Böyük sənət
manifestli
Çağlar həyat eşqli, elm, ədəb-irfan yollu, Vətən-Xalq hallı bir pir İnsan...
Əl qoyduğu,
baş qoşduğu hər sahədə ayrıca bir cah-cəlal
idi - Mir Cəlal...
Ədiblikdə
bədii-həyati situasiyalar ustadı, alimlikdə məna-məntiq
nümunəsi, pedaqoqluqda “yetim-yesir atası”, adamlıqda
xoş görülər butası. Onun tələbələrə
yanaşma, müxtəlif (ədib, alim, müəllim) həmkarlarıyla
qonuşma “janr”larında da bir mehri istedad, sehri
obrazlılıq vardı, vallah...
Bu and-bəndim onu canlı görməyənlərədir. Xüsusən, o
çağlar ali məktəblərimiz
içrə “universitet” adı daşıyan ADU-da (BDU), az
qala, bir eralıq Müəllimliyinə şahidlik etməmişlərədir.
Görsəydiniz, billah, siz də onun sehrli bio-“surət”lərindən,
kolorital-universal mühazirələrindən ənənəvi-ordinar
maarifilikdən əlavə, aqil-arifi dirçəlişə,
naxış-baxışlarından melo-filoloji dincəlişə
qərq olardınız. Müsahiblərilə
münasibətlərinə heyran qalar, rəfiqlərinə
ülfətindən şəfəqlənərdiniz. Ürəkdən güləndə, elə bilərdiniz
bütün klassik ədəbiyyatımız gülür, Nuh
mayalı folklorumuz uğunur. Tez-tez eşidərdiniz ki,
bu Müəllim həmin o “yek universitet”in tarixində
ayrıca “dövr” hesab edilən beş
Kişidən biridir. Həmin “dövr”lər müxtəsərcə
təsnifatlandırılmışdı da: “Hər dəfə
auditoriyaya antik ədəbiyyatdan apardığı mühazirələrə
uyğun kostyum geyib gələn Əli Sultanlı”, “Elitar
professor, eleqant patriot Mir Cəlal”, “Canlı ensiklopediya Əli
Fəhmi”, “Ədəbi cəfakeşşünaslıq Fərhadı
Abbas Zamanov”, “Milləti-zillətçi Bəxtiyar Vahabzadə”...
Onlar ayrı-ayrılıqda da təsnifatlandırılırdı.
Tələbələrin
“Mir Cəlal”ı...
Bu obraz
bütün digər “zümrə”lərə mənsub Mir Cəlaldan
daha sehrli, daha şirin... Bu son ifadə bu an mənə, rəhmətliyin
“qadın və daş-qaş” motivli söhbəti zamanı
özünəməxsus təbəssümlə nəzərlərini
tavana zilləyib, auditoriyaya verdiyi bir sualı xatırlatdı:
“Sizcə, hamınızın bildiyiniz bəlli situasiyada
çox ayıq-çevik bir at olan Şəbdiz Şirinin
altında nə üçün büdrəyir?” Bu ustad
Müəllim tələbələrindən səs
çıxmadığını görüb, bir öyrətmən
məsuliyyətilə duyğulansa da, ovqat saçan bir təbəssümlə:
“Yaxşı, deyək ki, qızlar öz həmcinslərinin
zir-zinət aşiqliyini faş etmək istəmir, bəs
oğlanlar niyə susur? - deyib, xüsusi bir diqqət-riqqət
ab-havası yaradaraq, öz sualını özü
cavablandırdı: - Şirinin üst-başındakı
qır-qızılın ağırlığından!..”
Hər
yeni kurs tələbələri onun özündən öncə
sözü-söhbətilə tanış
olardı. Müəllimləri “qorxulu”-“qorxusuz”
təqsimatına bölən yuxarı kurs tələbələri
bu müəllimdən danışanda bütün
gör-görkəmlərilə “əla” əhvalına
düşərdilər. Xatirələr söylərdilər:
“...Dərslərin birində dedim, Mir Cəlal müəllim,
niyə yalnız “atalar sözü”, bəs analar heç nə
deməyib? Bu pirsifət kişi, öz ipək
təbəssümüylə məni söyləyəcəyi
mürəkkəb məntiqə hazırlayandan sonra, nə desə
yaxşıdır? “Həmin atalar o anaların sözü
deyilmi, oğul?”. “...Bir kərə onunla
İçərişəhərdə rastlaşan bizim
“Tutuquşu Qasım” çox “dağ-aran” sözlərindən
sonra qayıdasan ki, Mir Cəlal müəllim, mən Sizin bəzi
əsərlərinizi azı beş dəfə oxumuşam! Bu
həmişətəbəssüm Müəllim isə bu dəfə
belə bir “dodaqaltı”lıq eləyir: “Həə, Mir Cəlalı
beş dəfə?.. Bəs Mirzə Cəlili?
Susursan... Deməli, “heş” dəfə... Neyləyəsən,
oğul, universitet müəllimini beş dəfə
oxuyan tələbə millət müəllimini “heş” dəfə
oxuyar, dəə...”
Bizim kursun da ona sevgisi bu kimi söhbətlərdən -
“qiyabilik”lərdən başladı. Üçüncü
kursda isə hər şey əyaniləşdi. Yuxarı kursçuların “hesab edin ki, siz yalnız
Azərbaycan Dövlət Universitetinə deyil, həm də
canlı Mir Cəlal universitetinə daxil olmusuz” kimi, ilk
eşidimdə ədalı gələn məntiqlərini
yavaş-yavaş anlamağa başladıq. Gənc
müəllimlərin Stalin və Brejnevə rəğmən
işlətdiyi “papalıq qayğısı” atmacaları ilə
uzun illər kafedra müdiri işləyən bu pilə müəllimi
səciyyələdikləri “atalıq qayğısı” kimi
anti-omonim bəhslərinə də yiyələndik. Əsərlərində
çox da toxuna bilmədiyi mövcud siyasi rejimin “iç
üz”lərini “çöl üz”lərdə - ötəri
dəhliz və pilləkən söhbətlərimizdə, sərgi
salonları və teatr foyelərindəki
rastlaşmalarımızda, yönü Mərkəzi Komitəyə
dəfn edilmiş milli qibləlilərimizi ziyarət
üçün hərdən birgə getdiyimiz Fəxri
xiyabanda (bəzən də lap auditoriyada!) söyləməsinin
fərqinə vardıq. Bu söyləmələrin biri də,
o vaxtlar özünə minik maşını alan sovet müəllimlərinin
“antipod” adıyla damğalanma təhlükəsilə
bağlı idi ki, bu yupyumşaq kafedra müdiri işə
gecikən gənc müəllimlərin üstünə bir kərə
də belə “təpinibmiş”: “Əşi,
tramvay-trolleybuslarda boş-boş vaxt itirincə, gedin
özünüzə maşın alın, də!..”
Özü
xüsusi bir “dövr” olmuş bu sənətkar və -
O
dövr...
“Katib” termini “kitab” ifadəsindən çox-çox irəli
tutulan o siyasi dövrdə Mir Cəlal kimilərinin
sözü, fikir-zikir, mür-münasibət, yumor-aura aləmləri
ictimai-xəlqi bir mayak timsalında idi. Qapalı evlərdən
belə yoxalmaqda olan ağır-ağsaqqallıq keyfiyyətləri
ayrı-ayrı elələrinin şəxsində
toparlanıb təmərküzləşir, ümummilli
şifahi-səyyari institut rolu oynayırdı. Uzaq-ucqar
ünvanlarımızdan sırf sovet şagirdləri kimi gəlib
ali məktəblərə düşə
bilənlər elələrinin simasında özgə aləmlərə,
bəzən millət-millətçilik eşqinə də
düşürdülər. Təhsil aldıqları
institutlarda “Sov.İKP-yə eşq olsun!”, “proletariatın dahi
rəhbəri” dərslərindən bezənlərin (ADU-nun
filologiya, jurnalistika fakültələri tələbələrilə
ötəri təmaslardan “nəsə” sezənlərin) bir
çoxu bizim auditoriyalara gələr, bu qəbil müəllimlərin
mühazirələrinə, milli mədəniyyət,
böyük sənətlə bağrı-badaş söhbətlərini
doymazlıqla dinlərdilər. Mir Cəlal
müəllimin bu format-dərslərindən birini, şərti
olaraq “natürmort dərsi” kimi yazmışdıq
yaddaşımıza. Bu “dərs”in səbəbkarı
həmin o “yerimizi dar eləyən gəlmə tələbələr”dən
biri idi. Yazı lövhəsinin yuxarısındakı
gözəl alma-armud, gilas-gilənar təsvirli şəklə
baxıb: “Mir Cəlal müəllim, şəkilçəkənləri
cansız təbiətin cansız yamsılayıcıları
da adlandırmaq olarmı?” deyən o naməlum tələbə
bu məlum və məşhur Müəllimdə o anadək təsadüf
etmədiyimiz qəribə bir reaksiyaya səbəb oldu. Bu
“filosofsayağı” sualın cavabına yığcam bir
“giriş”lə başlayan Müəllim sözügedən sənət
sahiblərinin - hər xalqın öz dilində “yamsılayan”
yox, məhz “rəssam” adlandırıldığını
vurğulayıb, sözünü belə
yekunlaşdırdı: “Nəhayət, oğul bala, sənin bu
“böyük sual”ınla bağlı, balaca uşaqların
praktik qiymətləndirməsi kimi də ifadə edə biləcəyimiz
“cavab”ını xatırlatmaq istərdim. Fikir vermisizmi,
analarının yalvar-yaxarıyla belə meyvədən imtina
edən tərs uşaqlar, bəzən bu sayaq unikal şəkillərə
baxarkən “ana, ondan mənə!” deyirlər”...
Onun
yaradıcılıq dəryasından -
Ləpələr...
“Ləpələr” yazıb... duruxdum. Bu bir məsuliyyət! Axı, bu unikal-universal yaradıcılıq dəryasını
bir qəzet səhifəsində necə ləpələndirməli?
Deməli,
damlalar...
O bizə
- üzünü görmədiyimiz və çoxusunun
söhbət-sözünü elə onun öz dilindən
eşitdiyimiz azman klassiklərimizi də
xatırladırdı. Əksərini bədii,
bir qismini elmi əsərləri, təkəmseyrək ictimai
xadimləri isə, öz şəxsiyyət səciyyələrilə.
Özümüzü onun “Ədəbiyyatşünaslığın
əsasları” kitabında tərifini verdiyi “tip”ə bənzətməyə
çalışardıq. “İctimai həyat və
inkişafın bütün tələblərinə cavab verən...”
o “tip” biz tələbələr qarşısında - bu “tərif”in
müəllifinə bənzəmək kimi aşkar istəklərdən
tutmuş, onun bəzən ah-qəhərlə
danışdığı fədakar sənət-siyasət nəhənglərimizin
yolunu davam etdirmək arzu-tələbləri qoyurdu. Hərdən
gözümüzə elə “surətxəyal” təsir-təfsirdə
görünərdi ki, elə bilərdik, bax-bax bu an o, otuz iki
yaşında müdafiə etdiyi namizədlik
dissertasiyasını - “Füzulinin poetikası”nı nəzmə
çəkir, sonralar yazdığı “Füzuli sənətkarlığı”
monoqrafiyasını xəyalında poemalaşdırır!
Onun elmi yaradıcılığından söz düşəndə,
sözünün sanbalına tam inandığımız
adlı-sanlı müəllimlər belə ciddi görkəm
alar, “Klassik irs və müasirləri”, “Azərbaycanda ədəbi
məktəblər”, “Cəlil Məmmədquluzadə realizmi
haqqında” kimi tədqiqatlarını fundamental vəsaitlər
kimi dəyərləndirərdilər.
Bu
böyük ədibin ədəbi-bədii yaradıcılığı
isə serial səhifələr mövzusu! “Dirilən adam”da elə sənətanə səhnələr
var ki, həyatanə oxşarlarının kölgəsinə
dayanmaz! “Kəmtərovlar ailəsi”ni dərindən
oxuyub-anlayanlar arasında bu hekayəni “mənəvi cərrah
bıçağı” adlandıranlar olub. Hələ onun zərb-məsələ
çevrilmiş “itə ataram, yada satmaram” postulatı!
...Və
“Bir gəncin manifesti”! Belə nidalanıb-həyəcanlanmağımın
səbəbi tək elə bu əsərin bədii-sənətkarlıq
siqlətilə yox, həm də müəllifin
özünün də iştirak etdiyi bir xatiratla
bağlıdır. Bir gün tələbə
qızlardan biri təkrarsız bir ədəb-ərkan və
incə-mincəliklə əl qaldırıb: “Mir Cəlal
müəllim, bilirsinizmi, mən Sizin “Bir gəncin manifesti”
romanınızı digər əsərlərinizdən daha
çox sevirəm! Bilmirəm niyə...” - dedi. Və o boyda
Mir Cəlal müəllim də özünü bu tər-təmiz
gənc sadəlövhlüyünə
“uyğunlaşdırıb”, dedi: “Yəqin ona görə ki,
qızım, mən o əsəri gənc yaşlarımda -
darısqal bir otaqda, başım üstdəki şəritdən
qələmim altındakı vərəqlərə
damcılar dama-dama yazmışam...”
...Və
direktiv bir sonluq
Belə ki, bu yarımbaşlıq altında bu
bütöv Obraz-Kişinin rəsmi tərcümeyi-halından
bəhs ediləcək. Yəni, böyük milli şəxsiyyətlərin
harada, nə vaxt doğulmasının, həyatda necə
yaşayıb, sənətə necə gəlməsinin əsas
məsələyə o dərəcədə dəxli yoxdur,
axı...
Amma, hər halda, taleyin yazdıqlarına da toxunmaq gərək.
Mir Cəlal Paşayev 1908-ci ildə Güneyimizdə -
Ərdəbil yaxınlığındakı Əndəbil kəndində
doğulub. Kiçik yaşlarında Gəncəyə
köçüblər. On yaşında
ikən burada iki olayla üzləşib; Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması və atasının dünyadəyişimi.
Böyük qardaşının himayəsində
yaşamalı olan Mir Cəlal xeyriyyə cəmiyyətinin
köməyilə ibtidai təhsil alır. Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə
daxil olur, öz fəhm və istedadı sayəsində tələbə
təşkilatının, sonralar şəhər tələbə
həmkarlar təşkilatının sədri seçilir.
Kazan Şərq Pedaqoji İnstitutunu, Azərbaycan
Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasını
bitirir, müəllim işləyir. Sonra “Kommunist” qəzetində
şöbə müdiri, “Gənc işçi”də məsul
katib, Elmlər Akademiyasında elmi işçi, ADU-da dosent,
professor, 1961-ci ildən ömrünün sonunadək kafedra
müdiri...
Neçə-neçə
mötəbər səfərlərin hörmət-izzətli
iştirakçısı, orden-medallar təltifatçısı,
yüksək adlar-mükafatlar laureatı olan böyük ədibimiz
1978-ci il sentyabrın 28-də vəfat
edib...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 27
aprel.- S. 13.