Tanınmış
bəstəkarın yubileyi qeyd olundu
Aprelin 18-də Mahnı Teatrında Azərbaycan
Bəstəkarlar İttifaqının təşkilatçılığı
ilə Əməkdar incəsənət xadimi,
tanınmış bəstəkar Tahir
Əkbərin 70 illik yubiley
tədbiri keçirildi.
Tədbir yubilyarın həyat və yaradıcılıq yoluna işıq tutan video-slaydın nümayişi ilə başladı.
Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək həmkarları adından yubilyarı təbrik etdi, bəstəkarın həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Erkən çağlardan musiqiyə maraq göstərib, musiqi məktəbinin fortepiano sinfində oxuyub. Təhsilini Daşkənd şəhərində davam etdirib. Həmzə Həkimzadə Niyazi adına musiqi məktəbini, sonra isə Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının bəstəkarlıq sənəti fakültəsini bitirib.
Sonra yubilyar Tahir Əkbər çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.
Yaradıcılıq gecəsi Aynur İsgəndərlinin ifasında bəstəkarın “El oğlu” mahnısı ilə davam etdi. Qeyd olundu ki, bu mahnı müğənninin ifasında Şanxayda beynəlxalq incəsənət festivalında birinci yeri tutub. Bildirildi ki, bəstəkar müxtəlif janrlarda (xor musiqisi, simfonik, kamera əsərləri) əsərlərin müəllifidir. “Amin“ mahnısı müğənni Brilliant Dadaşovanın ifasında Norveçdə Nobel mükafatının 100 illiyi ilə əlaqədar “Sülhə çağıran musiqi” adlı diskə salınıb.
Tədbirdə sənətkarın “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Əzizim“, “Xoş xəyallar”, “Qalardım“, “Bir qız bir oğlanındır” və s. mahnıları xalq artistləri Samir Cəfərov, Aygün Bayramova, Mübariz Tağıyev, Əməkdar artist Zöhrə Abdullayeva, müğənnilər Ehtiram Hüseynov, Könül Kərimova, Cabbar Musayev və başqalarının ifasında səsləndi.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 20
aprel.- S. 4.