Sovet kinosunun Bricit Bardosu...
Böyük yaradıcılıq
uğurlarına baxmayaraq, şəxsi həyatında
uğursuzluqlar və faciələr ömrünün sonlarında onu
həyata küsdürüb. Söhbət
“Üç üstəgəl iki” və “İvan Vasilyeviç peşəsini dəyişir”
filmlərində məşhur rolların gözəl
ifaçısı, Rusiyanın Əməkdar artisti
Natalya Kustinskayadan gedir.
O, 1938-ci il aprelin
5-də Moskvada doğulub.
Atası və anası estrada
artistləri olub, valideynləri onu həmişə özləri
ilə konsertlərinə
aparıblar. Yaradıcı atmosferdə böyüyən
Natalya musiqi məktəbinin
fortepiano sinfində oxuyub.
Lakin kino aləmi onu daha çox
cəlb edib. Məktəbi bitirən kimi
sənədlərini Ümumrusiya
Dövlət Kinematoqrafiya
Universitetinə verir və həm gözəlliyi, həm də istedadı sayəsində qəbul olur.
Birinci kursda oxuyanda rejissor Qriqori Roşalın “Tutqun səhər” filmində Marusya roluna çəkilir. Bundan sonra
bir çox rejissorlar tərəfindən
ona təkliflər gəlməyə başlayır.
Ona evlilik təklifi edənlər də az
deyildi. Məşhur “Qızlar” filminin
rejissoru Yuri Çulyukin
Natalyanı görən
kimi ilk baxışdan
ona vurulur və ertəsi gün ona evlənmək
təklifi edir. Onlar 1957-ci ildə ailə həyatı qururlar.
Tanınmış rejissorla evlilik
onun həyatında kino dünyasına açılacaq yol kimi görünür.
Lakin heç də hər şey göründüyü kimi
olmur.
1960-cı ildə aktrisa
“Güclü qasırğa”
filmində Katya Belyayeva, 1962-ci ildə isə “Toydan sonra” filmində Tonya Malyutina rollarına çəkilir. 1963-cü ildə isə “Üç üstəgəl
iki” filmində əsas rollardan birini (kinoaktrisa) oynayır. Bu film onu məşhurlaşdırır.
Hətta
Natalyanın şəklini
görən fransızlar
onu “Sovet kinosunun Bricit Bardosu” adlandırırlar.
Natalya isə belə gözəlliyi ilə həyat yoldaşı Y.Çulyukinin
cəmi bir filmində rol alır. Bu, 1966-cı ildə “Kral reqatası” filmində stüardessa Alyona rolu olur. Y.Çulyukin qısqanc olduğundan
Natalyanı öz filmlərinə çəkmir
və aktrisaya təklif olunan rolların bir çoxuna çəkilməsinə
də icazə vermir. Nəticədə cütlük 1966-cı ildə ayrılır.
1968-ci ildə aktrisa
SSRİ Xarici Ticarət
Nazirliyinin əməkdaşı
Oleq Volkovla ailə həyatı qurur. 1970-ci ildə bir oğulları dünyaya gəlir. Lakin bu nikah
da cəmi iki il sürür. 1970-ci ildə Natalya Sovet İttifaqı Qəhrəmanı,
polkovnik Boris Yeqorovla ailə həyatı qurur. Onların evliliyi 19 il
davam edir. Bundan sonra aktrisa daha
üç dəfə
ailə həyatı qurur, amma heç
birində arzuladığı
xoşbəxtliyi tapmır.
Necə deyərlər, gözəllik
heç də həmişə xoşbəxtlik
gətirmir.
1973-cü ildə aktrisa
Leonid Qaydayın “İvan
Vasilyeviç peşəsini
dəyişir” filmində
Sarışın qız
roluna çəkilir. Epizodik rol
olsa da, effektli oyunu ilə yadda qalır.
Aktrisanın oğlu Dmitri 13 yaşında
“Müqəvva” filmində
(1983) Dima Somov roluna çəkilsə də, aktyorluq peşəsini seçmir. Moskva Dövlət
Beynəlxalq Münasibətlər
İnstitutunun iqtisadiyyat
fakültəsində təhsil
alır. Evlənir, dünyaya
gələn övladı
erkən vəfat edir. 2002-ci ildə
isə özü də ürək çatışmazlığından dünyasını dəyişir.
Şəxsi həyatında uğursuzluqlar
zolağından çıxa
bilməyən Natalya Kustinskayaya
həm nəvəsinin,
həm də oğlunun ölümü
çox pis təsir edir və o, xəstələnir. Bu ağır günlərində
məşhur aktrisa
Natalya Varley və məşhur müğənni
Kristina Orbakayte ona dəstək olurlar.
O, ömrünün son illərində
tək yaşayır,
heç bir filmə çəkilmir, təqaüdlə dolanır.
2012-ci il dekabrın 10-da insult keçirir
və üç gün sonra dünyasını dəyişir.
Səbinə Əlibalaqızı
Mədəniyyət.- 2016.- 29
aprel.- S. 15.