Qırğızıstan
Qlobal Forumda təqdimat
keçirmək istəyir
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovu qəbul edib.
Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Nazir müavini bu sahədə geniş imkanlar olduğunu vurğulayaraq iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində işbirliyini yüksək qiymətləndirib və onun daha da intensivləşdirilməsinin vacibliyini bildirib.
Səfir Aycigit Buranov aprel ayının əvvəlində Ermənistan-Azərbaycan silahlı qüvvələri arasında cəbhə xəttində yaşanan gərginlikdən danışaraq şəhidlərlə bağlı başsağlığını ifadə edib. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həll ediləcəyinə ümid bəslədiyini deyib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıdan bəhs edən A.Buranov 2013-cü ilin dekabrında Bakıda keçirilən UNESCO Hökumətlərarası Komitəsinin 8-ci sessiyası zamanı qırğız xalqının “Manas”, “Semetey”, “Seytek” epik trilogiyasının təşkilatın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Azərbaycan tərəfindən böyük dəstəyin göstərildiyini məmnunluqla xatırlayıb.
Səfir 25-27 apreldə Bakıda keçiriləcək
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda ölkəsinin
yüksək səviyyədə təmsil ediləcəyini bildirib və bu tədbir
çərçivəsində cari ilin 3-8 sentyabr tarixində
Qırğızıstanın Çolpon-Ata
şəhərində düzənlənəcək 2-ci Ümumdünya Köçəri
Oyunlarının təqdimatının keçirilməsini təklif
edib. Yaxın zamanda bununla bağlı ətraflı müzakirələrin
aparılması barədə razılıq əldə olunub.
Mədəniyyət.- 2016.- 15
aprel.- S. 3.