Bülbülün vəfalı yarı
Həyatda elə
insanlar var ki, dünyadan
köçdükdən sonra əbədi
olaraq qəlblərdə yaşayır, yaddaşlara həkk olunaraq
ölümsüzləşirlər. Bəzən bu cür insanlar
çoxlarının idealına çevrilərək öz həyat təcrübələri ilə
onların yolunu işıqlandırır.
Adelaida xanım belə insanlardan idi.
Aprelin
25-də vəfatının bir ili tamam oldu. Səmimiyyəti, təvazökarlığı, xeyirxahlığı
ilə onu tanıyan hər kəsin dərin rəğbətini qazanan Ada xanım haqqında keçmiş zamanda danışmaq çox çətindir.
Onunla ilk tanışlığım
2012-ci ilin avqust ayına təsadüf etmişdi və ilk gündən sadəliyi, davranışı məni
çox heyrətləndirmişdi...
1922-ci il avqustun
22-də Tiflisdə dünyaya
göz açan, ixtisasca hüquqşünas
olan Ada xanımın həyatının
“nağıl dövrü”
1938-ci ilin yanvarında
Azərbaycan professional vokal
sənətinin banisi Bülbüllə ailə
qurduqdan sonra başlayır. O, həyatının
bu 23 ilini hər zaman gözlərində kədər
və xoşbəxtliklə
bizimlə bölüşərdi.
Biz çox diqqətlə
Ada xanımın xatirələrini dinləyər,
o da bizim suallarla dolu baxışlarımızı cavablandırardı.
Muzeydə yeni çalışmağa
başladığım zaman
Ada xanımın jurnallara verdiyi müsahibələrdən birini
redaktə etmək üçün məqaləni
Ada xanıma oxuyurdum. Məqalənin bir hissəsini
oxuyarkən onun göz yaşlarının
şahidi oldum. Bu məni çox
təsirləndirdi və
mən həmin an illər ötsə də, Bülbülün ölümünün ağrısının
onun qəlbində dünənki qədər
yeni olduğunun şahidi oldum. Onu göz yaşlarına
boğan xatirə bu idi: “1961-ci il sentyabrın 26-da bizdə həmişə olduğu
kimi qonaqlar var idi, deyib-gülüb
söhbət edirdik, xatirələri yada salırdıq. Nədənsə Bülbül xeyli
uşaqlığından, Şuşadan,
oranın səfasından,
təmiz havasından danışdı. Qonaqlar dağılışandan
sonra Bülbül həmişə olduğu
kimi bizə italyanca “gecəniz xeyrə qalsın” deyib yataq otağına
keçdi. Təxminən 10 dəqiqə sonra otaqdan qulağıma xırıltı səsi gəldi. Otağa girib onun nəfəs ala bilmədiyini
gördüm. Hamımız həyəcan içində
idik. Həkim gəldikdə Bülbül
ona artıq gec olduğunu dedi. Mən hələ də
inana bilmirdim ki, Bülbül bizimlə vidalaşır.
Onun son sözləri hələ də qulağımdadır.
“Bağışla, səndən belə tez ayrılıram”.
Bu, Ada xanımın
ən acı xatirəsi idi. Çox sevdiyi
Bülbülün ölümü
onu sarsıtsa da, mübariz olub yaşamaq lazım idi. Övladlarını Bülbülsüz böyütməli idi.
Onların hər ikisi: Çingiz Bülbüloğlu və
Polad Bülbüloğlu
Ada xanımın zəhmətini artıqlaması
ilə doğrultdular.
Bülbülün ölümündən sonra
Ada xanım bütün ömrünü
dahi sənətkarı
əbədi yaşatmaq
üçün həsr
etmişdir. Həyatının ən xoşbəxt
illərini yaşadığı
mənzili, Bülbülün
şəxsi əşyalarını,
sənədləri muzeyin
təşkili üçün
qoruyub saxlamışdır.
Məhz onun fədakar səyləri nəticəsində
bu gün muzeydə 9000-ə yaxın
eksponat mühafizə
olunur. Onun öz zəhməti
ilə qurduğu muzey hamının ziyarət etdiyi ocağa çevrilib.
Ada xanımı kədərləndirən
digər xatirələrdən
biri də Şuşa ilə
bağlı idi.
1983-cü il iyulun 29-da Bülbülün
vətəni Şuşada
ev-muzeyi açılmışdır.
Muzey Bakıdakı memorial muzeyin
filialı idi. Ada xanım Bülbülün
Şuşadakı ev-muzeyini
böyük əməklə
qurduğunu, Şuşaya
gedən çətin
yollarla eksponatların
daşınmasının çətinliyini,
ekspozisiyanın Qarabağ
xalçaları ilə
XX əsrin əvvəllərinə
uyğun tərtib etdiyini böyük həvəs və kədərlə xatırlayırdı.
İşğaldan sonra dağıdılmış
evin, talan olunmuş ekspozisiyanın şəkillərinə kədərlə
baxar, bir gün o torpaqlara qayıdacağımıza inanaraq
ekspozisiyanı dəqiqliklə
bizə göstərər,
tövsiyələr verərdi.
Ada xanımla bağlı xatirələrim hər an yaddaşımdadır. Sonuncu xatirəm isə onunla vida gününə
təsadüf edir.
Aramızdakı yaş
fərqinin çox olmasına baxmayaraq, Ada xanımın gənc ruhlu insan olması bu fərqi aradan
qaldırmışdı və
həmin gün mən sanki ən yaxın dostumla vidalaşırdım...
Bu xatirənin təsəllisi
onun ölümsüzləşdirdiyi
Bülbül irsi, ömrünün sonuna qədər qoruyub saxladığı memorial muzey...
Ölümündən illər keçsə də tarix onu
hər zaman yaşadacaq. Bu muzey var olduqca, Bülbül
səsi yaşadıqca
onlar həyatlarının
ən gözəl illərini keçirdikləri
bu evdə əbədi yaşayacaqlar...
Fərqanə Cabbarova
Bülbülün Memorial Muzeyinin direktoru
Mədəniyyət.- 2016.- 27
aprel.- S. 14.