"Sərhədsiz
istedadlar” sərgisi
Aprelin 15-də İçərişəhərdəki
“Bakı” Rəsm Qalereyasında “Mickey`s house” məktəbəqədər təhsil
müəssisəsinin Azərbaycan Rəssamlar İttifaqı
və qalereya ilə birgə layihəsi əsasında
"Sərhədsiz istedadlar" sərgisi
keçirildi. Beynəlxalq Mədəniyyət
Gününə həsr olunmuş sərgidə
kiçikyaşlı uşaqların əl işləri nümayiş olunurdu.
Qalereyanın direktoru Eldəniz Babayev sərgi iştirakçılarının müxtəlif mövzulara müraciət etdiklərini və yaşlarına görə böyük bacarıq nümayiş etdirdiklərini diqqətə çatdırdı. Bildirdi ki, sərginin təşkil olunmasında məqsəd uşaqlarda bədii zövqü yaratmaq, onlara milli-mənəvi dəyərləri aşılamaq, ölkəmizi sevdirməkdir.
Xalq rəssamı Arif Hüseynov kiçikyaşlı rəssamların dünyagörüşünün formalaşmasında belə sərgilərin böyük önəmini vurğuladı. O, nümayiş olunan rəsmlər içərisində ümidverici, uğurlu işlərin çox olduğunu bildirdi.
Tədbirdə Təhsil Nazirliyi Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun aparıcı məsləhətçisi Kəmalə Səfərəliyeva, “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi də iştirak edirdi.
Çıxışlarda uşaqların rəsmləri yüksək dəyərləndirildi. Qeyd edildi ki, qrafika, rəngkarlıq, dekorativ-tətbiqi sənət, bədii tikmə və başqa sahələri əhatə edən işlər uşaqların böyük istedadından soraq verir.
3-6 yaşlı uşaqların nümayiş olunan 100-ə yaxın əl işi vətənpərvərlik, təbiət təsvirləri, sualtı, kosmik həyat və başqa mövzulardadır. Sonda sərgi iştirakçılarına sertifikatlar verildi.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 20
aprel.- S. 16.