Elektron kitabxanaların problemləri müzakirə olundu

 

Aprelin 15-də AMEA İnformasiya Texnologiyaları İnstitutundaElektron kitabxanaların formalaşması problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirildi. Bakı Dövlət Universiteti, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AKİK) və AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) ilə birgə təşkil olunan konfransda əlaqədar dövlət qurumları, ali təhsil müəssisələri, AMEA-nın elmi-tədqiqat institutlarının əməkdaşları iştirak edirdi.

 

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi Rasim Əliquliyev belə bir aktual məsələnin müzakirəsi üçün alim və mütəxəssislərin bir araya gəlməsinin böyük önəm daşıdığını vurğuladı.

“Gələcək nəsil elektron kitabxanaların formalaşması perspektivləri” adlı məruzə ilə çıxış edən R.Əliquliyev bildirdi ki, xalqımızın tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsinin toplanıb saxlanması, biliklərin yayılması və gələcək nəsillərə çatdırılmasında e-kitabxanaların rolu böyükdür. Qeyd olundu ki, indi qarşıya qoyulan ən önəmli məsələlərdən biri e-kitabxanaların beynəlxalq standartlara uyğunlaşdırılması və dünya informasiya məkanına inteqrasiyanın təmin edilməsidir. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada informasiya cəmiyyətinin inkişafı şəraitində milli kontentin genişləndirilməsinin, ölkəmizin milli-mədəni irsinin qorunub saxlanılması və inkişafının, əhalinin çağdaş texnologiyalardan istifadəsinin vacibliyinin qeyd olunduğu diqqətə çatdırıldı.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin sektor müdiri Lətifə Məmmədova bildirdi ki, son 10 ildə e-kitabxana işinin təşkili məqsədilə ölkəmizdə böyük işlər görülüb. Ölkə başçısı kitabxanaların inkişafı sahəsində mühüm sərəncamlar imzalayıb. Bundan başqa, 2008-2013-cü illəri əhatə edən dövlət proqramı qəbul edilərək icra olunub, e-kitabxanalar yaradılıb. Çıxışçı dünyada ilk e-kitabxananın 1960-cı ildə ABŞ-da qurulduğunu bildirdi, qarşıdakı illərdə e-kitabxanaların bütün Yer kürəsi əhalisi üçün əlyetərli olacağını söylədi.

BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov “Azərbaycanda korporativ e-kitabxana şəbəkəsinin yaradılması modeli: problemlər və perspektivlər”, AMEA MEK-in direktoru Leyla İmanova “E-kitabxanaların qarşılıqlı inteqrasiya problemləri”, AKİK-in milli koordinatoru Cəmilə Yusifova “Beynəlxalq elmi bazalarda rəqəmsal kitabxanaların axtarış imkanları və tədris prosesində informasiya təminatının təşkili” mövzularında çıxışlar etdilər.

Konfrans müxtəlif bölmələr üzrə işini davam etdirdi.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 20 aprel.- S. 13.