Dərsə
hazırsınız? Vaxt az
qaldı...
Bazar günü
Azərbaycan Dövlət Rus Dram Teatrı Viktor Korkiya və Aleksandr Lavrinin pyesi əsasında
«Kazanova: Sevgi dərsləri»
tamaşasının premyerasını təqdim edəcək.
Premyera öncəsi tamaşanın quruluşçu rejissoru İlqar Safat ilə ayaqüstü söhbət etdik. Kinosevərlərin bir neçə filmin (“Sahə”, “İçərişəhər” və s.) quruluşçu rejissoru kimi tanıdıqları İ.Safat indiyədək bu teatrda C.Ostinin eyniadlı romanı əsasında «Qürur və qərəz», Xalq artisti Murad Yegizarovun yubileyi münasibətilə «Artist və onun kölgəsi» tamaşalarını hazırlayıb.
Həm kinoda, həm də teatrda çalışmaq ənənəsinə Azərbaycan rejissorluq məktəbi tarixində seyrək rast gəlindiyinə işarə edərək bu ikitərəfli fəaliyyətə meylin səbəbini soruşuram:
- Bilirsiniz, kino elə bir sahədir ki, rejissor filmlər arasında bəzən 2-3 il fasilə etməli olur. Teatr isə davamlı işləyən orqanizmdir. Həm işləyirsən, ideyalarını gerçəkləşdirirsən, həm də aktyorları tanıyırsan. Şəxsən mən həm kinoda, həm də teatrda işləməyi sevirəm.
- Tamaşanın cəlbedici adı var: «Kazanova: sevgi dərsləri». XVI-XVII əsrlərdən üzü bəri Avropa ədəbiyyatında geniş yayılan ürəkçalan kişilərin yarıgerçək, yarımifik prototipi olan iki qəhrəman - Kazanova və Don Juan bu tamaşada rastlaşır.
- Elədir. Kazanovanın memuarları çap olunsa da, hələ də kimsə onun qələmə aldığı xatirələrdə nəyin tam gerçək, nəyinsə təxəyyül olduğunu dəqiq bilmir. V.Korkiya və A.Lavrinin bu pyesində hadisələr bir qədər fərqli cərəyan edir. Tamaşanın məzmununu danışmaq istəmirəm, amma deyə bilərəm ki, yumoristik, mistik və eyni zamanda poetik ruhlu tamaşa qurmağa çalışmışıq.
- Bayaq səhnədə tamaşanın dekorasiyasını qururdular. Qurulan karkası həm qülləyə, həm də vaxtilə Avropada qadın geyimlərində paltarın ətəyini tort şəklində saxlayan çənbərə bənzətdim. Pyesdəki hadisələr də Kazanovanın qəsrin qülləsindəki hücrəsindən başlayır...
- Bəli, həmin karkas qüllə yox, elə dediyiniz o tuman çənbəridir. Tamaşada başqa dekorasiya yoxdur deyə, quruluşçu rəssam Mustafa Mustafayev ilə belə fikirləşdik ki, hadisələr o çənbərin altında baş versin.
- Baş rolda Xalq artisti Fəxrəddin Manafov çıxış edir. Əvvəllər kinoda daha çox üsyankar ruhlu gənclər, son zamanlar isə hökmdar obrazlarını yaradan tanınmış aktyorun Rus Dram Teatrında debütüdür...
- Pyesi oxuyan kimi hiss etdim ki, bu rolu Fəxrəddin Manafovdan başqa bir aktyorun ifasında görmürəm. Tamaşada Xalq artisti Yuri Baliyev, Əməkdar artist Firdovsi Atakişiyev də məşğuldur. Belə istedadlı və təcrübəli aktyorlar ilə bir səhnəni paylaşmaq gənclər üçün əsl məktəbdir.
- Frans - Don Juan obrazını
kimə tapşırmısınız?
- Aktyor Murad Məmmədov əslində
bu tamaşada iki rolu - bir-birindən
tam fərqli iki xarakteri ifa edir,
Anna obrazı isə başqa bir istedadlı gəncə - Yeganə Hüseynliyə həvalə edilib. Hamınızı
«Kazanova: Sevgi dərsləri» tamaşasına
baxmağa dəvət
edirik.
Qeyd edək ki, yeni tamaşa aprelin 24-də və 30-da oynanılacaq. Pyesin məzmunu, aktyor heyəti estetik zövq vəd edir. Baxaq-görək Kazanovanın sevgi dərsləri necə keçir...
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 6.