Maqomayevin oxuduğu səhnəyə çıxanda həyəcandan əsirdim”

 

Belarus vokalçı ilə səmimi söhbət

 

Vladimir Qromov. Belarus Respublikası Akademik Milli Böyük Opera Balet Teatrının solisti. Bariton. Beynəlxalq müsabiqə diplomantı, vokalçıların S.Monyuşko adına Milli Müsabiqəsinin laureatı. Yəqin ki, tanıdınız. Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının tamaşalarını davamlı izləyənlər onun səsinin gücünə , səhnə məlahətinə , aktyorluq qabiliyyətinə yaxşı bələddirlər.

 

- Vladimir, bayaq fikir verdim, bizim teatrın opera truppası sizi öz doğma adamı kimi qarşılayır...

- Elədir. Mən Bakıda özümü qərib hiss etmirəm. Dörd il olar ki, bu teatrın tamaşalarında ara-sıra çıxış edirəm. Kollektivlə dostlaşmışam. Yadımdadır, ilk dəfə C.Puççininin «Toska» operasında Skarpia partiyasını ifa etmək üçün gəlmişdim. Həyəcandan tir-tir əsirdim. Bircə onu düşünürdüm ki, mən kumirim Müslüm Maqomayevin rollar oynadığı teatrın səhnəsinə çıxıram. Maqomayev mənim üçün həmişə sənət pyedestalındadır. Bu teatrın divarları da onun səsini xatırlayır, Azərbaycanın operasevərləri isə sözsüz ki, hər bir bariton səsli vokalçını mütləq onunla müqayisə edirlər. Zəif çıxış etməyə haqqım yoxdur. Düzdür, indi daha əvvəlki tək olmasa da, yenə həyəcanlanıram. Əgər aktyor, vokalçı, ifaçı çıxışından qabaq zərrəcə həyəcan keçirmirsə, deməli, o, artıq sənət adamı deyil.

- Teatrda da hər şey göz qabağındadır, tamaşaçıdan heç nəyi gizlədə bilməzsən... - Məncə, kino ilə teatrın əsas fərqi elə budur. Kinoda biz operatorun çəkdiyindən rejissor ilə montajçının seçib bizə göstərdiyinə baxırıq. Amma teatrda salondakı hər kəsin diqqətini fərqli nəsə cəlb edə bilər. Biz həmişə kimin üçünsə iri planda, ön plandayıq. Məhz bu cəhət teatr tamaşasında oynayan hər kəsi gərginlikdə saxlayır.

- Sərbəstlik baxımından vokalçılara nisbətən dramatik aktyorların bəxti daha çox gətirib. Opera, operetta tamaşası oynayanın improvizə imkanları məhduddur.

- Operada sən musiqidən asılısan... Bütün improvizələrini, ifa etdiyin obrazın sarsıntılarını bəstəkar yazdığı, orkestrin ifa etdiyi musiqinin çərçivəsindən çıxmadan göstərməlisən. Üstəlik, səs canlı orqanizmdir. Tamaşanı bitirənədək əmin deyilsən ki, səsin bu gün sənin sözünə qədər baxacaq.

- Səs demişkən, vokal səslərin yaranması təbiətdən, iqlimdən asılıdır. Məsələn, bizdə soprano, tenor səsləri həm boldur, həm daha qulağayatımlı güclüdür. Amma bariton, bas, metso-soprano barədə bunu demək olmaz.

- Belarusda isə deyirlər ki, bizim iqlim şəraitimiz sərt olduğundan dramatik tenor yetişmir. İtalyan operalarında tenor səs partiyaları çoxdur. Xüsusilə, Puççini elə bil ki, baritonları sevməyib.

- ...

- Baxın, «Çio-Çio san»da Şarpless bütün tamaşa boyu səhnədədir, hətta dinləyici onun duetlərini ariya kimi qəbul edir. Amma konsertdə oxumaq istəsən, Şarplessin oxuduqlarını tamaşadan qopara bilməyəcəksən. Ya da ki, «Toska»dakı Skarpia. Vokal imkanlarını göstərmək baxımından çox gözəl oxuları var, ikinci pərdədə Toska ilə deyişməsi həm musiqi, həm dramatizm baxımından nəyə desən, dəyər! Amma yenə Skarpianın bütöv bir ariyası yoxdur ki, konsert proqramına daxil edəsən.

- Belə görürəm ki, səhnədəki münasibətə görə bütün baritonlar Rossininin ruhuna rəhmət oxumalıdır.

- Haqlısınız. Məsələn, elə «Sevilya bərbəri»ndəki Fiqaronu götürək. Tamaşanın lap əvvəlində kavatinanı oxuyur, sonra da yalnız reçitativi, yığcam duetləri var. Amma tamaşa başa çatandan sonra baş əyməyə çıxanda hamıdan çox Fiqaro alqışlanır.

- Mən sizi Skarpia, bir Fiqaro partiyalarında görmüşəm. Təsadüfən kinoya çəkilməmisiniz?

- Hardan bildiniz?

- Bilmirəm. Sadəcə, sizin üz cizgiləriniz, mimikadan məharətli istifadəniz məni belə fikirləşməyə vadar etdi ki, bu cür fakturalı vokalçı sırf aktyor kimi özünü sınaya bilər.

- Neçə il əvvəl «Səksənincilər» serialında kiçik bir rol oynamışdım. «Qəsd» serialında aktyorun, «Uşağımız olacaq» serialının müğənni baş qəhrəmanının mahnılarını mən səsləndirmişəm. Bir müddət əvvəl isə görkəmli müğənni Valentina Tolkunovaya həsr olunmuş «O başqa cür bacarmırdı» bədii filmində çəkildim. Özü rejissor məni sınaq çəkilişi etmədən rola təsdiqləmişdi. Deyilənə görə, pis oynamamışam.

- Bir neçə gündür ki, Bakıdasınız. Belə səfərləriniz çox olur?

- Bəli, teatrların arasında bağlanmış mübadilə müqaviləsinə əsasən qastrol tamaşalarında davamlı çıxış edirəm. Amma çalışıram ki, evdən uzun müddət aralı qalmayım. Kiçik oğlum dünyaya gələndə Minskdə deyildim - uzunmüddətli səfərdə idim. Təsəvvür edin, övladım dünyaya gəlib, hər gün az-az böyüyür, dəyişir, amma sən onu yalnız altı aylığında görürsən. O vaxtdan bəri hansısa təklif edəndə şərt kəsirəm ki, qısamüddətli olsun.

- Bildiyim qədər, musiqiçi ailəsindənsiniz...

- Bəli, anam uzun illər Belarus Filarmoniyasının solisti olub, kamera müğənnisidir. Atam isə klassik gitaraçı olsa da, ifaçılıqdan daha çox pedaqoji fəaliyyət ilə məşğul olur. Həyat yoldaşım Natalya pianoçu, Minsk Konservatoriyasının dosentidir. İki oğlumuz var: Makar, Fyodor. Makarın 13 yaşı var, musiqi məktəbində oxuyur. Deyəsən, musiqiyə marağı ciddidir. Fyodor isə hələ 3 yaşındadır.

- Bəzən sənət adamları övladlarının onların yolunu davam etdirməsini istəmirlər..

- Məncə, elələri seçdikləri sənət ilə öz daxili aləmində yola getməyənlərdir. Əgər uşağın qabiliyyəti varsa, nəyə görə sənət yolunu davam etdirməsin? Mən əvvəlcə musiqi texnikumunda klassik gitara sinfində təhsil almışam. Əsgərlikdən gələndən sonra, 21 yaşında bildik ki, mənim vokal səsim varmış. Yenidən texnikum, konservatoriya, magistratura, müsabiqələr... Yaxşı vokalçı olmaq üçün bəzən yeniyetməliyini, gəncliyini bu işə sərf etməlisən. Özünü zərərli vərdişlərdən, havanın dəyişkənliyindən qorumalısan. Əlbəttə, sənət çətin yoldur. Xüsusilə kişi üçün. O, seçdiyi sənət ilə çörək qazanıb ailə saxlamalıdır.

- Dediniz ki, xanımınız pianoçudur. Ailə duetiniz necə, varmı?

- Bəli, ildə bir dəfə xüsusi konsert proqramı hazırlayırıq. Natalya məni müşayiət edir. Əgər operanın solisti olmaq - mənim sevimli işimdirsə, kamera konserti - mənim hobbimdir. Həmin konsertdə oxuduqlarım yalnız mənim öz seçimimdir. Kənardan baxanda konsert opera tamaşasından asan görünür. Amma elə deyil. İki-üç saat davam edən tamaşada bir obrazı canlandırırsansa, konsertdə üç-dörd dəqiqəlik romans ilə obrazı çatdırmalısan. Bir konsertdə təxminən iyirmi dəfə yaxşı mənada cilddən cildə düşmək lazım gəlir. Sənətdən zövq almaq da elə budur! qədər çətinlik çəksən , alqışlar bütün əziyyətləri sənə unutdurur.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 29 aprel.- S. 11.