Unudulmaz aktrisanın xatirəsi məzarı
başında yad edilib
Aprelin 20-də - milli teatr
və kino sənətimizin unudulmaz siması, Xalq artisti, Dövlət mükafatı laureatı
Nəsibə Zeynalovanın doğum
günündə Mədəniyyət və Turizm
Nazirliyinin, teatr
ictimaiyyətinin nümayəndələri sənətkarın
Fəxri xiyabandakı məzarını ziyarət etdilər. Məzarın üstünə tər
çiçəklər düzüldü,
korifey aktrisanın xatirəsi ehtiramla yad olundu.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında vurğuladı ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, bu il ərzində Nəsibə Zeynalovanın 100 illiyi dövlət səviyyəsində və ölkə miqyasında qeyd ediləcək. Sənətkarın yubileyi ilə bağlı bölgələrimizdəki mədəniyyət ocaqlarında da tədbirlər təşkil olunacaq. Qeyd edildi ki, Nəsibə xanımın ailəsinin xahişi nəzərə alınaraq, əsas yubiley tədbiri noyabr ayında Bakıda keçiriləcək.
Görkəmli aktrisanın həyat yoluna nəzər salan nazir müavini söylədi ki, Nəsibə Zeynalova çox çətinliklərdən keçərək sənətə gəlsə də, aktrisa kimi tez bir zamanda böyük şöhrət qazanıb. 1960-cı ildə respublikanın Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adlarına, 1974-cü ildə Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Azərbaycan səhnəsinin anası, qayınanası adlandırılan aktrisa kinoda və teatrda, televiziyada onlarla obraza can verib.
Ədalət Vəliyev çıxışının sonunda dedi: «Mən Mədəniyyət Nazirliyində çalışmağa başladığım vaxtdan ta Nəsibə xanımın ömrünün sonunadək onunla ünsiyyət saxlamışam, aramızda bir ana-oğul münasibəti var idi. Dəfələrlə onun mənzilində qonaq olmuşam. Ulu öndərimiz Heydər Əliyev də Nəsibə xanımı çox sevirdi. Hansısa teatr tamaşasına baxdığı zaman tamaşaçılar arasında Nəsibə xanımı da görmək istəyirdi. Biz də həmişə Nəsibə xanımı həmin tədbirə dəvət edirdik”. Vurğulandı ki, Nəsibə Zeynalova özündən sonra böyük yaradıcı irs qoyub. Görkəmli aktrisanın oğlu, böyük istedad sahibi Cahangir Novruzov anasının və milli teatr sənətimizin yaradıcılarından olmuş babasının sənət yolunu layiqincə davam etdirir. Cahangir müəllim bu gün qardaş Türkiyədə çalışır və yenə də teatra xidmət edir.
Sonra çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətov böyük sənətkarla bağlı xatirələrini söylədi: «Heç yadımdan çıxmır. O zamanlar Milli Teatr Günü qeyri-rəsmi şəkildə bayram edilirdi. Təşkilatımız «Teatr xadimi» qızıl medalını təsis etmişdi və həmin medalın ilk sahibi Nəsibə xanım oldu. O, ağır xəstə idi, yataqdan qalxa bilmirdi. Buna görə də həmin mükafatı nəvəsinə təqdim etdik. Nəsibə xanım həmin medalı alanda çox sevinibmiş. O, son mükafatını alandan sonra cəmi bir neçə saat yaşadı. Biz çox şadıq ki, həmin medalı Nəsibə xanıma çatdırıb onu sevindirə bilmişdik”.
Qeyd olundu ki, hazırda Teatr Xadimləri İttifaqı Nəsibə Zeynalova haqqında kitab hazırlayır. Həmin kitab Azərbaycan, ingilis və rus dillərində çap ediləcək. Əsas yubiley tədbiri ərəfəsində kitabın təqdimatı keçiriləcək.
Uzun illər Nəsibə xanımla televiziya tamaşalarında çıxış etmiş, onunla eyni filmdə tərəf-müqabil olmuş Xalq artisti, professor İlham Namiq Kamal da görkəmli aktrisa barədə fikirlərini bölüşdü: «Azərbaycanın elə bir ucqar kəndi yox idi ki, Nəsibə xanım orada çıxış etməsin, öz pərəstişkarları ilə görüşməsin. Nəsibə xanım öz xalqı ilə fəxr edən, onun acısı və sevinci ilə yaşayan sənətkar idi. Mən xoşbəxtəm ki, Nəsibə xanımla tarixə düşən eyni filmdə çəkilmişəm. Çəkiliş zamanı mən onun hər kəsə ana qayğısı bəslədiyini hiss etdim. Nəsibə xanım dünən də var idi, bu gün də var, sabah da olacaq. Qəbri nurla dolsun».
Sonda aktrisanın nəvəsi Nəsibə Əsgərova ailəsi adından Nəsibə Zeynalovanın xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına, Mədəniyyət və Turizm Nazirliyinə, sənətkarın uzun illər çalışdığı Musiqili Teatrın kollektivinə və anım mərasiminin iştirakçılarına təşəkkürünü bildirdi.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 4.