“Burada,
həqiqətən, yaradıcı mühit
var”
Litvalı xoreoqraf Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
Bakı Xoreoqrafiya Akademiyasında Litvadan dəvət olunmuş məşhur xoreoqraf, bu ölkənin Əməkdar artisti Petras Skirmantas ustad dərsləri keçib. Bir həftə ərzində klassik rəqsin incəlikləri, klassik rəqsdə yeni cərəyanlar və hərəkətlər barədə tələbələrə dərs keçən xoreoqraf, akademiyanın müəllimləri ilə də görüşüb söhbətlər aparıb. Ustad dərslərinin yekununda xoreoqraf ölkəmiz, tədris ocağı ilə bağlı təəssüratlarını bölüşüb.
Azərbaycana hələ 1991-ci ildə qastrola gəldiyini və Opera və Balet Teatrının səhnəsində “Jizel” tamaşasında iştirak etdiyini deyən xoreoqraf illər sonra Bakıda gördüklərinə heyran olduğunu bildirib: “Nə qədər göydələn, yeni tikili olsa da, Bakının öz siması var. Hər bir tikilidə milli üslub və ornamentlər qabarıq şəkildə görünür. Burada olduğum müddətdə Azərbaycan milli mətbəxini, şirniyyatlarını çox sevdim. İnsanlar isə bir başqa aləmdir. Onlar çox mehriban, gülərüz, hər zaman köməyə gələn və fədakardırlar”.
Bakı Xoreoqrafiya
Akademiyası barədə danışan qonaq
qeyd edib ki, Azərbaycanda xoreoqrafiya
sənətinin Qəmər Almaszadə, Leyla
Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Tamilla
Şirəliyeva və digər görkəmli balet
ustaları yetişib. Bu
yaradıcılıq ənənələri bu
gün də yaşamaqdadır: “Ustad dərslərində iştirak
edən tələbələr çox
diqqətlidir, onlara nümayiş
etdirdiyim hər bir hərəkəti
düzgün və rahat
göstərə bilirlər. Bu işdə
akademiyanın peşəkar müəllimlərinin də rolu böyükdür.
Müəllimləriniz yüksəkixtisaslı mütəxəssis
və əsl peşəkardırlar. Mən özüm
də ustad dərsləri zamanı və
dərslərdən sonra onlarla
apardığım söhbətlərdə çox
şey öyrənmişəm. Ümumiyyətlə,
akademiyada, həqiqətən,
yaradıcı mühit, yaxşı ab-hava var. Akademiyanın rektoru professor Timuçin Əfəndiyevlə, müəllim
heyəti ilə maraqlı görüşlərimiz oldu. İnanıram ki, bir neçə ildən sonra
Bakı Xoreoqrafiya Akademiyası
dünyanın aparıcı xoreoqrafiya
akademiyaları sırasında layiqli yer tutacaq”.
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 6.