fərqləndirən xüsusiyyətidir.

Yubiley ərəfəsində Qəmər xanımla söhbətimiz də maraqlı alındı. Bildirdi ki, musiqi məktəbində çalışmağın özü böyük zövqdür: “Mən taleyimə çox minnətdaram ki, 1986-cı ildən bu məktəbə rəhbərlik etmək öhdəmə düşüb. Uşaqları musiqi aləminə cəlb etmək, onları dünyanın gözəlliklərini, zərifliyini dərk etməyə alışdırmaq çox vacib və məsuliyyətli vəzifədir. Uşaqlara musiqinin sirlərini öyrətmək onların daxili aləmini zənginləşdirməyə və ümumbəşəri mədəniyyətə qovuşmağa xidmət edir”.

Musiqi sahəsinə gəlməyini, uşaqlıq illərini xatırlayan Qəmər xanım deyir: “Mürəkkəb həyat yolu keçmişəm. Evdə valideynlərim musiqiyə marağımı görürdülər. Bu da gendən gəlirdi. Atam neft sahəsi üzrə tanınmış alim, mütəxəssis olsa da, vaxtilə Qurban Pirimovun istedadlı şagirdlərindən biri olmuşdu. O vaxt Bülbül adına məktəb Konservatoriyanın nəzdində xüsusi məktəb adlanırdı. Mən orada oxuyanda direktorumuz Kövkəb Səfərəliyeva idi. O, məni uşaqlara göstərib deyirdi ki, görün, bu uşağın necə gözəl istedadı var. 5 yaşımdan orada təhsil almağa başladım.

Beləliklə, mənim musiqi ilə həyat bağlılığım başladı. Arzum budur ki, musiqi məktəblərində hər zaman peşəkar pedaqoqlar çalışsın. Mənim üçün kadr potensialı ən vacib şərtdir. Fəaliyyətimdə əsas şərt də hər zaman bu olub. Həyatımın digər bir hissəsi isə ailəmdir. Bu baxımdan özümü xoşbəxt sayıram. Ana, həyat yoldaşı, eyni zamanda xoşbəxt nənə. Həyat devizim hər zaman insanlara kömək etmək, dəstək olmaqdır. Məktəbdə də şagirdlərə hər zaman bu əməlləri təbliğ edirəm. Bu gün mənim ünvanıma deyilən hər xoş söz, zəhmətimin nəticəsidir. Çox şadam ki, əməyim hədər getməyib, bu yaşımda ətrafımdakı insanların sevgisini qazana bilmişəm. İnsanlara xidmət etmək missiyası mənim həyatımın ayrılmaz hissəsidir. Bu əqidə mənə cavan yaşında dünyasını dəyişən böyük müəllim və maarifçi insan, anam Leyla Quliyevadan irsən keçib”.

Qəmər xanımın yubiley tədbiri rəhbəri olduğu məktəbdə böyük ruh yüksəkliyi ilə qeyd edildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova da iştirak edirdi. Böyük şövqlə təşkil edilən mərasim kollektivin ona məhəbbətinin nümunəsi idi. Bizbir daha Qəmər xanımı 70 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı arzulayırıq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 15 aprel.- S. 6.