Multikulturalizm Azərbaycanda tarixi
hadisədir
Multikulturalizm ili - 2016
Sivilizasiyalar Alyansının Bakıda
keçiriləcək Qlobal
Forumu ölkəmizdəki
bu zəngin irsi dünyaya daha geniş tanıdacaq
Xəbər verdiyimiz kimi, aprelin 25-27-də ölkəmizdə
Birləşmiş Millətlər
Təşkilatı (BMT) Sivilizasiyalar
Alyansının 7-ci Qlobal
Forumu keçiriləcək.
Ölkəmizin sivilizasiyalar
və mədəniyyətlərarası
dialoqa töhfələri,
eləcə də Sivilizasiyalar Alyansının
Qlobal Forumunun Bakıda keçirilməsinin
önəmi nəzərə
alınaraq Prezident İlham Əliyev tərəfindən 2016-cı il
Azərbaycanda “Multikulturalizm
ili” elan edilib.
Beynəlxalq tədbir ölkəmizə
hansı üstünlüklər
qazandıracaq, Azərbaycanın
dünya üçün
önəmi nə olacaq? Bu və başqa suallarla bağlı mütəxəssislərin
düşüncələrini öyrənməyə çalışdıq.
Forumun mühüm töhfələri
olacaq
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
professoru, tarix elmləri doktoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının
prezidenti Fuad Məmmədov ölkəmizin
ev sahibliyi edəcəyi növbəti
beynəlxalq tədbirin
həm siyasi, həm də mədəni baxımdan böyük önəm daşıdığını bildirir.
Onun sözlərinə görə,
indi dünyada gərginlik ocaqları çoxdur. Belə tədbirlərin məqsədi
dünyanı çətin
durumdan çıxarmaq
üçün yollar
aramaqdır: “Harvard Universitetinin
Strateji Araşdırmalar
Mərkəzinin keçmiş
direktoru Samuel Hantinqton
“Sivilizasiyaların toqquşması
və dünya nizamının yenidən qurulması" əsərində
sivilizasiyaların etnomədəni
prinsiplər əsasında
qarşıdurması konsepsiyasını
irəli sürmüşdü.
O deyirdi ki, yaşadığımız dünyada
daha çox mədəni münaqişələr
baş verəcək.
Bununla bağlı dünyanı düzgün
idarə eləmək
gərəkdir. Dünya
kulturologiyasının korifeylərindən
Arnold Toynbi isə deyirdi ki, istənilən
ölkə müəyyən
bir təhlükə ilə qarşılaşa
bilər. Bunu dayandırmaq üçün
mütləq həmin
xalqın ziyalıları
bir araya gəlməlidirlər. Neçə
illərdir, Azərbaycanda
beynəlxalq humanitar tədbirlər keçirilir.
Həmin tədbirlərdə
müxtəlif ölkələrdən
tanınmış siyasi,
ictimai xadimlər, alimlər, mədəniyyət
xadimləri iştirak
edirlər. Bütün
bunlar ölkəmizi dünyada tanıdır. Qarşıdakı forum da
bu baxımdan bizə böyük töhfələr verəcək,
ölkəmizin nüfuzu
dünyada daha da artacaq”.
Bu il ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinin əlamətdar fakt olduğunu deyən həmsöhbətim bildirir
ki, dünyanın bir çox ölkələrində multikulturalizm
siyasəti baş tutmadı. Ona görə ki, çox ölkələrdə
etniklər hegemon xalqın içində “əridilir”: “Multikulturalizm
ölkədəki müxtəlif
dinləri, etnosları
bir ahəngə gətirmək, milli maraqlara uyğun onları inkişaf etdirməkdir. Ölkəmizin
multikulturalizm sahəsindəki
uğurları dünyaya
yayılır. Azərbaycanda
azsaylı xalqlar, etnik qruplar çox
sərbəst şəkildə
adət-ənənələrini, mədəni irslərini yaşadır, inkişaf etdirirlər. Multikulturalizm
Azərbaycanda tarixi hadisədir. Qədimdən
bizdə türk, ellin, zərdüştilik,
xristian, eləcə də müsəlman mədəniyyətləri birgə
inkişaf edib, müxtəlif etnoslar bir ailə kimi
yaşayıblar və
bu gün də yaşayırlar. Bu,
dünyaya örnəkdir.
Təsadüfi deyil ki, artıq bır sıra ölkələrdə ali
məktəblərdə Azərbaycanın
multikulturalizm modeli tədris olunur”.
Professor F.Məmmədov deyir ki, mədəniyyətlərin
harmoniyasını təmin
etmək üçün
dünyada böyük
kulturoloji işlər
aparılmalıdır. O, ağıllı
insan tipindən mədəni insan tipinə keçilməsi
ideyasının müəllifidir
və bunu çıxışlarında, yazılarında təbliğ
edir: “Multikulturalizmin açarı kulturologiyadır.
Kulturologiya insanın həyat fəaliyyəti haqqında elmdir. Ölkədə mədəni
insanların sayı nə qədər çox olsa, təhsil və elmin yardımıyla dünyada qüdrəti daha da artar.
Mədəni insanın
beş göstəricisi
var: bilik, bacarıq, mütəşəkkillik,
mənəviyyat və
yaradıcı fəaliyyət.
Çox adam mədəniyyəti dar anlamda anlayır. Əslində isə insan fəaliyyətinin bütün sahələri
mədəniyyətdir. Mədəni
insan səviyyəsinə
yüksəlməklə fərdlər
çox nöqsanlardan
qurtula biləcəklər.
Çağdaş insanın
mədəni olmağa
gücü çatır”.
Azərbaycan-alman dostluğu ölkəmizdəki
multikultural mühitin tarixi örnəyidir
Bakı
Slavyan Universitetinin professoru, “Alman-Azərbaycan
Cəmiyyəti”nin sədri
Çingiz Abdullayev isə hesab edir ki, BMT Sivilizasiyalar
Alyansının VII Qlobal
Forumu Azərbaycanın
qarşısında hər
mənada geniş imkanlar açacaq: “Birinci böyük imkan elə tədbirin ölkəmizdə
təşkilidir. Bu, dünyanın
ölkəmizə olan
inamının təsdiqidir.
Forum dünya miqyasında
böyük tədbirlərdən
sayılır. Tədbirdə
dünyanın müxtəlif
ölkələrindən çox
nüfuzlu şəxslər
iştirak edəcəklər.
Onların ölkəmiz
haqqında həqiqətləri
canlı eşitmək
və görmək imkanı olacaq. Bu bir fürsətdir ki, özümüzü dünyaya bir daha tanıdaq. Bu işdə forum iştirakçıları
ilə təmasda olacaq hər birimizin, eləcə də qonaqlarla işləyəcək könüllülərin
üzərinə böyük
vəzifələr düşür”.
Həmsöhbətim qeyd edir ki, dünyada
qloballaşmanın gücləndiyi
bir çağda ölkəmizdə multikultural
dəyərlər inkişaf
etdirilir. Diqqətlə
baxanda bu iki anlayış arasında böyük təzad görünməkdədir.
Çünki dünyada
böyük güclər
kiçik xalqları,
mədəniyyətləri sıradan çıxarmağa
çalışırlar. Tarixən
bizim də mədəni sərvətlərimizin
dəyərli bir hissəsi daşınıb
aparılıb, indi dünyanın məşhur
muzeylərində saxlanılır:
“Böyük Britaniyadakı
Viktoriya və Albert Muzeyində çoxlu etnoqrafik örnəklərimiz,
qədim xalçalarımız
saxlanılır. Bu haqda
ötən il İngiltərədə çıxan
kitabımda yazmışam.
Almaniyanın Mayns şəhərindəki Quttenberq
Muzeyindəki xalçalarımız
öncələr farslarınkı
kimi təqdim edilmişdi. Müstəqillikdən
sonra onların Azərbaycana aid olduğu qeyd edildi”.
Ç.Abdullayev bildirir ki, orta yüzillərdə Qərb ölkələrindən
Azərbaycana gələn
səyyah və diplomatlar çox olub. Azərbaycanda olan multikurtural mühit qərbliləri valeh edib, onlar
tarixi şəhərlərimizdə
çox olub, xalqımızın tarixini,
mədəniyyətini dərindən
öyrəniblər. Sonrakı
dönəmdə bu, Simenslərin, Nobellərin
ölkəmizə gəlmələrinə
zəmin yaradıb:
“1817-ci ildə böyük
alman icması Qafqaza köç edib. Əvvəl Gürcüstan ərazisində
məskunlaşıblar, sonra
Azərbaycanın qərbinə
köçüblər.
1819-cu ildə 5 min alman ailəsi indiki Göygöl və Şəmkir ərazisində
yerləşib. Sonralar
onların sayı
30-40 minə çatıb.
Onlar ölkəmizdə
çox rahat şəraitdə yaşayıblar.
Yeri gəlmişkən,
Azərbaycan və Gürcüstanın birgə
təşəbbüsü ilə almanların Cənubi Qafqazda yerləşmələrinin 200 illiyi
gələn il UNESCO səviyyəsində qeyd ediləcək”.
Qeyd etdiyimiz kimi, Ç.Abdullayev “Alman-Azərbaycan Cəmiyyəti”nin sədridir, iki xalq arasındakı mədəni münasibətlərin tarixini dərindən öyrənib. Müsahibim bildirir ki, Azərbaycanda tarixən multikultural mühit çox güclü olub: “Almanların ölkəmizdə ilk kilsəsi 1854-cü ildə Göygöldə tikilib. 1898-ci ildə Bakıda alman kirxası inşa edilib. 1911-ci ildə isə Şəmkirdə kilsə tikiblər. İndi müxtəlif ölkələrdən yaşamaq üçün insanlar Almaniyaya gedirlər. Vaxtilə almanlar Azərbaycana yaxşı yaşamaq üçün gəlmişdilər. Onlar həmişə bizim xalqdan razı qalıblar. Almanlar 1941-ci ildə Stalinin əmri ilə buradan Qazaxıstan çöllərinə sürgün olundular. Amma onların tarixi irsi, abidələri bu gün də qorunur. 2003-cü ildə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Almaniyanın Mayns şəhərində Azərbaycan mədəniyyəti günlərini keçirdik. Azərbaycan Milli Kitabxanasında saxlanılan 2000 qədim alman kitabının kartotekasını hazırlayıb təqdimatını eləmişik. Bu yaxınlarda hər iki xalqın dostluğuna həsr olunan “Simenslər Azərbaycanda və Gədəbəydə” adlı elmi konfrans keçirəcəyik. Çalışdığım Bakı Slavyan Universitetində “Alman dili və mədəniyyəti mərkəzi” fəaliyyət göstərir. Bir sözlə, hər iki xalq arasında mədəni əlaqələr çox yüksəkdir və bu fakt da özlüyündə ölkəmizdəki tarixən bərqərar olmuş multikultural mühitin bu gün də davam etməsinin bir göstəricisidir”.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 10.