Türk xalqlarının etnik-mədəni sisteminə yanaşmada yeni mərhələ

 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan tədbir keçirildi

 

Aprelin 26-da Azərbaycan İstiqlal Muzeyində I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş tədbir keçirildi.

Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli çıxış edərək tədbirin Türkoloji Qurultayın 90 illiyi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamına əsasən təşkil olunduğunu bildirdi. Qeyd etdi ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən qurultay Azərbaycan xalqının mədəni həyatında mühüm iz qoyub. Qurultayda Türkiyə, Macarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyətləri iştirak edib, ədəbiyyat, tarix, folklor, etnoqrafiyabaşqa məsələlər ətraflı şəkildə türkoloji baxışın tərkib hissəsi kimi müzakirəyə çıxarılıb. Eyni zamanda türk xalqlarının inkişafında əhəmiyyətli rol oynayan bir sıra qərarlar qəbul olunub.

Bakı Dövlət Universitetinin (BDU) mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru Anar İsgəndərov qurultayda türk xalqlarının tarixinin öyrənilməsinə xüsusi yer ayrıldığını dedi. Bildirdi ki, qurultayda akademik V.V.Bartoldun məruzəsi əsasında qətnamə qəbul edilib. Qətnamədə qeyd olunurdu ki, türk xalqlarının yazılı abidələrinə ciddi şəkildə fikir verilməlidir. Yazılı abidələrin siyahısı tutulmalı və qorunmalıdır. Həmçinin qeyd olunurdu ki, Ermənistan ərazisində Azərbaycan türklərinə aid yazılı abidələr məhv edilir, Cücəkənd, Nüvədi yazılı abidələri dağıdılır. Türk xalqlarının tarixinin öyrənilməsi ilə bağlı qəbul olunmuş qətnamədə monoqrafik tədqiqatların artırılmasının vacibliyi vurğulanıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova türk xalqları tərəfindən dilin inkişafına təkan verən əhəmiyyətli addımların atılmasından danışdı. Bildirdi ki, böyük türkoloqlar, dilçilər, dil təəssübkeşləri belə hərəkatların başında durublar. Sevindirici hal odur ki, bu gün dövlətimiz bu istiqamətdə, xüsusilə də müasir Azərbaycan türkcəsinin inkişaf etdirilməsi, onun qloballaşma dövründə dayanıqlığının təmin edilməsi yönündə gördüyü işlərdə o alimlərin miras qoyduğu ənənələrə, fundamental elmi əsərlərə istinad edir.

Tədbirdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dillər Universitetinin tələbələri iştirak edirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 11.