Xalça - milli təfəkkür
tərzimiz
Xalça Oğuz-türk ellərinin həyat
tərzinin ayrılmaz hissəsi, tətbiqi sənət növünün zirvəsi, xalqın etik qaydalarının, estetik
baxışlarının, yurda, torpağa, vətənə məhəbbət
hisslərinin daşıyıcısıdır. Xalça milli kimliyimizdir. Onda xalqın, tayfanın, nəslin, ailənin tarixi, yaşam tərzi
kodlaşdırılmışdır. Nəsillərdən bizə
ərməğan olan bu
əvəzedilməz irsi qiymətli sərvət
kimi qoruyub
saxlamalı, orada yazılan milli-mənəvi
dəyərlərə sayğı ilə
yanaşmalıyıq. Xalça eksperti Mark Dans
deyir: “Hər bir Azərbaycan
xalçası nadir incəsənət
nümunəsidir. Sanki xalçaların
üzərindəki simvollar, elementlər
sənə öz hekayətlərini
söyləyirlər”.
Köçəri həyatdan oturaq həyat tərzinə keçən babalarımız, nənələrimiz tarixi ilmə-ilmə xalçalara həkk etdi, məişətini, məşğuliyyətini, tarixini xalçalarda yaşatdı. Bunu 2500 il əvvələ aid edilən qədim Hun türklərinin, Oğuz ellərinin, ulu babalarının yaşadıqları Dağlıq Altaydakı Pazırık kurqanlarının birindən buzlaşmış halda tapılan, hazırda Sankt-Peterburqdakı Ermitaj Muzeyində nadir sərvət kimi saxlanılan xovlu xalça əyani sübut edir. Pazırık xalçası bitkin süjetli mükəmməl sənət nümunəsidir. Həmin xalçanın üzərində 24 ağac şəkli təsvir olunmuşdur. Bu da türklərin 24 boyunu - şəcərəsini əks etdirirdi. İnsan ana təbiətin ən ağıllı, yaradıcı balasıdır. Ona görə də insan bütün həyatı boyu ana təbiətdən öyrənir. Eramızdan əvvəl 460-370-ci illərdə yaşamış yunan filosofu Demokritin dediyi kimi, biz toxuculuqda hörümçəklərin, ev tikməkdə qaranquşların, oxumaqda bülbüllərin şagirdləriyik. Elə toxuma texnikasının ilk “etalon”u kimi əcdadlarımız hörümçək torunu əsas götürmüşdülər. Azərbaycan poeziyasının dahilərindən Səməd Vurğunun çox qiymətli fikri var: “Üzərində tarixi qeyd, nəql və təsvir olan hər bir qədim daş vaxtı ilə yaşayıb-yaradan insanın donmuş ürəyidir, o, insan tarixinin odu və alovu içərisindən keçərək gözəl torpağımızı və tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır. Elə bir zəmin ki, onun üzərində biz hamımız doğulmuşuq, yaşayırıq, gələcək nəsillərin simasında həmin mədəniyyətin ən qabaqcıl ənənələrini yeni tarixi şəraitdə inkişaf etdirərək yaşayacağıq”. Buradakı “daş” sözü bütün mədəniyyət və incəsənət nümunələrimizə aid edilə bilər. Həmçinin xalçalara da. Əcdadlarımızın zəngin təxəyyülünün məhsulu olan xalçalar da nəsillərdən nəsillərə ötürülən ilmələrlə yazılmış mirasdır.
“Xalçanın öz dili var. O, yazıdır, əlifbadır, tarixdir. Azərbaycan xalçasının hər naxışının kökü, yolu bizə məlumdur” (Sabir Rüstəmxanlı).
Xalçanın dili çoxmənalı və zəngindir. Hər kəs onu dərk etdiyi kimi oxuyur. “Kim xalçanı oxuya bilsə, harada, hansı şəraitdə olursa olsun, izahları ilə, xalçanı oxumağı ilə ətrafdakıları valeh edə bilər. Xalça və onun naxışları insanın gen yaddaşıdır” (Şakir Qabıssanlı).
Ş.Qabıssanlı əsl pedaqoq kimi məsləhət görür ki, xalçaların əlifbasını, dilini bilmək, onu oxumaq üçün mifologiyaya, folklora, muğamlara və onların mahiyyətinə, xalq mahnılarının müdriklikdən doğulan kodlarına, bayatılara, Qobustan qayaüstü rəsmlərinin fəlsəfəsinə, xalça işarələrinə, nəhayət, gen yaddaşımıza vaqif olmaq lazımdır.
Doğrudan da, xalçanın dili varmı? O, hansı
dildə danışır?
Bizə nə demək istəyir? Bəli, xalçanın dili var. Bu dil ana dilimiz kimi
zəngin və çox şirindir. Xalça onu anlayanla, öyüdünə və
nəsihətinə əməl
edənlə, onu doğması kimi əzizləyənlə, tumarlayanla
şirin-şirin, mehriban-mehriban
söhbət edir.
Ona çox gizli mətləbləri anladır.
Ornament xalçanın dili, ayrı-ayrı bəzək
elementləri, rənglər,
rəmzlər isə bu dilin hərfləri,
əlifbasıdır. Böyük xalçaçı
rəssam Lətif Kərimov Azərbaycan xalçalarında 1300-dən çox
naxış elementinin
təhlilini vermişdir.
Bu naxış elementlərinin hər birinin xalça üzərində öz yeri, işlədilmə məqamı var. Ornament xalqımızın
etnogenezinin qədim əsasını qoruyub saxlayan qiymətli tarixdir, milli mədəniyyətin fenomenidir.
Ornamentlərin texniki üsulları,
rəng çalarları,
naxışların adları
xalqın yaranmasının,
tarixi keçmişinin,
zamanın müxtəlif
dövrlərindəki etnik
proseslərin təsviridir.
Xalçalardakı ornamentlərin hər birinin öz məna yükü, informasiya ötürmə
üsulu var. Xalçalarımızda
tez-tez rast gəlinən Günəş
türk xalqlarının
atasıdır. Oğuz xan (eramızdan 2800 il əvvəl
yaşamış olduğu
güman edilir) oğluna Günxan adı qoymuşdu, yakutlarda uşağa adı Günəş göndərirdi. Ağac tayfanın, nəslin
kimliyinə işarə
idi, şəcərə-nəsil
ağacı mənasını
daşıyırdı, müqəddəs
sayılırdı. Qövs yeri,
göyü, əkiz qardaşlığı bildirirdi.
At göylərdən - Günəşdən yerə
enmişdi, insanın dostu, sadiq köməkçisi,
qəhrəmanın silahdaşı
idi. Öküz dünyanın yaranışına,
keçi yazın gəlişinə, qoç
igidliyə, qurd dönməzliyə, əjdaha
bolluğa işarə
idi. Buta müqəddəs odun, alovun, həyatın,
sevginin, ailə münasibətlərinin, vüsala
yetmənin, xaç Günəşin, həm də yerin, göyün, insanın və o dünyanın rəmzi sayılırdı.
Turan ellərinin igid oğulları türklərin
24 boyunun hər birinin öz damğası-tanınma nişanı
olmuşdur ki, bu da xalçalarda
öz əksini tapmışdır. Xalçalarımızda rəng simvolikası da cox maraqlıdır.
Qırmızı həyatı,
göy səmanı və suyu, ağ həqiqəti və müdrikliyi, sarı kamilliyi, yaşıl cavanlığı
və baharı simvolizə edir. Vurduğu ilmə ilə, toxuduğu xalça ilə qızların, gəlinlərin, nənələrin
zövqünü, səliqə-sahmanını,
ovqatını, xeyirxahlığını,
mərhəmətini təyin
etmək olardı.
Xalq inanclarına görə xalçanı cırmaq, tullamaq olmazdı, o, evdə öz “əcəl”i ilə dünyasını dəyişməli
idi. “Xalçam
harada, yurdum orada” deyib babalarımız.
Xalça torpaq, yurd kimi əziz və toxunulmaz idi.
Milli xüsusiyyətlərlə
iqlim, torpaq-bitki örtüyü arasında
sıx əlaqə çoxdan məlumdur. Ana təbiət həmişə
xalqın mənəvi
aləminin, təcrübəsinin,
mentalitetinin, müqəddəratının
formalaşmasında başlıca
vasitə olmuşdur.
Torpaq milli mənəvi ruhun daşıyıcısı
və qoruyucusudur.
Odlar diyarının xalçalarımız
kimi rəngbərəng
təbiəti əsl cənnət bağıdır
- geniş düzənlikləri,
zümrüd meşələri,
bərəkətli çölləri,
yaşıl dərələri,
mavigözlü gölləri,
çayları, büllur
bulaqları, saf havası və xeyirxah insanları ilə. Hansısa bir müdrikin
sözləri ilə desək, Azərbaycan Tanrının qüdrəti
ilə yaradılmış
bənzərsiz, nəfis
bir xalçanı xatırladır. Lətif Kərimov
xalça ornamentlərinin
dili ilə Azərbaycanın xalça
xəritəsini yaradan
məşhur xalçaçı
və müdrik insan kimi tarixə
düşmüşdür. Ən azı Azərbaycan təbiəti və Azərbaycan xalçasının
ömrü qədər
yaşayacaqdır, xatırlanacaqdır.
Xəritə deyəndə Azərbaycan
nağıllarından bir
örnək yadıma
düşdü. S.Rüstəmxanlının
çox dəyərli
“Ömür kitabı”ndan
oxumuşam: “Əsir düşmüş qız
sevgilisinə özünü
nişan vermək, şəhərin hansı
tərəfinə, hansı
zirzəmiyə atıldığını,
burdan xilas yollarının hamısını
xalçaya toxuyur. Sevgilisi də xalçanı görən kimi işin nə yerdə olduğunu başa düşür və “xalça xəritəsi” ona yol göstərir”. Xalça yol göstərəndir, himayəçidir, onu toxuyanın gizli sirlərinin kodlarını
əks etdirən müdriklərin yazdığı
kitabdır. Xalça nəhəng
və əzəmətli
əsərdir, muğamatdır,
simfoniyadır. Yeddi notun,
göy qurşağının-yeddi
rəngin birliyindən
yaranan sənətdir.
Xalça toxumaq isə
nəhəng və məzmunlu simfoniyanı ifa etməkdir. Hərəkətlərin həmahəngliyi sanki nizami ordunun
hərəkətlərini xatırladır.
Tarzən Ramiz Quliyev deyir: “Muğamat səslərdən
toxunmuş xalçadır”.
Tədqiqatçı Z.Həmidov məşhur
tarzənin fikrinə çox uğurlu əlavə edərək yazır ki, muğamat səslərdən
toxunmuş xalça,
xalçalar isə, ilmələrlə yazılmış
milli təfəkkür
tərzimiz və tariximizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı
məqsədyönlü siyasət
nəticəsində milli-mənəvi
dəyərlərin, mədəniyyətin,
incəsənətin, eləcə
də xalçaçılıq
sənətinin inkişafına
diqqət və qayğı günbəgün
artır. Azərbaycanın
qeyri-maddi mədəni
irs nümunələrinin
qorunmasında, beynəlxalq
aləmdə tanıdılmasında
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.
Ölkəmizin tarixini,
milli mənşəyini,
mədəniyyətini özündə
əks etdirən xalçaçılıq sənətinin
dünyanın qeyri-maddi
mədəni irsinin inciləri sırasına
- UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsi dünyanı heyrətləndirən, vətənimizi
şöhrətləndirən sənət növünün
yüksək dəyərləndirilməsinin
bariz nümunəsidir.
Eyzanat Osmanova
Azərbaycan Xalça Muzeyinin əməkdaşı
Mədəniyyət.- 2016.- 29
aprel.- S. 13.