Həzin
melodiyaların unudulmaz müəllifi
Aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində
tanınmış bəstəkar, Əməkdar incəsənət
xadimi Qəmbər Hüseynlinin
100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Sərgi salonunda muzeyin materialları əsasında görkəmli sənətkarla bağlı fotosərgi təşkil olunmuşdu.
Tədbiri muzeyin şöbə müdiri Xanım Abdinova açaraq bildirdi ki, Qəmbər Hüseynli Azərbaycan bəstəkarlıq məktəbinin olduqca istedadlı və dəyərli bir sənətkarıdır. Yaratdığı hər bir əsər qiymətlidir, mahnıları bu gün də tez-tez səslənir. Ancaq onu çoxlarımız şöhrəti dünyanı dolaşan “Cücələrim” mahnısının bəstəkarı kimi tanıyır.
Pedaqogika üzrə elmlər doktoru Vidadi Xəlilov çıxış edərək sənətkarın təkrarsız yaradıcılığından bəhs etdi. Qeyd olundu ki, Q.Hüseynli musiqi sənəti salnaməsində dərin iz qoyub, bu salnamədə onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri var və belə bir sənətkarın adının əbədiləşdirilməsi onun xatirəsinə böyük ehtiram olardı.
Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova qeyd etdi ki, “Cücələrim” qədər öz müəllifini dünyada tanıdan ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın bir “vizit vərəqi”nə çevrilib. Bəstəkarın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.
Çıxışlardan sonra Qədim Musiqi Alətləri Dövlət Ansamblının müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynova, Ehtiram Hüseynov, Bakı Musiqi Kollecinin tələbələri görkəmli bəstəkarın unudulmaz mahnılarını səsləndirdilər. Qəmbər Hüseynli haqqında çəkilmiş “Qəlbin ay işığında” bioqrafik-sənədli filmindən fraqmentlər göstərildi.
Sonda sənətkarın oğlu Nəsimi Hüseynli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına ailələri adından minnətdarlığını bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 15 aprel.- S. 6.