Milli geyimlərimiz abidə olaraq qalmasın deyə...
Aprelin 18-i günorta
saatlarında yolu Bakı bulvarından,
İçərişəhərdən düşənlər
hər kəsdən seçilən bir dəstə
adam ilə qarşılaşdılar. Yox, onlar qeyri-adi
heç bir hərəkət
etmir, ictimai asayişi də pozmurdular.
Sadəcə, milli geyimlərimizdə
şəhərə çıxmışdılar. Onları maraqla izləyənlərə bildiririk
ki, bu insanlar
Bakı Uşaq Teatrının kollektividir.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən teatrın kollektivi bir ildən çoxdur ki, hər ayın bir gününü milli geyimlərimizə həsr edir, bu geyimlərdə evdən işə, işdən evə gedir, ictimai nəqliyyatdan istifadə edir. Onlar bu fikirdədirlər ki, bu ideyanı ictimai layihəyə çevirməyin zamanı yetişib.
Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan deyir ki, bu təşəbbüsü məhz Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə ictimaiyyətə təqdim etmələri təsadüfi deyil:
- Bizim milli geyimlərimiz elə canlı abidələrimizdir. Onları yaşatmaq, təbliğ etmək - milli mədəni irsimizi təbliğ etməkdir. Əgər xalçamız, kəlağayımız UNESCO-nun irs siyahısına düşübsə, bu, Azərbaycan xalqının dünya sivilizasiyasına töhfəsidir. Üstəlik, bütün fəsillər üçün istər qadın, istərsə də kişi geyimlərimiz çox funksionaldır, həm də insanı yaraşıqlı, qamətli göstərir.
- Bu gün ilk dəfə bütün kollektivlə milli geyimlərimizi təbliğ etdiniz. Təşəbbüsünüz necə qarşılandı?
- Bugünkü tədbirimizi Şəhidlər xiyabanından, Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban getmiş qəhrəmanlarımızın məzarını ziyarət etməklə başladıq. Onlar bizim milli qürurumuz uğrunda canlarını fəda ediblər. Qarşılaşdığımız insanlar geyimimizə görə bizimlə çox maraqlandılar. Amma hiss olunur ki, hələ çoxu milli geyimdə küçəyə çıxmağa hazır deyillər. Məni düz başa düşün, dünyada elə milli geyimlər var ki, mən onları əynimizə geyinməyə utanardım. Halbuki o xalqların rəsmi şəxsləri, tanınmış insanları həmin geyimləri beynəlxalq tədbirlərə fəxrlə geyinirlər. Yəqin ki, biz də hər kəsin qarderobunda heç olmasa bir dəst milli geyimin olacağı günləri görəcəyik.
- Bunun üçün bu təşəbbüsü yaymaq lazımdır...
- Biz istəyirik ki, ayda bir gün təkcə Bakının görməli məkanlarını milli geyimdə ziyarət etməyək, həm də bu təşəbbüsü paytaxtdan kənara çıxaraq, bölgələrimizə yayaq. Əminəm ki, bizim təşəbbüsümüz bizim fikirlərimizi paylaşan, lakin nəyə görəsə milli geyimdə cəmiyyət içinə çıxmaqdan çəkinən hər kəsə cəsarət verəcək.
Tamaşaçısı olmayan tamaşanı qoymağa, geyinilməyəcək libası tikməyə dəyməz. Odur ki, Bakı Uşaq Teatrının bu təşəbbüsü bizim modelyerlərə bir ismarış ola bilər. Bu gün dünyanın tanınan modelyerləri etno üsluba müraciət edirlər. Qoy bizim modelyerlər də milli qiyafələrimizə daha çox diqqət ayırsınlar.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 20 aprel.- S. 8.