Fərəh
Əbdülrəhim qızı Şəkinskaya
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Əməkdar mədəniyyət işçisi Fərəh Əbdülrəhim qızı Şəkinskaya 2016-cı il aprelin 20-də 80 yaşında vəfat etmişdir.
Fərəh Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunda təhsil almış Fərəh Şəkinskaya əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlamışdır.
60-70-ci illərdə o, Azərbaycan Mərkəzi Partiya Komitəsinin inspektoru, daha sonra Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin katibi, 1978-1989-cu illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin Mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində çalışmışdır.
F.Şəkinskaya müxtəlif illərdə Nərimanov və 26 Bakı Komissarı adına (indiki Səbail) rayonların deputatı seçilmişdir.
1993-2012-ci illərdə Fərəh Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik etmişdir. Bu illər ərzində kollektiv yeni rəngarəng proqramları ilə respublikamızda və bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, beynəlxalq uşaq festivallarında laureat adını qazanmışdır.
F.Şəkinskaya Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində hər zaman fədakarlıqla çalışmışdır. O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Gözəl və təvazökar insan Fərəh Şəkinskayanın işıqlı və əziz xatirəsi onu tanıyanların və sevənlərin ürəyində daim yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 4.