Türk xalqlarının musiqi mədəniyyəti irsində səs fenomeni

 

Soydaşlarımız beynəlxalq simpoziumda iştirak ediblər

 

Xəbər verdiyimiz kimi, bu ay UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) nəzdində fəaliyyət göstərən “Türk dünyasının musiqisielmi tədqiqat qrupunun 10 yaşı tamam oldu. Qrupun yubileyi aprelin 21-23-də Qazaxıstanın Almatı şəhərində Qurmanğazı adına Milli Konservatoriya, ICTM, TÜRKSOY və Qazaxıstan Prezidenti Fondunun dəstəyilə 5-ci beynəlxalq simpozium çərçivəsində qeyd edilib.

Yubiley simpoziumu “Səsdən musiqi alətinə: türk xalqlarının ənənəvi musiqi mədəniyyətinin irsində səs fenomenimövzusuna həsr olunub. Tədbirdə dastan sənətində səsin və musiqi alətinin qarşılıqlı əlaqəsi, türk xalqlarının musiqi mədəniyyətində vokal, instrumental səslərin və nitqin əlaqəsi, xalq çalğı alətlərinin xüsusiyyətləri, eləcə də başqa mövzular araşdırılıb.

Ölkəmizi simpoziumda Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Sürəyya Ağayeva və Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, dosent Fəttah Xalıqzadə təmsil ediblər.

Orta əsr musiqi mədəniyyətinin tədqiqatçısı, musiqişünas-şərqşünas S.Ağayeva simpoziumda üç dəfə çıxış edib. O, simpoziumun açılış mərasimində qədim Qarabağdan, Şuşanın “Qafqazın konservatoriyası” adlandırılmasından, bu diyarın məşhur Azərbaycan bəstəkarların, musiqiçi və xanəndələrinin vətəni olmasından söz açıb. Alim Heydər Əliyev Fondu tərəfindən nəşr edilən “Qarabağ xanəndələri” CD albomunu ICTM-in vitse-prezidenti, “Türk dünyasının musiqisielmi tədqiqat qrupunun sədri professor Raziyə Sultanovaya təqdim edib.

MusiqişünasVokal, instrumental səslərinin və nitqin əlaqəsi” mövzusunda keçirilən sessiyaya sədrlik edib, başqa bir iclasda isə “Şərqin orta əsr ənənəvi vokal-instrumental musiqisinininstrumental muğamın xüsusiyyətləri” mövzusunda məruzə söyləyib. Məruzə Azərbaycan muğamlarından, o cümlədən “Qarabağ şikəstəsi” zərbi muğamından video-musiqili fraqmentlərlə müşayiət olunub.

Simpoziumda fəal iştirakına və uğurlu elmi fəaliyyətinə görə S.Ağayeva TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov tərəfindən fəxri fərman və ötən əsrin məşhur Türk-Xakas folklor alimi və ifaçısı S.Qadışevin adını daşıyan medalla təltif olunub. Digər soydaşımız Fəttah Xalıqzadə də fəxri fərmanla təltif edilib.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 29 aprel.- S. 12.