Tolerantlığın Azərbaycan modeli bizim üçün yaxşı nümunədir”

 

"Hər bir hökumət mədəniyyətlərarası dialoqun geniş təbliğ olunmasının qarşısını alan problemləri araşdırmalıdır. Biz BMT-nin Sivilizasiyalar Alyansının məqsədlərinin milli səviyyədə geniş yayılması üçün yollar axtarmalıyıq. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasına bariz nümunədir".

Bu fikirlər Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumununİnklüziv cəmiyyətlərdə birgəyaşayış: Dinlərarası perspektivlə bağlı məqsəd və çağırışlar” mövzusunda əməkdaşlıq toplantısında səsləndirilib.

Hər bir hökumətin innovasiyalara açıq olmasının əhəmiyyətinə toxunan Bruneyin Gənclər Şurasının nümayəndəsi Xeyrənisa Aşhari texnologiyanın inkişafın yollarını diktə etdiyini bildirib.

Toplantıda çıxış edən gənc natiqlər vətəndaş cəmiyyətlərinin mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üçün fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıblar. Bildirilib ki, özəl sektor gənclərin təhsilinə maliyyə yardımının ayrılması üçün səyləri artırmalıdır. Gənclərin təhsili, biliklərə yiyələnmələri indi həmişəkindən daha önəmlidir. Müasir dünyada dinlərarası fərq aradan qaldırılmalıdır.

Malayziyanın müsəlman cəmiyyətinin ölkə üzrə direktoru Aizat Şəmsəddin gəncləri dini münaqişələrin aradan qaldırılması üçün yolları araşdırmağa çağıraraq deyib: “Biz insanlara tolerantlığı, bərabərliyi, dini dözümlülüyü aşılamalıyıq. Gənclər dinlərarası dialoqa fəal cəlb olunmalıdır. Müxtəlif xalqlardan olan nümayəndələr fikirlərini paylaşmaqla həll yolunu tapa bilərlər. Bunun üçün yaxşı nümunə var. Bu, Azərbaycanın tolerantlıq modelidir”.

Digər çıxış edənlər BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Azərbaycanın ev sahibliyini yüksək dəyərləndirib, ölkələrinə qayıdarkən müzakirə olunan məsələlərin və qeyd etdikləri əsas fikirlərin onların gələcək işlərinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 8.