“Kiçik
retrospektiv”
Bakıda gürcü rəssamın əsərləri nümayiş olunur
Aprelin 15-də Müasir
İncəsənət Muzeyində tanınmış gürcü rəssamı Lia
Şvelidzenin “Kiçik
retrospektiv” adlı fərdi sərgisinin
açılışı olub.
Muzeyin direktoru Xəyyam Abdinov müəllif haqqında tamaşaçılara məlumat verib, onun yaradıcılığından söz açıb. Bildirib ki, Lia Şvelidze 1980-ci illərdən yaradıcılıqla məşğul olur. Rəssam Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Müxtəlif ölkələrdə keçirilən qrup və fərdi sərgilərin iştirakçısıdır. Rəssamlar Altay Sadıqzadə, İnna Kostina, Müseyib Əmirov həmkarlarının yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.
Qonaq çıxışında vurğulayıb ki, Müasir İncəsənət Muzeyində fərdi sərgisinin keçirilməsi onun üçün böyük sınaqdır. O, sərgidə müxtəlif illərdə yaratdığı əsərlərinin nümayiş olunduğunu bildirib.
Rəssamın sərgidə nümayiş olunan əsərlərinin hamısı qadın mövzusuna həsr olunub. Qadınlar əsərlərdə müxtəlif ovqatlarda, durumlarda, görkəmlərdə təsvir olunub. Müəllif əsərlərində qadının cəmiyyətdə yerini göstərməyə çalışır, onların qabaqcıl obrazlarını yaradır. Lia Şvelidze kətan üzərində çox sərbəstdir, dəqiq təsvirlərdən qaçır, daha çox hissiyyatını ifadə etməyə çalışır. Onun istənilən əsərində qara rəngin üstünlüyünə rast gəlirik.
Sərgidəki əsərlər kətan üzərində akril texnikası ilə işlənib. “Uzaqdan baxış”, “Sənəddə tək”, “Müasir”, “Yorğunluq”, “Ofisdə istirahət”, “Yuxu”, “Gürcüstanda toy”, “Səs”, “Söhbət”, “Dənizdə”, “1930-cu illər”, “Qoy tüstü sizin kədərinizi aparsın”, “İntizar”, “İnteryerdə” və s. əsərlərin başlıca cəhətlərindən biri də iriölçülü olmalarıdır. Eyni zamanda tez-tez tablonun hissələrə bölünməsinin şahidi oluruq. Hər hissə öz-özünü ifadə edir, lakin eyni fonda bütövlük yaradır. Müəllifin özünəməxsus cazibəsi əsərlərində də hiss edilir.
Sərgi mayın 16-dək davam
edəcək.
Mədəniyyət.- 2016.- 20
aprel.- S. 16.