Bakıda sağlamlıq turizminə dair seminar

 

Aprelin 15-də Bakıda “New Baku” hotelində “2-ci tip şəkərli diabet xəstəliyinin müasir üsullarla nəzarət altına alınması” mövzusunda seminar keçirildi.

 

Azərbaycanda fəaliyyət göstərən tibb mərkəzləri, özəl və dövlət xəstəxanaları və turizm şirkətləri nümayəndələrinin qatıldığı təqdimat “Medicalpark” xəstəxanalar şəbəkəsinin Azərbaycandakı nümayəndəsi “Millennium Tourism & Congress DMC” tərəfindən təşkil olunmuşdu.

Tədbirdə çıxış edən “Medicalpark”ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Pınar Belendir bildirdi ki, şəbəkənin Türkiyənin 17 şəhərində 26 xəstəxanası fəaliyyət göstərir. Onun sözlərinə görə, bu xəstəxanalarda ildə 77 min nəfər müalicə olunur. “Medicalpark”ın tibb ocaqlarında təcrübəli və bacarıqlı həkimlər çalışır. Burada xəstələrə hər cür xidmət göstərilir. Hava limanında qarşılanmadan tutmuş, hotellərdə yerləşdirilməyə qədər bütün xidmətlər xəstəxanalar tərəfindən həyata keçirilir.

Medicalpark” xəstəxanalarında xüsusilə onkoloji, kardioloji, mədə-bağırsaq, sinir sistemi xəstəlikləri, şəkərli diabetin müalicəsi, orqansümük iliyi köçürmələri yüksək səviyyədə həyata keçirilir. Bir il ərzində 600-dən çox insana müxtəlif orqanlar köçürülür.

Sonra doktor Tuğrul Dəmirəl ileal interpozisyon (şəkər əməliyyatı) ilə bağlı iştirakçılara ətraflı məlumat verdi. Bildirdi ki, şəkərli diabet yüz ildir müalicəsinə çalışılan, amma insulin vasitəsilə tənzimlənən bir xəstəlikdir. Bu xəstəlik nəticəsində insanın qaraciyəri, böyrəkləri, mədə-bağırsaq sistemis. öz funksiyasını itirir. Dünya Səhiyyə Təşkilatının bəzi hesablamalarına əsasən, hazırda Çində 92, Hindistanda 80, ABŞ-da 18, Türkiyədə 5,5 milyon insan bu xəstəlikdən əziyyət çəkir. 2030-cu ildə yer üzündə şəkərli diabetdən müalicə alanların sayı 347 milyona çatacaq.

Türkiyəli mütəxəssis əməliyyat barədə məlumat verərək qeyd etdi ki, bu, 2-ci tip şəkər xəstəliyinin müalicəsi üçün xüsusi bir metabolik cərrahi üsuldur. Əməliyyat nəticəsində bədənin ifraz etdiyi insulin hormonunun hədəf orqan olan əzələ və qaraciyərdəki fəaliyyəti bərpa olunur. Xüsusilə şəkər xəstəliyi ilə mübarizədə çətinlik çəkən, yemək yeməyi çox sevən, həyat tərzini dəyişdirə bilməyən, getdikcə daha çox dərman istifadə etmək məcburiyyətində qalan və insulinə baxmayaraq görmə qabiliyyətinin pozulması, ürək çatışmazlığı, damar tutulması, böyrək problemi başlanğıcı kimi ağır çətinliklər yaşayan xəstələrin bu əməliyyata ehtiyacı var. Çünki onların öz sağlamlıqlarına qovuşması üçün ən təsirli üsul məhz şəkər əməliyyatıdır.

Əməliyyat bütün bədəndə yeni bir hormonal tarazlıq meydana gətirir. Bu əməliyyatla tam sağlamlığına qovuşan xəstələrin sayı 95% üzərindədir. Bu xəstələr qidalanmalarında şirniyyata belə yer vermələrinə baxmayaraq, qan şəkərlərini dərmansız olaraq normal səviyyələrdə tutmağı bacarırlar.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 20 aprel.- S. 9.