İslam dünyası gənc klassik musiqi ifaçılarının müsabiqəsi yekunlaşdı

 

Xəbər verdiyimiz kimi, aprelin 19-dan 21-dək Bakıda islam dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının V beynəlxalq müsabiqəsi keçirilib. “Kainat” Gənclik Mərkəzinin layihəsi olan müsabiqə İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilir.

 

Aprelin 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında müsabiqəyə yekun vuruldu, qaliblər mükafatlandırıldı.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənc nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından danışdı.

Bildirdi ki, artıq ənənəyə çevrilən bu festival-müsabiqə beşinci dəfədir keçirilir. O, beynəlxalq festivalı islam ölkələrinin mədəni əlaqələrinin daha da gücləndirilməsinə xidmət etdiyini vurğuladı.

Təşkilat komitəsinin sədri, “Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə çıxış edərək müsabiqənin əhatə coğrafiyasının ildən-ilə genişləndiyini vurğuladı, gələcəkdə bu layihəyə bütün islam ölkələrinin də qatılacağına ümidvar olduğunu bildirdi. Qeyd olundu ki, müsabiqə iki yaş qrupunda (15 yaşadək və 16-dan 20 yaşadək) keçirilir. Müsabiqənin şərtlərindən birixarici iştirakçıların Azərbaycan bəstəkarlarının bir əsərini ifa etməsidir.

Münsiflər heyətinin sədri, Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova ifaçıların qiymətləndirilməsi barədə məlumat verdi. Bildirdi ki, qaliblər hər ölkədən bir nəfər təmsilçi olan münsiflər heyətinin ümumi qərarı ilə müəyyənləşdirilib.

Sonra qaliblər elan olundu.

Kiçik qrup fortepiano nominasiyası üzrə 1-ci yerə Cavid Cəlilov, 2-ci yerə Jalə İsmayılova, 3-cü yerə Fatimə Vəliyeva (hər üçü Azərbaycan) və Baniasadi Arian (İran) layiq görüldü.

Kiçik qrup orkestr nominasiyası üzrə Toğrul Abdullayev (Azərbaycan) və Daniil Nojkin (Özbəkistan) müvafiq olaraq 1-ci 2-ci yerləri qazandılar.

Böyük qrup fortepiano nominasiyasında 1-ci Cavid Yusifzadə (Azərbaycan), 2-ci Kamil Həsənov (Azərbaycan) oldu, 3-cü yeri Ulutan Nihan (Türkiyə), Lalə Əhmədova (Azərbaycan) və Zebunisso Mirobova (Tacikistan) bölüşdürdülər.

Böyük qrup orkestr nominasiyası üzrə 1-ci yeri Kara Aytaç (Azərbaycan), 2-ci yeri Oserbek Araylım (Qazaxıstan), 3-cü yeri Adila Kilmetova (Başqırdıstan) tutdu.

Sonra ən yaxşı ifaçıya festivalın baş mükafatı - Qran pri təqdim olundu. Bu mükafata Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Məhəmmədəli Paşazadə (Azərbaycan) sahib oldu.

İki nəfərə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatı təqdim olundu. Azərbaycan bəstəkarının əsərinin ən yaxşı ifasına görə Adila Kilmetova (Başqırdıstan) və müsabiqənin qaydalarına uyğun olaraq ən kiçikyaşlı xarici ifaçı nominasiyası üzrə özbəkistanlı Daniil Nojkin təltif olundu.

Mükafatı nazirliyin Elm, təhsil və gənclərlə şöbəsinin Təhsil və gənclərlə sektorunun baş məsləhətçisi Vüqar Baxışov təqdim etdi.

Müsabiqənin iştirakçılarına həmçinin Gənclər və İdman Nazirliyinin, Bakı Musiqi Akademiyasının xüsusi mükafatları da verildi.

Tədbir islam dünyası ölkələrinin gənc klassik musiqi ifaçılarının V beynəlxalq müsabiqəsi qaliblərinin qala konserti ilə başa çatdı.

Qeyd edək ki, yarışmada Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyası (Başqırdıstan), İran, MisirTacikistandan 46 gənc ifaçı iştirak edib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 2.