Musiqi sənətimizə dəyərli
səhifələr yazmış sənətkar
Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi
Aprelin 19-da Beynəlxalq Muğam
Mərkəzində Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə tanınmış bəstəkar, Əməkdar incəsənət
xadimi Qəmbər Hüseynlinin
100 illiyinə həsr olunmuş xatirə
gecəsi keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yubiley gecəsinin Prezident İlham Əliyevin bəstəkarın 100 illiyi ilə bağlı müvafiq sərəncamı əsasında təşkil olunduğunu bildirdi.
Qeyd olundu ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə anadan olub, ilk musiqi təhsilini də burada alıb, şəhərdəki orta ixtisas musiqi məktəbinin tar sinfində oxuyub. Sonra Gəncə Pedaqoji Texnikumuna daxil olur. Təhsil illərini gələcəyin böyük bəstəkarı Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayır. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Q.Hüseynli daha sonra Bakıda Musiqi Texnikumunun violonçel sinfində təhsilini davam etdirir.
Nazir müavini bildirdi ki, görkəmli bəstəkarın yaradıcılığında mahnı və romanslar mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki zəriflik ürəkləri fəth edib.
Q.Hüseynli milli musiqi sənəti xəzinəmizə dəyərli səhifələr yazmış sənətkarlardandır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri var. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.
Gecənin aparıcısı, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov sənətkarın musiqi incəsənətində əfsanəyə dönmüş insanlardan biri olduğunu qeyd etdi. Bildirdi ki, Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən bəstəkar Azərbaycan musiqisinin saflığı naminə çalışıb. Q.Hüseynlinin yaradıcılığı janr baxımından çoxşaxəlidir, buraya mahnılar, kamera əsərləri, xalq çalğı alətləri üçün musiqilər və digər janrlarda əsərlər daxildir.
Sonra Gəncə Dövlət Filarmoniyasının "Göygöl" ansamblının (bədii rəhbər - Xalq artisti Fikrət Verdiyev) müşayiəti ilə Q.Hüseynlinin mahnılarından ibarət konsert proqramı təqdim olundu. Konsertdə "Tellər oynadı", "İnsafsızsan sən", "Bulağa gəlsin", "Cücələrim" və başqa mahnıları ifa olundu. Mahnıları Xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Zakir Əliyev, Babək Niftəliyev, Sevinc Sarıyeva və başqaları ifa etdilər.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 20
aprel.- S. 2.