Tariximizin qan daman səhifələri

 

“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı” kitabının təqdimatı keçirildi

 

Aprelin 21-də Milli Kitabxanada “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı” kitabının təqdimatı keçirildi. Kitab Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və AMEA-nın Tarix İnstitutunun birgə layihəsi əsasında hazırlanıb.

 

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq bildirdi ki, Azərbaycan xalqının başına əsrlər boyu çox müsibətlər gəlib. Bu tarixin ən qanlı səhifələri ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarıdır. 1918-20-ci illərdə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar nəticəsində minlərlə soydaşımız qətlə yetirilib. Həmin qətliamların tarixi sənədlərdə, müxtəlif arxiv sənədləri əsasında yazılan kitablarda əksini tapdığını deyən direktor bildirdi ki, bu mövzuda müxtəlif dillərdə minlərlə nüsxə ədəbiyyat Milli Kitabxananın əməkdaşlıq etdiyi dünya kitabxanalarına göndərilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev təqdim olunan kitabın arxiv sənədləri əsasında ərsəyə gəldiyini söylədi. Bildirdi ki, Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini daha dərindən araşdırmaq imkanı əldə edib: “Bu mənada XX əsrdə yaşanmış faciələrə də siyasi, elmitarixi nöqteyi-nəzərdən işıq salmaq imkanları yaranmışdır. Xüsusilə, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Bununla da xalqımız öz real keçmişinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri aydınlaşdırmağa yenidən haqq qazandı. Bu baxımdan təqdim edilən “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı” kitabı böyük əhəmiyyət kəsb edir”.

Vaqif Əliyev əlavə etdi ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları zamanı milli-mədəni abidələrimiz də məhv edilib, bir sıra hallarda ermənilər bu mədəni mirası öz adlarına çıxıblar. Tarixi faktlar əsasında ərsəyə gələn kitablar bütün dünyaya və gələcək nəslə əsl həqiqətləri anladır.

Kitabın layihə müəlliflərindən biri, AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov nəşrin əhəmiyyətindən söz açdı. Bildirdi ki, zəngin arxiv materiallarına əsaslanan tədqiqatlar birmənalı şəkildə sübut edir ki, 1918-1920-ci illərdə Azərbaycanda, ümumiyyətlə, türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirilib. O, Tarix İnstitutunun təşkilatçılığı ilə keçirilən və ermənilərin törətdiyi soyqırımlarına həsr edilən beynəlxalq konfranslar haqqında məlumat verərək bildirdi ki, bu gün artıq bütün dünya erməni riyakarlığının üzünü görə bilir.

Azərbaycan Respublikası hərbi prokurorunun müavini Rasim Kazımov da təqdim edilən kitabın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, prokurorluğun binasında soyqırımı muzeyi yaradılıb. Tarixi sənədlər əsasında sübut olunub ki, ermənilər tək azərbaycanlıları deyil, ləzgi, yəhudi, tatar, talış, avar, kürd və digər azsaylı xalqları da soyqırımına məruz qoyub.

Milli Məclisin deputatları Fəzail İbrahimli, Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin professoru Atamoğlan Məmmədov çıxışlarında bu gün ölkə rəhbərliyinin ideoloji müharibədə alimlərimizə dəstək olduğunu qeyd etdilər. Bildirildi ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası beynəlxalq aləmdə öz bəhrəsini verir.

Qeyd edək ki, nəşrin layihə rəhbərləri AMEA-nın müxbir üzvü Yaqub Mahmudov (həm də redaktoruön sözün müəllifi) və respublikanın hərbi prokuroru, Əməkdar hüquqşünas Xanlar Vəliyevdir.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 3.